Ura!!! Yolumuz Azərbaycan-İran sərhədinə – Horadiz-Cəbrayıl-Xudafərin istiqamətinədir. Möhtəşəm tarixi Qələbəmizdən sonra işğaldan azad olunmuş bu unikal məkana getmək istəyim deyəsən reallaşırdı. Qusardan "Mersedes" markalı avtomobillə çıxanda qar yağmasa da, havada şaxta vardı. Yükümüz də ağır idi, havanın soyuqluğu da... Amma vaxt itirmədən irəli getmək lazım idi. Getdik də. Düz 474 km məsafə qət etdikdən sonra təxminən 7 saata gəlib çatdıq Füzuli rayonu ərazisində yerləşən Horadiz sərhəd dəstəsinə. Nəzərə alsaq ki, hava dumanlı və yağışlı idi, 7 saat yol qət etməyimiz təbii idi. Gecə ikən birbaşa Xudafərinə getmək istəsək də, hərbi nizam-intizama tabe olaraq səhəri gözləməli olduq. Gözləməli olduq deyəndə Horadiz səhərində səhəri dirigözlü açdım. Səhər saat 8.30-da "UAZ" markalı hərbi avtomobillə Xudafərin körpüsünə üz tutduq...
Çox həyəcanlıyam yolboyu. Zarafat deyil, əvvəllər olmadığım, heç vaxt görmədiyim Qarabağa, Cəbrayıl rayonuna və Xudafərinə gedirəm. İlk dayandığımız yer Cəbrayıl rayonunun girişi-yolayrıcı oldu. Bu yolun biri Hadrut-Xocavənd-Şuşaya gedən yoldur. Cəbrayılın rayon mərkəzi də bu yolun üstündə yerləşir. Bəli, bəli, Qarabağın incisi sayılan, məhz onun işğaldan azad edilməsi günü Zəfər Günümüz kimi elan edilən gözəl Şuşamıza gedən yolun üstündəyik. Hələlik gedə bilməsək də, ürəyimdə Şuşanı salamladım: Salam, Şuşam!
Yolumuza davam edirik. Cəbrayıl-Xudafərin-Zəngilan-Qubadlı yolundayıq. Xarabalığı xatırladan mənzərədən yolboyu adamın ürəyi sızıldayır. Xarabalıq sözü mənə orta məktəb illərindən ulu Nizaminin “Sirlər xəzinəsi”ndəki “Nuşirəvanla bayquşların söhbəti” hekayəsindən, sonralar Xirosima və Naqasaki şəhərlərinin fotokadrlarından tanış olsa da, indi əyani şəkildə, öz gözlərimlə qəlbimə acı xatirə kimi həkk edə-edə gedirəm...
Cəbrayılın Şükürbəyli qəsəbəsindəyik. Bələdçi hərbçilərimizin bildirdiyinə görə, torpaq işğalçıları burada məskən salıblar, yaşayıblar. Şükürbəyli Azərbaycana hücum üçün bu istiqamətdən ən yaxın müdafiə xətti olub. İrəliləmək niyyətləri də olub, amma cəsur igidlərimiz mənfurların arzusunu gözlərində qoyub. Nəinki irəliləyə bilməyiblər, hətta başları ilan başı kimi əzilib burada.
Növbəti dayanacağımız Soltanlı kəndidir. Məlumata görə, vətəni olmayan işğalçılar burada güclü istehkam qurublarmış. Fərz edirlərmiş ki, guya bu istehkamı sındırıb dəf etmək mümkün olmayacaq. Soltanlıda bir həftəyə yaxın çox qızğın döyüşlər gedib. Azərbaycanın Müzəffər Ordusu düşmənin başını yenə ilan başı kimi əzib, özlərini də istehkam qarışıq məhv edib. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin igidləri, ümumilikdə, bütün qoşun növləri Soltanlıda qətiyyətlə vuruşaraq, erməni yaraqlılarının torpaq arzusunu gözündə qoydular. Eşq olsun şanlı Azərbaycan əsgərinə!!!
Burada gedən qızğın döyüşləri Prezident İlham Əliyev noyabrın 23-də Ağdam məscidində çıxışı zamanı da xüsusilə qeyd edib: "Cəbrayıl rayonunun Soltanlı kəndində bir neçə gün şiddətli döyüşlər gedib. Orada elə bir istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər".
Bəli, cənab Ali Baş Komandanımızın söylədiyi kimi, erməniləşdirmək istəyirdilər Soltanlını da. Amma düşmənin bu xam xəyalı da haram tikə kimi boğazlarında qaldı. Başları əzilərək məhv edildilər və bu kənddə də torpağın əsl sahibinin Ordusunun sərt üzü ilə qarşılaşdılar. Xarabalığı xatırladan Soltanlıdan yenə də ürək ağrısı ilə ayrılaraq, yolumuza davam etməkdəyik. Necə deyərlər, yolçu yolda gərək.
Azərbaycan-İran sərhədi boyunca irəliləyərək nəhayət, çatdıq mənzil başına, əsl ünvana. Bu da məşhur, möhtəşəm, tarixin yadigarı, məğrur Xudafərin körpüsü!!! Çox gözəl, ömrümdə heç vaxt hiss etmədiyim duyğular yaşayıram. Azərbaycan memarlığının ən gözəl nümunəsi, Azərbaycanın ən unikal mədəniyyət abidəsi Xudafərin!!! Çox qürurluyam. Sanki Xudafərin öz məğrur duruşu ilə onu kənardan seyr edən hər bir azərbaycanlıya deyir: "Mən burada möhkəm dayanmışam. Siz də möhkəm olun!"
Oktyabrın 18-də Xudafərinin azad edilməsi barədə Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevə məruzə edəndə mən Qusarda elə bərkdən sevinclə qışqırmışdım ki, öz səsimə özüm diksinmişdim!
Bax, indi özüm burdayam. Arazın üstündə 27 ildir yad tapdaqlarından qürurunu itirməyib məğrur dayanan Xudafərin! 1027-ci ildə inşa edilmiş bu unikal sənət əsəri, tarixin yadigarı öz möhtəşəmliyini qoruyub saxlaya bilib. Azərbaycanla İran arasında dostluq rəmzi Xudafərin illər uzunu strateji, qardaşlıq ənənələrini yaşadıb və son 27 ildə də xain düşmənə baş əyməyib. Azərbaycan əsgərinin yolunu gözləyib. Və o gün gəlib çatıb. Azərbaycan əsgərinin bayraq sancdığı Xudafərində Prezident İlham Əliyev də möhtəşəm Azərbaycan bayrağını ucaltdı. Qürurlu görüntülərdir. Körpünün yerləşdiyi Qumlaq kəndinə baxanda isə viranə qalmış ev qalıqları görünür. Dəhşətli kadrlardır. Vandalizmin və vəhşiliyin bariz izləridir.
Bəli, indi bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Ayıq-sayıq dayanan sərhəd keşikçilərinin!!! Dövlət Sərhəd Xidmətinin zastavası Sovet dövründə sadələşdirilmiş keçid olan məntəqənin ərazisində yerləşib indi. Keçid məntəqəsinin binası da erməni şərəfsizləri tərəfindən darmadağın edilib. İstifadəyə tam yararsızdır. Bu səbəbdən hələlik çadırlarda yerləşən əsgərlərin əhval-ruhiyyəsi elə yüksəkdir ki, sözlə ifadə edə bilmirəm. Halal olsun hər birinə!
Yazımın əvvəlində yükümüzün ağır olduğunu bildirmişdim. Horadizdə "UAZ"a yüklədiyimiz yükü boşaltmağın məqamı gəldi. Əsgərlərlə görüşəndə Qubanın icra başçısı Ziyəddin Əliyevin alma sovqatını, Qusar Rayon Polis Şöbəsinin rəisi Ziya Əliyevin isə göndərdiyi ləzgi bacı-qardaşlarımızın xörək-çörəyini və yağlı lavaş payını onlara təqdim etdim. Adını çəkdiyim bu rəsmi şəxslər adlarını qeyd etməməyimi demişdilər. Deməyi lazım bildim, çünki hər kəsi öz adı ilə çağırmaq vaxtıdır.
Əslində dövlət öz əsgərinin təminatını tam və hərtərəfli edib. Adətən Azərbaycan-Rusiya sərhədinin ən ucqar dağ zastavasında gördüyüm əsgərin bol ərzaq təminatını eynilə burada da gördüm, heç nəyə ehtiyacı yoxdur əsgərin. Amma payın öz yeri var. Elimizin adəti var axı, pay paydır. Şimal sərhədlərindən fərqli olaraq müharibədən yenicə çıxmış bu zolaqda formalaşmış zastavada hələlik şəraitsizlikdir. Amma ermənilərin yerlə-yeksan etdikləri bu binada məskən salan Azərbaycan əsgəri çox nikbin və qürurludur. “Torpaqdan pay olmaz” deyən bu cəsur sərhədçi əsgərlər Vətəni namus və vicdanla, cani-dildən qoruyurlar. Sərt iqlim və relyef şəraitində yerləşən və Qələbədən sonra yaradılan zastavada qulluq etmək hər bir əsgərə xoşdur. Bunu söhbətimiz zamanı özləri dedilər, şəhidlərimizin ruhunu yad etdik, əsgərin hazırladığı ləzzətli yeməyin dadına baxdıq.
Və artıq geri qayıdırıq. Çox rahatam. Erməni vandallığını, viranə qoyulmuş əraziləri yerində görməyimiz ağır olsa da, indi qürurluyuq ki, burada Azərbaycan əsgəri keşik çəkir. 27 ildir yad, iyrənc sifətlər görən Azərbaycan torpağı indi əsl sahibinin addım səsini dinləyir. Bildiyimə görə, tezliklə sərt və həssas zonada yerləşən bu zastavada da yeni infrastruktur yaradılacaq. Burada müasir tələblərə cavab verən yeni zastavanın binasını görəcəyik. Nəinki burada, işğaldan azad edilmiş İranla və Ermənistanla bütün sərhəd zolaqlarında güclü yenilənmənin şahidi olacağıq. Dövlətimiz buna qadirdir və biz həmişə olduğu kimi, yenə də bunu canlı olaraq görəcəyik. Geri qayıdanda Xudafərin tunelinin yanında ayaq saxladıq. Sovet dövründə dəmiryol tuneli olmuş bu tarixi yeri ermənilər xoşbəxtlikdən dağıtmayıblar. Azərbaycan-İran sərhədinin Xudafərin körpüsünə gedən yeganə yolun üstündə yerləşdiyinə görə.
Xudafərin səfərində təhlükəsizlik tədbirlərinə çox diqqət yetirdik. Cəbrayıldan üzü Xudafərinə gedən yolda hərbçilərin qoyduğu məsafədən bir addım irəli ayaq basmadıq. Bunu bizdən təhlükəsizliyimizi qoruyan sərhədçilər də tələb edirdilər. Mən özüm də əsgər sözü vermişdim. Ərazilərin minalı olduğu diqqətimizə çatdırılmışdı. ANAMA-nın qadağan etdiyi səddi qəti keçmədim. Horadizdəki sərhədçilərlə sağollaşıb geri qayıdırıq. Yeri gəlmişkən, Horadizdə əslən Qusarın Bədişqala kəndindən olan gizir Xavər Sovziyevin xidməti mənzilində gecələdim. Ləzgi qonaqpərvərliyini bu gənc ailənin timsalında bir daha gördüm. Ümumilikdə 1210 km məsafə qət etdikdən sonra yenidən şimalda – Qusardayam. Təşəkkürlərim var. Yol yoldaşlarım Xudat Sərhəd Dəstəsinin giziri Amid Rzayevə və bu səfərdə də məni tək qoymayan – ANS televiziyasında işləyərkən operatorum olmuş Rəşad Ağaşirinova minnətdaram. Erməni vandalizmini yerində görməyim üçün yaradılan şəraitə görə sərhədçilərə, xüsusən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevədir. Hər bir Azərbaycan vətəndaşına, bizlərə 30 ildir gözlədiyimiz Qələbə sevincini şanlı Ordumuzun şücaəti sayəsində yaşatdığına görə, işğalda inləyən torpaqlarımızı özümüzə qaytardığına görə. Bu savaşda verdiyimiz hər bir şəhidin ruhuna, xatirəsinə isə sonsuz ehtiramım və hörmətim var. Onların qanı qarışmış bu torpaq və xalq şəhidlərimizi heç vaxt unudan deyil.
Aytəkin Alxaslı