UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyasında Ermənistan daimi nümayəndəliyinin növbəti təxribatına tutarlı cavab verilib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyası zamanı UNESCO-nun Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan, İran, Özbəkistan və Türkiyənin birgə irəli sürdüyü “Miniatür sənəti” nominasiyası ilə bağlı Ermənistanın UNESCO yanında daimi nümayəndəsi bu nominasiyaya qarşı çıxaraq komitəni siyasiləşdirməyə cəhd edib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev erməni tərəfinə tutarlı cavab verərək, miniatür sənətinin hələ XIII əsrdən Qarabağda mövcud olduğunu və Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qarabağlıların bütün çətinliklərə baxmayaraq, bu sənəti davam etdirdiklərini diqqətə çatdırıb. O, miniatür sənətinin Qarabağın ənənəvi sənəti olduğunu vurğulayaraq, Ermənistanın belə təxribatçı mövqeyini davam etdirməsinə təəssüfünü bildirərək deyib: “Təəssüf olsun ki, komitə yenidən Ermənistanın Azərbaycanın, eləcə də çoxtərəfli namizədlik hazırlamaq üçün səylərini birləşdirən iştirakçı ölkələrin daxili işlərinə qarışdığı və Komitəni siyasiləşdirməyə cəhd göstərməsi vəziyyəti ilə üzləşir.
“Miniatür sənəti” nominasiyası faylında Qarabağın adının hallanması ilə bağlı qeyd edək ki, Azərbaycan icmalarının və Bakı, Qarabağ, Şamaxı və Gəncə miniatür məktəblərinin nümayəndələri ölkəmizdə miniatür sənətinin 4 pilləsini təşkil edirlər.
Qarabağda miniatür sənəti XIII əsrdə inkişaf edib və həmin vaxtdan da Qarabağda və Azərbaycanın digər rayonlarında ənənəvi bədii ifadənin, divar rəssamlığının və sənətkarlığın inkişafında böyük rol oynayıb. 1990-cı illərin əvvəllərində Ermənistanın Qarabağ və onun ətrafında 7 rayonu işğal etməsi Qarabağ miniatür sənətkarlığının mövcudluğuna ciddi təsir edib. Bununla belə, Qarabağdan kənarda fərdi sənətkarlar, eləcə də işğal nəticəsində doğma yurdlarından qovulmuş məcburi köçkünlər tərəfindən bu sənət yaşadılıb və qorunub saxlanılıb. Qarabağ miniatür məktəbinin sənətkarları, eləcə də digər miniatür incəsənət nümayəndələri keçmişi və bu günü əks etdirən miniatürlər yaratmaqda davam edirlər. Qarabağ miniatür sənət məktəbi Azərbaycanda icma irsinin bir hissəsi kimi yaşayır və heç kimin bu icmadan onlara məxsus olan – dinlər və etnik qruplardan kənara çıxan yaradıcılıq və mədəniyyətlərini götürmək hüququ yoxdur.
Ümid edirik ki, sənətkarlar tezliklə Qarabağa, eləcə də yenicə azad olmuş Şuşaya qayıdacaqlar. Ermənistan hakim dairələri qonşu ölkələrə qarşı ərazi iddiası qaldırmaqdan və regionun xalqlarının parçalanmasına səbəb olan münaqişə törətməkdənsə, mədəniyyətlərarası dialoqun, sülhün və regionda icmalar və mədəniyyətlər arasında mehriban birgəyaşayışın dəstəklənməsi istiqamətində nə etmək lazım olduğu haqqında düşünəcəklər”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?