07 dekabr 2020 15:58
2812

Məcnun Məhəbbətin Leylası Laçın...

Bənzərsiz səsi ilə ifa etdiyi “Laçınım mənim” mahnısı  ilə təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının qəlbini riqqətə gətirən mərhum sənətkar, Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun ruhu indi azad Laçınla baş-başadır

Ayyarımdan sonra 60 illik ömrünün 22  ilini Laçın həsrəti ilə alışıb yanan Məhəbbət Kazımovun bu dünyadan nakam köçməsinin 7 ili tamam olacaq.  Sənətkarın qartal olub göylərində uçmaq, duman kimi torpağında sürünmək istədiyi dədə-baba yurdunda artıq dekabrın 1-dən doğma Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bəli, Laçın rayonu da Ağdam və Kəlbəcərdən sonra  bir güllə belə atılmadan, uğrunda yeni qurbanlar verilmədən  işğaldan azad olundu. 28 il  əvvəl erməni daşnaklarının “Qarabağın qapısı” adlandırdığı  Laçından analarının qucağında çıxan oğullar  müzəffər Azərbaycan Ordusunun qalib əsgərləri kimi doğma yurda qayıtdılar...

 Bu gün xalqımız böyük zəfərin sonsuz sevincini yaşayır. Azərbaycanın hər bölgəsində insanların üz-gözündən təbəssüm yağır. İndi hər birimizin içində 30 ilə yaxın  həsrətində olduğumuz cənnətməkan Qarabağa səfər arzusu baş qaldırıb. El arası sərhəd yoxdur, bundan böyük səfər yoxdur, deyib qanadlanırıq.  Tarixin yaddaşı isə zaman-zaman Azərbaycan xalqının yaddaşına köçür. Keçmişdən bugünümüzə,  bugünümüzdən gələcəyə işıq salan yazılı mənbələr yaddaş zəncirimizi heç  vaxt qırılmağa qoymur.

 Ötən əsrin 20-ci illərində canlı xəritəyə bənzəyən Laçına  inzibati rayon mərkəzinə çevriləndən sonra böyük ədibimiz Tağı Şahbazi Simurğun  təşəbbüsü ilə Laçın dağının adı verilib.  XVII əsrdə  bu dilbər guşədə  yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşığın, XVIII əsrdə Pənahəli xan Cavanşirin sərkərdəsi  olmuş Qara Murtuza bəyin,  xalq qəhrəmanı Sultan bəy Sultanovun, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun  və  başqa görkəmli şəxsiyyətlərin miras qoyduqları yurd sevgisindən  pay götürən  laçınlı  məşhurlardan  biri də  XX  əsrin 70-ci illərində sənət aləmində ulduzu  parlayan “Laçın” instrumental ansamblının rəhbəri Məhəbbət Kazımov  idi...

 Ecazkar səsi ilə  1998 –ci ildən  “Laçınım mənim” mahnısının sözlərinə  özünəxas tərzdə improvizələr edən Məhəbbətin  xəmiri səfalı Laçının Çorman kəndində yoğrulub, kündəsi  bu dədə-baba  yurd ilə tutulmuşdu. Laçının işğalından  sonra  Vətən eşqi ilə Türkiyədə, Rusiyada, İranda, Özbəkistanda, Çexiyada və digər ölkələrdə qastrol səfərlərində olan Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox mahnı və muğamları böyük şövq ilə ifa edərdi. Laçın haqqında mahnının ürəklərdə yurd - yuva bağlamasının əsas səbəblərindən biri  onun canına  hopan hiss,  ayrılıq, həyəcan, emosiya, Vətən həsrəti, ağrı  ilə ifasında idi. Laçını görməyən belə ölməz sənətkarın ifasında  bu mahnını dinləyəndə qədim Oğuz yurdunun füsunkar gözəlliyini  seyr etməyə can atırdı, xəyalən  oranın yovşanlı çöllərini, çoban yaylaqlarını, zirvəsində məğrurcasına qartallar süzən yalçın qayalı dağlarını gəzib –dolaşırdı. Məhəbbət dədə-baba yurdunun hər qarışını daxili yanğı ilə vəsf edirdi. Laçın ağrısı-ağısı Məhəbbətin dilinin ucunda bitmişdi. Laçın sanki bütün təbiəti ilə  Məhəbbətin  öz obrazında, səsində cəmlənmişdi. Onun avazında Laçının durnagözlü bulaqlarının zümzüməsi, çaylarının şırıltısı eşidilirdi.  Məhəbbətin Laçın  harayı  Azərbaycanın harayı  idi...   

Ömrünün son günlərinə qədər o, Vətən nisgili ilə yaşadı.  “Bu il yenə gedəmmədim bizim dağlara” deyən  sənətkar elə Göyçənin, Zəngəzurun,  Şuşanın, Təbrizin, Dərbəndin, Borçalının da  xiffətini  Laçın qədər çəkən əsl Vətən oğullarından biri idi. Deyirdi ki, Allah  Şuşanı Məkkə, Mədinə,  təbərrik kimi Türk dünyasına  müqəddəs  bir pay verib, amma mənim əsl qibləgahım Laçındır. Məhəbbətin Laçın  həsrəti Leylisini itirmiş Məcnun həsrəti idi. Ruhu hər daşı, qayası səngər olan Laçının məğlubiyyəti  ilə barışmayan Məhəbbət elə bil Laçınsız yaşamaqdan getdikcə  cana doyurdu: 

 

İlahi, ömrümə bir ömür cala,

Qoyma ümidlərim puç olub sola,

Durub təkbaşına düzəlib yola,

Bir gecə Laçına qayıdacağam...

 

Fəqət  doğma Laçının nisgilini daşımağa Məhəbbətin  ürəyinin  giri qalmamışdı. Deyirlər,  daş dəyənə, yol gedənə bəllidir.  “Qarabağa aparan yol” qəzetində baş redaktorun müavini vəzifəsində çalışarkən  bir dəfə Məhəbbət Kazımovla görüşdüm, onun  uşaqla uşaq, böyüklə  böyük  olduğunun  yaxından şahidi oldum. Müsahibə aldığım zaman Milli Ordumuzun sıralarında hərbi xidmətdə olan oğlum mənə zəng elədi.  Məhəbbət Kazımov  telefonu məndən alıb  əvvəlcə bütün əsgərlərə salam söyləyəndən sonra  bir ağız mahnı oxuyub dedi: “İsmayıl, inşallah, əsgərlikdən sağ-salamat qayıt gəl, əmi  toyunda yeni mahnılarını oxuyacaq...”

Laçına qayıtmaq  Məhəbbətin ən böyük arzusu idi. Deyirdi ki,  ömrüm uzandıqca elə bil Laçına doğru gedirəm: “Allah bizim yaşlı nəsilə ömür versin, gedib atalarımızın-babalarımızın uyuduqları  məzarları ziyarət eləyək, ondan sonra  mən Allahın ölümünü də şərəflə qəbul edərəm...”  Bəzən də  ifa etdiyi mahnının dili ilə “Dindirmə, daha bəsdi, yaman kövrək olmuşam,” deyərdi.  Tarixin, yaşadığımız zəmanənin, dünyanın ikili standartlı siyasəti ucbatından Vətən həsrətli ağsaqqallarımızın, ağbirçəklərimizin  çoxu  doğulduğu  ata  ocağından kənarda  dünyasını dəyişdi.  Çox heyif ki,  ömür Məhəbbətə də vəfa etmədi, o da bir çox həmyerliləri kimi Laçının azad olunmasını görə bilmədi. Amma son mənzilə  qəlbində  yurd sevgisi olan insanlar arasında himnə  çevrilən "Laçınım mənim" mahnısı ilə yola salındı.

Unudulmaz  sənətkarın oğlu Rəşid Kazımov deyir ki,  atam  məclislərdə  bu mahnını oxuyanda  əvvəlcədən xahiş edirdi ki,  heç  kəs əl çalmasın... Hətta bir toy məclisində bu mahnını ifa edən zaman toy adamlarının  oynadığını görəndə mikrofonunu qoyub məclisi tərk etmişdi. Məhəbbətin  Laçın  haqqında mahnısı  kimisinə həsrət qaldığı uşaqlığını,  kimisinə doyunca yaşaya bilmədiyi gəncliyini, kimsinə də  mayasını o  qədim yurdun  dağından-qayasından  götürən  dözümünü-səbrini, müdrikliyini  xatırladırdı.  Əməkdar artistin oğlu  Rəşid Kazımov Bakıda anadan olub. Əslən  Laçından  olan həmyaşıdları kimi  o da Laçının şəkillərini sosial şəbəkələrdə görüb,  videolarda izləyib. Görməsə belə hər zaman Laçını arzulayıb.  “Doğma Laçınıma gedəndə oradan bir ovuc torpaq gətirib atamın qəbrinin üstünə səpəcəyəm. Onun da ruhu şad olsun.”  Rəşid deyir  ki, Laçın atamın  yaralı və həssas nöqtəsi idi.  Bəstələdiyi  “Laçınım mənim” mahnısını o qədər yanıqlı oxuyurdu ki, ürəyi buna tab gətirmirdi...

Qəribədir, insan harda dünyaya göz açsa da, uşaqlığı harda keçsə də, hər zaman ata-babasının aid olduğu torpağı, əcdadlarının  yurdunun intizarını çəkir, ora can atır.  Rəşid deyir:  “Bütün xalqımız Qarabağın qayıtmasına sevinir. Bizim sevincimiz isə ikiqatdır, daha qabarıqdır. Ona görə ki, biz özümüz qarabağlıyıq... İnşallah, öz dədə-baba yurdumuza qayıdacağıq. Sevincimiz ən çox bununla bağlıdır ki, torpaqlarımız düşmən tapdağından xilas oldu.”

 İndi bütün  Məhəbbətsevərlər bir ağızdan deyirlər: - Laçına yeni nəfəs verən Vətən oğullarının zamanı gəlib, ruhun şad  olsun, sənətkar, Laçın bizimdir, Qarabağ Azərbaycandır!

Nurəddin Muğanlı,

“İki sahil”