10 noyabr 2020 13:05
1833

Xalq yazıçısı Afaq Məsud: Gözün aydın olsun, əziz xalqım!

Noyabrın 10-u Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs gün münasibətilə ürəkdən təbrik edirəm!

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözlərin müəllifi, Azərbaycanın Xalqın yazıçısı Afaq Məsud qələbə sevincini bölüşərək daha sonra deyib:

“Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Var ol, yaşa, Müzəffər Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”.