13 oktyabr 2020 18:20
1145

Azərbaycan üç peyki ilə kosmik klubda təmsil olunur

«Kiber Kosmos buraxılışı» mövzusuna həsr olunan virtual 71-ci Beynəlxalq Astronavtika Konqresində videomüraciəti ilə diqqəti çəkən Prezident İlham Əliyevin vurğuladığı  kimi,  2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlavə imkanlar yaradacaq

Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası ilə əlaqədar Beynəlxalq Astronavtika Federasiyasının qərarı ilə növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasında keçirilən  ötənilki seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır.  Konqres iştirakçılarına videomüraciətində  Azərbaycana göstərilən bu etimad üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərini də diqqətə çatdırmışdır.

Xatırladaq ki,   ötənilki seçimdə Bakı ilə bərabər, daha üç böyük şəhər - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda Azərbaycan qalib gəldi.  Bu etimad beynəlxalq aləmdə  böyük nüfuz qazanan Azərbaycana hörmətin ifadəsidir. Təcrübə göstərir ki,   heç  bir təbii  sərvətə malik olmayan elə ölkələr vardır ki, yalnız İKT-nin inkişafı ilə  dünya birliyində tanınır. Azərbaycan isə təbii zənginlikləri,  eyni zamanda, kosmik ailənin üzvü  olmaqla da böyük nüfuz qazanıb.   

Bir məqamı da diqqətə çatdıraq ki,  Sovet İttifaqında ilk və yeganə  Konqres də  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə,  İttifaqın tərkibində olan Azərbaycanda   keçirilmişdir.  Uzun illərdən sonra - 2023-cü ildə  Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir.

 Videomüraciətində də bu məqama toxunan Prezident İlham Əliyevin vurğuladığı kimi,   paytaxtımızın  ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyinin  rəmzi mənası var: « Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək… Bu gün Azərbaycan kosmik klubun üzvüdür və  3 peyki ilə  öz fəaliyyətini davam etdirir.»

 «Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək» söyləyən
 Prezident  İlham Əliyevin bildirdiyi kimi,  müstəqillik dövründə  möhtəşəm inkişafa nail olan, beynəlxalq arenada böyük nüfuz qazanan,  təbii  sərvətlərini  insan kapitalına çevirən Azərbaycanda kosmik sənayenin inkişafı naminə qarşıdakı illər  üçün də fəaliyyət proqramları hazırlanıb. 

  Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb.  Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdimatı olacaq.

Bu tədbir xalqımızın yüksək intellektual sərvətini, texniki potensialını da bütün dünyaya nümayiş etdirilməsi baxımından zəruridir. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixi əhəmiyyət daşıyır. Ölkəmizin orbitdə 3 peyklə təmsil olunması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. Azərbaycanda  informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan Prezident İlham Əliyevin imzaladığı «Azərbaycanda kosmik sənayenin yaradılması və  telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının  təsdiq edilməsi haqqında» sərəncamlar, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi,  Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos»  Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi  ilə  azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə   «fəza elmi»nə diqqət artırıldı.  Azərbaycanı  orbitdə  təmsil edən,  Avropa, Afrika,  Mərkəzi Asiya,  Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki,  «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya  xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir.   «XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr  potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə  edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. İqtisadi inkişafımızı göstərən bu statistik rəqəmlərdən də bəlli olur ki,  qitələr, sivilizasiyalararası körpü olan Azərbaycan  kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir. Ölkəmizin  qüdrətli dövlətlər arasında  bu şansı qazanması  Azərbaycanı zirvələrə yüksəldən, respublikamızın  kosmosda təmsilçiliyi üçün siyasi iradə göstərən dövlət başçımız İlham Əliyevin  varislik ənənələrinə  sadiqliyidir.

«Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından  asılıdır. O ölkələr ki,  bu texnologiyaları  icad edir,  yaxud da ki,  onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən Prezident İlham Əliyev  Azərbaycanın iqtisadi qüdrətinin  güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına  xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlğı  möhkəmləndirən,  coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat  layihələrinin  reallaşmasında   təşəbbüskar kimi rolu artan Azərbaycanın  informasiya-texnologiyaları sahəsində də    liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır. Müasir dövrümüzdə ən güclü silahlardan da  təhlükəli olan informasiya mübarizəsində  həqiqətlərin  beynəlxalq  ictimaiyyətə çatdırılması baxımından da  İKT-nin rolu əvəzsizdir .  Xüsusilə bu günlərdə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında   İKT-nin rolu əvəzsizdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə  yaradılan və dünyada analoqu olmayan layihə kimi, maraq doğuran «ASAN xidmət», Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində, vergi və gömrük  orqanlarında, biznes sahəsində aparılan əməliyyatlar zamanı istifadə olunan texnologiyalar insanların həyat tərzini də  asanlaşdırır.  Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunun inkişafında xidmətləri olan iş adamlarını, fermerləri  maraqlandıran məlumatların sistemləşdirilməsi, internet vasitəsilə  həyata keçirilməsi, «bir pəncərə»  sisteminin tətbiqi  İKT-nin   inkişafına göstərilən diqqətin nəticəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»