«Muğam sənəti Azərbaycan xalqının qədim mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı, diqqət bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır. Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub. Bu gün muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlar qiymətləndirilir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, orden və medallar verilir. Mübaliğəsiz deyə bilərik ki, bu gün bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir.»
Bu fikirləri İkisahil.TV-yə müsahibəsində gənc, istedadlı xanəndə Almaxanım Əhmədova bildirib.
A.Əhmədova qeyd edib ki, məhz Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın diqqət və təşəbbüsü sayəsində 2003-cü ildə UNESCO Azərbaycan muğamını "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil edilib. Bununla da muğamın bədii təkrarolunmazlığı və dünya mədəniyyəti üçün dəyəri təsdiq edilib. Ölkəmizdə keçirilən muğam müsabiqələri də muğam sənətinin inkişafına, yeni, gənc istedadların üzə çıxmasına kömək edir. Mən özüm də altıncı «Muğam televiziya müsabiqəsi»nin qaliblərindən biri olmuşam. VI «Muğam televiziya müsabiqəsi»nin final mərhələsində münsiflər heyətinin qərarı ilə Qran-pri mükafatına layiq görüldüm. 3 aydan artıq davam edən yarışma müddətində öz üzərimdə səylə çalışırdım. Müəllimlərimlə məşqlər edirdim. Yeni qəzəllər əzbərləyir, repertuarımı rəngarəng etməyə çalışırdım. Əməkdar artist Təyyar Bayramov müəllimim olub, üzərimdə əməyi böyükdür. Hər dəfə səhnəyə çıxanda mənimlə bərabər o da həyəcan keçirirdi. Tamaşaçılar arasında onu görəndə daha da ürəklənirdim. Bəlkə də kənardan baxanlara elə görünür ki, sadəcə qəzəldir də oxuyuruq, vəssalam. Ancaq belə deyil. Bu, çox çətin bir prosesdir. Bir həftə ərzində böyük bir repertuar hazırlamaq sənətdə özünü təsdiq etməyə çalışan gənc üçün asan iş deyil. Təsəvvür edin ki, biz bir dəstgahı bir həftəyə hazırlamalı olurduq və hər birimiz də bu çətin tapşırığın öhdəsindən gəlməyə çalışırdıq. Avqust ayında 16 yaşım tamam olduqdan sonra isə AzTV-də solist kimi fəaliyyətə başlayacağım barədə məlumat aldım. Eyni zamanda, müsabiqədə ifa etdiyim dəstgahlar teleradionun «Qızıl fond»unda saxlanılması xəbərini eşitdim. Mənim üçün bu çox böyük xoşbəxtlik idi. Bir daha əmin oldum ki, istedad, zəhmət şans istənilən uğurun təməlidir.
A.Əhmədova vurğulayıb ki, uşaqlıqdan musiqi həvəskarı olmuşam. Hər gün eşitdiyim gözəl musiqilər mənə ana laylası qədər əziz olub. Ümumiyyətlə, ailəmiz muğamsevərdir. Atam musiqiçi olmasa da, 7 illik musiqi təhsili var. Özü də musiqişünasdır. O, bütün muğamları gözəl bilir. Muğam janrı xalqımızın mənəvi irsidir. Biz onu bütün dünyaya tanıtmalıyıq. Yenə də muğamla ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ etmək istəyirəm. Opera və Balet Teatrının səhnəsində çıxış etməksə arzularımın sırasında bəlkə də ən öndə yer tutur. Çünki öz potensialıma inanıram. Bilirəm ki, əziyyət çəkərək, istənilən uğura imza ata bilərəm. Beynəlxalq festivallarda ölkəmizi təmsil etmək istəyirəm. Ümumiyyətlə, gələcək planlarım çoxdur, lap çox. Hər bir peşəkar sənətçi zəhməti hesabına nəyəsə nail olur. Sənətdə uğur qazanmaq üçün təkcə səs və istedad kifayət deyil. Gərək səhnə mədəniyyəti, nitq qabiliyyəti də yetərincə olsun. Tamaşaçı təkcə sənin oxumağından ləzzət almır. Adi danışığın da yerində olmalıdır. Əgər sənətə gəlmək istəyirsənsə, bunların hamısının öz yerində olmasına diqqət yetirməlisən.
A.Əhmədova diqqətə çatdırıb ki, COVID-19 virusu ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib. Koronavirus pandemiya elan olunandan sonra bütün beynəlxalq mədəniyyət layihələri təxirə salındı. Bir çox dövlətlər virtual tədbirlərin keçirilməsinə, layihələrin gerçəkləşdirilməsinə hazır deyildilər. Virtual məkanda fəaliyyətə hazır olmadıqları üçün də dünyanın bir çox ölkələrində pandemiya mədəniyyət tədbirlərini iflic vəziyyətinə saldı. Sevindirici haldır ki, ölkəmiz tez bir zamanda şəraitə uyğun layihələr hazırlamağa nail oldu.
A.Əhmədova xüsusi olaraq qeyd edib ki, Azərbaycan dövlətinin muğam ifaçılarının sənətinə, fəaliyyətinə, xalqın sərvətini könlündə daşıyanlara verdiyi önəm misilsizdir. Ancaq bütün bunlara rəğmən yenə də bayağı musiqilər zövqləri korlamaqda davam edir. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə sirayət etdikcə gənclərin ona marağı artır. Bu insanlar sosial şəbəkələr vasitəsilə bərbad musiqiləri insanların beyninə qeyri-iradi yeridirlər. Bununla da bir çox insanların zövqünü korlamış olurlar. Ancaq hesab edirəm ki, bayağı musiqilər hər zaman, bütün dövrlərdə olub. İllərlə yaşayan, bugünümüzə gəlib çatanlar isə yaxşılar olub.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?