Adlarımız həyatımız boyu ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması çox önəmlidir. Bəzi insanlar adların insan taleyinə yön verdiyinə, ona təsir etdiyinə də inanırlar. Xüsusən hərflərin hikmətinə inanan təlimlərdə - hürufilikdə adın insan taleyində həlledici rolu olduğu qəbul olunurdu. Adların insanın həyatını nə dərəcədə dəyişdirdiyini söyləmək çətin olsa da, tez-tez eşitdiyimiz bu sözün mübət emosiyalar ifadə etməsinin bizi yaxşı ovqata köklədiyi danılmazdır. Əslində övladlarımıza verdiyimiz adlar valideynlərin gələcəkdə onların taleyini necə görmək arzusunun təzahürüdür. Valideyn öz övladının gələcəkdə xoşbəxt, sevinc içərisində, uğurlu bir tale yaşamasını arzulayırsa, təbii ki, ona Sevinc, Sevgi, Uğur, Ucal, Dilək, Arzu kimi adlar seçir.
Türk xalqlarının antroponimlər, yəni şəxs adları sisteminin çox qədim tarixi vardır. Bu sistemə daxil olan adlar çox qədim dövrlərdən formalaşıb günümüzə qədər inkişaf edərək gəlmişdir. Türk dillərinə aid ən qədim lüğət hesab olunan Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsərində qeyd olunan şəxs adlarının yetmiş faizinin türk mənşəli olması da bunu deməyə əsas verir. Lakin müəyyən dövrlərdə xalqın tarixində baş verən hadisələr adlar sistemimizə də öz təsirini göstərmiş, buraya çoxlu sayda başqa dillərə aid vahidlər daxil olmuşdur. Əsasən VII-VIII əsrlərdə İslam dininin yayılması ilə ərəb dilindən dilimizə dinlə bağlı çoxlu şəxs adları daxil oldu. Bu adlar geniş işlənmə tezliyi ilə bu gün də dilimizdə istifadə olunur və statistika göstərir ki, son illərdə də uşaqlara qoyulan dini adlar içərisində ən çox Məhəmməd, Hüseyn, Əli, Yusif, Ömər, Zeynəb, Fatimə, Zəhra adlarına üstünlük verilir.
Adlar xalqın psixologiyasını, təfəkkürünü əsk etdirən vahidlərdir. Türk xalqlarında qədimdən bəri adlar əsasən iki komponentdən – ad və ləqəbdən ibarət olmuşdur. Günümüzdə də adlar əsas adlardan – ad, soyad, ata adı və köməkçi adlardan – təxəllüs və ləqəbdən ibarətdir. Əsas adlar valideynlər tərəfindən seçilən, köməkçi adlar isə sonradan xarici görünüşünə, xarakterinə görə insanlara verilən adlardır.
Bəs övladlarımızın gələcək həyatının başlanğıcı olan adqoyma zamanı nələrə diqqət etməliyik? Əvvəla biz övladlarımıza elə adlar seçməliyik ki, bu ad gələcəkdə düşdüyü mühitdə onları gülünc vəziyyətə salmasın. Onlar öz adlarını hər yerdə yüksək səslə, qürurla söyləyə bilsinlər və sevə-sevə istifadə etsinlər. Çünki uşaqlar böyüdükcə onların ətrafı da genişlənir, onlar kiçik yaşlarda bağça, məktəb, daha sonra universitet, nəhayət iş mühitinə daxil olurlar. Bu zaman öz adından narazı olan, yaxud da adı ətrafdakıların gülüş hədəfinə çevrilən insanda komplekslər yaranmağa başlayır və onda öz adına qarşı ikrah hissi yaranır. Ona görə də ilk baxışdan sadə görünən adqoyma əslində çox ciddi və məsuliyyətli bir işdir. Adlar hər bir insanın milli pasportudur və bu sistemdə gedən inkişaf ölkə sərhədlərini aşaraq başqa xalqlara da təsir göstərir. Azərbaycan şəxs adları bu gün bütün Qafqaz xalqlarının ad sisteminə təsir göstərmiş, dilimizdən müxtəlif dillərə türkmənşəli adlar daxil olmuşdur. Bunları da nəzərə alsaq, övladlarımıza ad verərkən yaxşı-yaxşı düşünüb düzgün qərar vermək bizim hər birimizin valideynlik borcudur. Bu zaman müxtəlif nəzər nöqtəsindən yanaşmaq və gözəl ad seçmək mümkündür. Birincisi, uşağa ad seçərkən mütləq onun ifadə etdiyi mənaya fikir vermək lazımdır. Heç bir məna ifadə etməyən, yalnız səs yığınından ibarət olan adların yerinə müsbət anlamlı adların seçilməsi daha məqsədəuyğundur. Ad seçimində mütləq millilik prinispinə əməl etmək lazımdır. Ayrı-ayrı xalqlara məxsus adların uşaqlarımıza verilməsi təcrübədə özünü göstərir. Bu adlar ya məşhur şəxslərin adları olduğu üçün, ya da düşdüyümüz hər hansı yad mühitdə eşidib bəyəndiyimiz üçün uşaqlara verilir. Lakin bu adların əvəzinə uşaqlara ilk növbədə milli adlarımızın verilməsi daha məqbuldur. Müasir dövrümüzdə dildə çoxlu sayda bu yolla yaranmış adlar vardır ki, onların həm ifadə etdiyi məna, həm də səslənməsi gözəldir. Sevil, Aysu, Aysel, Günay, Uğur, Ucal, Elxan, Elçin, Anar, Elnur, Ayla, İnci kimi qadın və kişi adları bunlara ən yaxşı nümunə ola bilər. Yaxşı haldır ki, elə bu gün uşaqlara ən çox verilən adlar içərisində bunlar da var.
Tarixilik prisipindən yanaşaraq da övladlarımıza gözəl adlar seçə bilərik. Bu zaman müxtəlif tarixi şəxsiyyətlərin, qəhrəmanların, xalqın həyatında xüsusi rol oynamış şəxslərin adı bizim üçün yaxşı seçim olacaqdır. Qorqud, Beyrək, Selcan, Tural, Banu, Babək, Atilla, Heydər, Mübariz, Polad, İlqar adları həm öz əzəməti ilə, həm də gözəl səslənməsi ilə bu adı daşıyanda da, onu eşidəndə də bir fəxr, qurur hissi oyadır. Eyni zamanda belə adların uşaqlara verilməsi ənənəvilik, tarixilik, xüsusən də soykökə dərindən bağlılığın göstəricisi kimi çıxış edir.
Övladlarımıza ad seçərkən ona müasirlik prinsipindən də yanaşmaq lazımdır. Həm də bu adları seçərkən elə adlara üstünlük verməliyik ki, bu ad bütün yaş dövrlərinə uyğun olsun və həm uşaqlıqda, həm gənclikdə, həm də ahıl yaşda yaxşı səslənsin. Vaxtilə uşaqlara verilən çoxkomponentli Allahverdi, Əliqulu, Xudaverdi, Fatmanisə, Ağabacı kimi adlara bu gün yaxşı haldır ki, çox az-az hallarda müraciət edildiyini görürük. Çünki bu adlar uşaqlar üçün ünsiyyət prosesində də, məktəb jurnalının yazılmasında da ciddi problemlər yaradır. Yaxud da ailədə qız övladının dünyaya gəlməsinə narazılıq əlaməti olaraq qızların Qızbəs, Qızyetər, Kifayət, Tamam kimi adlarla adlandırılması da yolverilməzdir.
Övladlarımıza ad qoyarkən müsbət emosiya ifadə edən, yaxşı səslənən, mənalı adlar seçmək istəyiriksə, təbiətlə bağlı olan: Ayaz, Daşqın, Ayxan, Aysel, Aytəkin, Günel, Günay; heyvan və bitki adları əsasında formalaşan: Aslan, Şahin, Laçın, Ceyran, Çiçək, Reyhan, Lalə, Bənövşə; müsbət emosiyalı: Sevinc, Dilək, Arzu, Uğur, Gülüş; qiymətli daş-qaş adları olan: Almas, Brilyant, Yaqut kimi adlara mürciət edə bilərik.
Etnoqrafiyamızda adın gözəl olması, gözəl səslənməsi həmişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, adlar sistemimizdə semantikasında gözəllik, incəlik, saflıq, igidlik, mübarizlik keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın adı formalaşmışdır.
Adlar hər bir xalqın milli etiketi funksiyasını daşıdığı üçün uşaqlara ad verərkən müəyyən prinsiplərdən çıxış etmək, adın mənasına diqqət yetirmək vacibdir. Bu zaman valideyn öz istək və arzularına uyğun deyil, daha çox uşağın gələcəyini düşünərək ad seçməlidir. Yaxşı ad, ola bilsin ki, övladımızın gələcək taleyini müəyyən edə bilməz, lakin onun gələcəkdə cəmiyyətdə tutacağı mövqe, onun ictimai münasibətlərində bizim seçdiyimiz bu adın böyük rolu olacaqdır. Məhəmməd Peyğməbər də buyururdu ki, övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insanla olaraq xatırlansınlar.
Nuray ƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi