“Muğam sənəti Azərbaycan xalqının qədim mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı, diqqət bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır. Azərbaycanın qlobal dünyaya inteqrasiyası Mehriban xanıma imkan verir ki, gördüyü işləri təkcə ölkə hüdudları ilə məhdudlaşdırmasın. Azərbaycandan uzaqlarda da onu yaxşı tanıyırlar. Adını böyük ehtiramla çəkirlər. Çünki Birinci vitse-prezidentimiz bir çox ölkələrdə də insanlara həyat eşqi bəxş edən, onları sevindirən, dünyalarına işıq saçan möhtəşəm işlər görüb. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, incəsənətimizin inkişafı, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyası işinə mühüm töhfələr verib.”
Bu fikirləri İkisahil.TV-yə müsahibəsində respublikanın Əməkdar artisti Gülüstan Əliyeva bildirib.
Qeyd edib ki, Azərbaycanın öz dövlət müstəqilliyini yenicə elan etdiyi zamanlarda Mehriban xanımın belə bir missiyanı üzərinə götürərək mədəniyyət diplomatiyasının gücündən istifadə etməsi onun dövlətçilik təfəkkürünün, zəngin mənəvi irsimizə sadiqliyinin ifadəsidir. Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub. Qeyd edim ki, avqustun 26-sı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın doğum günü idi. Bu münasibətlə mərhəməti, sədaqəti, xeyirxahlığı özünün həyat amalı hesab edən Mehriban xanım Əliyevanı təbrik edir, onun fəaliyyətini bütün qadınlarımız üçün örnək hesab edirəm.
Bu gün muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlar qiymətləndirilir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, orden və medallar verilir. Mübaliğəsiz deyə bilərik ki, bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir. Azərbaycan dövlətinin muğam ifaçılarının sənətinə, fəaliyyətinə, xalqın sərvətini könlündə daşıyanlara verdiyi önəm misilsizdir.
Gülüstan Əliyeva vurğulayıb ki, COVID-19 virusu ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib. Koronavirus pandemiya elan olunandan sonra bütün beynəlxalq mədəniyyət layihələri təxirə salındı. Bir çox dövlətlər virtual tədbirlərin keçirilməsinə, layihələrin gerçəkləşdirilməsinə hazır deyildilər. Virtual məkanda fəaliyyətə hazır olmadıqları üçün də dünyanın bir çox ölkələrində pandemiya mədəniyyət tədbirlərini iflic vəziyyətinə saldı. Sevindirici haldır ki, ölkəmiz tez bir zamanda şəraitə uyğun layihələr hazırlamağa nail oldu.
Pandemiya dövründə Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif virtual mədəniyyət tədbirləri keçirildi. Diqqət çəkən layihələrdən biri də Azərbaycan, Türkiyə, Amerika, Fransa və İranda yaşayan həmvətənlərimizin onlayn şəkildə “Sarı gəlin” xalq mahnısını birgə ifasıdır . Bu qiymətli layihə ona görə böyük əhəmiyyətə malikdir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıları malik olduqları eyni mədəni dəyər birləşdirir.
G.Əliyeva bayağı musiqilərin zövqləri korlamasına diqqət çəkərək bildirib ki, Azərbaycan musiqisinin, musiqi mədəniyyətinin “qara yarası”na çevrilən bu nümunələr zövqdən, yüksək keyfiyyətdən uzaqdır. Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi, funksiyası zövqü oxşamaq, əhvalı dəyişmək, insana ruh verməkdir, barəsində danışdığımız nəsnələr bundan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə siraət etdikcə gənclərin ona marağı artır. Bəllidir ki, ucuz musiqinin ardınca gedənlər tamam başqa kəsimin təmsilçiləridir, ancaq bununla belə, bu “epidemiya” digər qrup gənclərə də sirayət etməyə bilmir. Bilirik ki, burada informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır. Bu insanlar sosial şəbəkələr vasitəsilə bərbad musiqiləri insanların beyninə qeyri-iradi yeridirlər. Bununla da bir çox insanların zövqünü korlamış olurlar. Ancaq bayağı musiqilər hər zaman, bütün dövrlərdə olub. İllərlə yaşayan, bugünümüzə gəlib çatanlar isə yaxşılardır.
Sənətçi bildirib ki, uğur qazanmaq üçün yalnız səs və istedad kifayət deyil. Birinci növbədə zəhmət lazımdır. Hər bir peşəkar sənətçi zəhməti hesabına nəyəsə nail olur. Sənətdə uğur qazanmaq üçün təkcə səs və istedad kifayət deyil. Gərək səhnə mədəniyyəti, nitq qabiliyyəti də yetərincə olsun. Tamaşaçı təkcə sənin oxumağından ləzzət almır. Adi danışığın da yerində olmalıdır. Əgər sənətə gəlmək istəyirsənsə, bunların hamısının komplekt olmasına diqqət yetirməlisən. Mənim aləmimdə vaxt insanın ən dəyərli sərvətidir. Bu sərvətdən səmərəli, düzgün istifadə edəndə hər şeyə vaxt çatır. Yaradıcılıqla, pedaqoji işlərimlə, oğlumun qayğıları ilə də məşğul oluram. Dincəlməyə də vaxtım qalır.
Gənc yaşlarından Leyli rolunu oynayan, qısqanclıqlara sinə gərən sənətçi qeyd edib ki, 100 dəfədən çox Leylini oynamışam. Hər dəfə də fərqli. Heç vaxt təkrar olmayıb. Düzdür, mizanlar, sözlər eyni qalıb. Amma hisslər, yaşantılar dəyişib. İllər keçdikcə insanın eyni şeyə baxışı dəyişir, dərk etməsi kamilləşir. Leylinin sevgisinə də başqa cür münasibət bəsləyirsən... Ola bilər ki, 23 yaşım olanda həyat yoldaşımı yaraşıqlı, dəyərli bir oğlan kimi, sevgili kimi sevmişəm. İllər keçdikcə, ona olan sevgim dəyişib - onu bir vətənpərvər kimi, əsl kişi kimi, cəmiyyətdə dəyərli bir insan kimi sevmişəm. İnsan yaşa dolduqca dolğunlaşır, kamilləşir. Aydın məsələdir ki, zövqü də dəyişir, ifası da.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?