26 avqust 2020 16:47
1831

Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO

 Erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur

Xəbər verildiyi kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Qurgen Alaverdyanın Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 2020-ci il avqustun 23-də ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyənləşdirilib.Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 276-cı (casusluq), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla cinayət işi üzrə istintaqın aparılması Baş prokuror tərəfindən Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərməsi bir daha işğalçı ölkənin nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzü və hazırkı mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Görünür, Ermənistan rəhbərliyi ölkədəki ağır sosial-iqtisadi durumdan diqqəti yayındırmaq üçün əvvəlcədən planlaşdırdığı çirkin oyunları təmas xəttində reallaşdırmaqdan çəkinmir. Amma şübhəsiz ki, onların bu addımı alınmır. Belə ki, Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin diversiya cəhdinin qarşısını alındı və qrupun komandiri Qurgen Alaverdyan əsir götürüldü. Təcavüzkar Ermənistan növbəti dəfə öz layiqli cavabını aldı.

Avqustun 26-da kütləvi informasiya vasitələrində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın video-açıqlaması yayımlanıb. Həmin görüntülərdə  təxribatçı erməni komandiri bildirir ki, 2020-ci ilin iyul ayında hərbi hissənin komandiri, polkovnik Vazgen Vartanyan mənimlə birgə bir neçə kəşfiyyatçını yanına çağırıb yuxarı komandanlığın göstərişi ilə yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə edərək Azərbaycan hərbçilərinin mümkün sayda çox məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi istiqamətində əməliyyat keçirilməsi üçün hazırlıq görməyimizi tapşırdı:”Bundan sonra təxminən 20 gün xüsusi təlim keçdik, ərazini daha dəqiq öyrəndik və əlverişli hava şəraitinin olmasını gözlədik. Avqustun 23-ü saat 02:30 radələrində mənim rəhbərliyim altında diversiya qrupu dumanlı havadan istifadə edərək əvvəlcədən planlaşdırılmış marşrutla Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı mövqeləri istiqamətində hərəkət etdik. Biz Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı döyüş postunun ərazisinə daxil olmaq istəyərkən “həyəcan” siqnalı verildi və aşkar olunduğumuzu anlayaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Qrup üzvləri qaçmağa müvəffəq olsa da, mən hava dumanlı olmasına görə istiqaməti müəyyən edə bilmədim və əsir götürüldüm”.

Q.Alaverdyan qeyd edib ki, o, Azərbaycanın işğal altında olan ərazilərində xidmətini davam etdirmək istəməyib: “Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal altında olan ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm. Əsir götürüldükdən sonra təsəvvürlərimin tam əksinə olaraq, mənə qarşı heç bir qeyri-insanı davranış, işgəncə, təzyiq olunmayıb. Eyni zamanda, qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən, həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.

Göründüyü kimi, bu Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdi idi ki, hər zaman olduğu kimi, yenə də iflasa məhkum oldu. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub.Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar.Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Hazırda ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub. Ermənistanla Azərbaycan sərhədində yaşanan son gərginliklər, həmçinin  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər torpaqlarına da hücum və işğal etmək cəhdləri vəziyyətin nə dərəcədə həssas olduğunu və bu münaqişənin ən tez zamanda həll edilməsinin zəruriliyini göstərdi. İşğalçı ölkə və onun havadarları bir daha gördülər ki, müasir Azərbaycan həm ön cəbhədə öz layiqli cavabı ilə, həm də hadisəyə obyektiv beynəlxalq reaksiyanın təmin edilməsində özünəxas bacarıqla seçilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

"İki sahil" təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edir: