26 avqust 2020 15:45
2987

Azərbaycan Milli Xalça Muzeyindən yenilik - FOTO/VİDEO

Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün daim çalışır. Muzeydən “İki sahil”ə verilən məlumata görə, bu istiqamətdə muzeyin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı artıq Ukrayna dilində də təqdim olunmasıdır.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, muzeydə Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərinin Ukrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.

Birgə əməkdaşlıq çərçivəsində həmçinin Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı video-çarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan video-çarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindən bəhs ediblər. Şirin xanım həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, muzey dünyanın istənilən nöqtəsindən izləyən tamaşaçılarına daha yaxın və əlçatan olmaq üçün səylərini davam etdirir.