24 avqust 2020 15:25
1789

Unudulmaz şəxsiyyət Nəriman Nərimanovla bağlı tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyini qeyd edilməsi haqqında” 14 fevral 2020-ci ildə imzaladığı Sərəncamdan sonra  ölkə ərazisində tətbiq olunan  COVID-19 pandemiyası ilə əlaqədar karatin rejiminin tələblərini gözləməklə  həyatını  xalqımızın  azadlığı, müstəqiliyi uğrunda mübarizəyə həsr edən görkəmli ictimai-siyasi  və dövlət  xadimi, böyük ədib  Nəriman Nərimanovun  yubiley  tədbirləri vaxtaşırı olaraq  keçirilir. Astara Rayon Heydər Əliyev Mərkəzində baş tutan “Nəriman Nərimanovun bədii yaradıcılığında və siyasi fəaliyyətində Azərbaycançılıq ideyası” mövzusunda videokonfrans da Prezidentin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr edilmişdir.  

Onlayn tədbir Astara Rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Aygün Məmmədovanın “Nəriman Nərimanovun 150 illiyi” mövzusunda hazırladığı video-çarxın nümayiş ilə başlandı.   Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzin fond müdiri  Elza Kazımova, kiçik elmi işçisi Aygün Məmmədova, Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin müəllimi Şəhla Salmanova, könüllü gənclər Aytac Babayeva, Elgün Əzimov və Jalə  Fəttayeva  çıxışlarında   ölkə rəhbərinin bu humanist Sərəncamını  ürəkdən bəyəndiklərini  qeyd etməklə  vurğuladılar ki,  Nəriman Nərimanov böyük maarifçi, əsl xalq adamı,  millətini  varlığı  qədər sevən Vətən övladı idi. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq,  vətəndaşların  sosial rifah halını yüksəltmək , xalqlar dostluğunu bərqərar etmək  bu, dahi şəxsiyyətin ömrü boyu həyat kredosuna çevrilmişdi.   

Tədbirdə bildirildi ki,  Azərbaycan ziyalıları, alimləri  tərəfindən Nəriman Nərimanov haqqında çoxlu əsərlər qələmə alınıb. Onun adının əbədiləşməsi üçün  layiqli tədbirlər həyata keçirilib, bundan sonra da keçiriləcək. Azərbaycan var olduqca,  Nəriman Nərimanov  qədirbilən xalqımızın yaddaşında yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü