07 fevral 2020 19:27
2876

Naxçıvan: Qədimliklə müasirliyin vəhdətində inkişaf edən ulu diyar!

Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi

“Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq.
Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması
üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.”

Ümummilli lider Heydər Əliyev

Tarixi əsrlərə söykənən, ta qədimdən karvanların keçdiyi İpək Yolunun üzərində yerləşən, gözəlliyinə, təbii sərvətlərinə göz dikən yadellilərin hücumlarına məruz qalsa da,  daş qalaya çevrilərək düşmənin qarşısına sipər çəkən mərd övladları ilə ad-san qazanan Naxçıvan həmişə daşıdığı “Nəqşi-cahan” adına layiq olub.

Tarixin izlərini daşında, abidələrində yaşadan, müqəddəs ziyarətgahları, saysız-hesabsız, müalicəvi əhəmiyyətli şəfalı suları, bulaqları, cənnətməkan hüsnü ilə hamını heyran edən bu qədim diyar haqqında deyilən “Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” sözləri illərin dolaylarından bu günümüzə boylanan bir tarixdir. Əsrlərə körpü salan, Nuhun müqəddəsliyini, Nəiminin söz xəzinəsini nəsillərə ərmağan kimi daş yaddaşında saxlayan, muxtar respublikanın mənəvi pasportu olan “Gəmiqaya” qayaüstü rəsmləri ilə varlığını sübut edən,  Əcəmi sənətkarlığının ecazkarlığını, təkrarolunmazlığını dünyaya göstərən Mömünə xatun kimi türbələrində milli-mənəvi dəyərlərimizi yaşadan,  XXI əsri haqlayan bu diyarı “Şərqin incisi” adlandıranların sözlərində həqiqət var. 

İlləri yola saldıqca daha da gözəlləşən, qədimliyi ilə müasirliyin vəhdətində inkişaf edən Naxçıvan bu gün də “Şərqə açılan qapı” adlanır. Azərbaycanın ayrılmaz parçası olan, inkişaf edən, tanınmaz dərəcədə gözəlləşən muxtar respublikanın tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya başçılıq etdiyi hər iki dövrdə ata-baba yurdu Naxçıvanın inkişafı naminə yaranan fürsətlərdən uzaqgörənliyi və siyasi səriştəsi  ilə istifadə edən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri olarkən  göstərdiyi fədakarlıqları ilə Azərbaycanın müstəqilliyini əbədiləşdirdi.

1990-cı ildə Moskvadan doğma Vətənə qayıdan Ulu Öndər Naxçıvan MR Ali Məclisinin sədri kimi, Azərbaycanı gələcəyə aparan siyasi, iqtisadi, sosial sahədə vacib islahatların həllinə  muxtar respublikada başladı. Dünyada siyasi, iqtisadi qüdrətii ilə seçilən Azərbaycanı bu gün beynəlxalq aləmdə bir dövlət kimi tanıdan uğurların təməlini də Ulu Öndərin Naxçıvanda müəyyənləşdirdiyi inkişaf strategiyası təşkil edir.

Naxçıvanda olarkən dövlət atributlarını bərpa edərək, bütünlükdə Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, muxtariyyatın qorunması oldu.

Azərbaycanı bürüyən təlatümlü günlərdə doğma diyarına gələn, insanları üzləşdikləri fəlakətdən xilas edən, Naxçıvanı o dövrdə Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər  xidmətləri, gördüyü işləri, apardığı islahatları ilə bütünlükdə Azərbaycanın müstəqilliyinin təməlini qoydu, ölkəmizin bazar iqtisadiyyatı yolu ilə dünyaya inteqrasiyasında ilk addımlar atıldı.  Hazırda sayı artan qonaqların heyran qaldığı Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ulu öndər Heydər Əliyevin “ Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq posesləri gedir” sözlərini təsdiqləyir, muxtar respublikanın Azərbaycan üçün əhəmiyyətini əks etdirir.

İnkişaf etdikcə siması dəyişilən, ildən-ilə gözəlləşən Naxçıvan həqiqi mənada inci kimi parıldayır.

Ötən ilin sonlarında Naxçıvan Muxtar Respulikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən Naxçıvanda həyata keçirilən yeniliklərlə maraqlanan Prezident İlham Əliyevin vurğuladığı kimi, blokadada yaşamasına baxmayaraq sürətli inkişafı, aparılan quruculuq, abadlıq işləri sayəsində tanınmaz dərəcədə dəyişilən, tərəqqi edən, gözəlləşən bu diyar müstəqillik illərinin simvoludur. Bu inkişaf naminə fədakarlıq göstərən, həyata keçirdiyi islahatları ilə ən ucqar kəndlərin gözəlləşməsini təmin edən, Vətəninə bağlılığını əməli fəaliyyəti ilə doğruldan  Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun bu sahədəki xidmətləri böyükdür. Bu dinamikanın davamlı olacağına əminliyini ifadə edən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaq, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönələn bütün vəzifələr layiqincə icra ediləcək .

Bu günlərdə  Prezident İlham Əliyevin muxtar respublikada aparılan sosial-iqtisadi quruculuq sahəsində qazanılan uğurlara görə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etməsi  2020-ci ildə qazanılan  nailiyyətlərin daha böyük olcağına əminlik yaradır. Bu inamı yaradan muxtar respublikada  görülən işlər, insanların rahatlığı naminə həyata keçirilən islahatlardır.

Muxtar respublikanın bütün rayon, kənd əhalisinin enrjiyə, təbii qaza, içməli suya tələbatı tam ödənilib. Muxtar respublikada  9 elektrik stansiyası fəaliyyət göstərir. Ordubad Su Elektrik Stansiyası inşa edilir. Yaradılan potensial hesabına Naxçıvan hazırda elektrik enerjisi ixrac edir. “Abad kənd yollarından bəlli olur” deyimi sanki muxtar respublika haqqında deyilib. Bu qədim diyarın ən ucqar kəndlərinə belə  keyfiyyətli yollar çəkilmişdir. Naxçıvan-Şərur-Sədərək avtomobil yolunun istifadəyə verilməsi, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yollarının icrası nəticəsində bu ərazidə yaşayan insanlara göstərilən  nəqliyyat xidməti  yüksək səviyyədədir.

Muxtar respublikada sahibkarlığa göstərilən diqqət, özünüməşğulluq proqramına uyğun həyata keçirilən layihələr hesabına yeni iş yerləri yaradılır. Evdar qadınların işlə təminatı üçün nəzərdə tutulan xalçaçılığın inkişafına göstərilən diqqət səmərə verir. Xalça fabrikinin qurulması ilə bu qədim el sənətinə maraq daha da artacaq. Şərur Sənaye Məhəlləsinin istifadəyə verilməsi isə yerli əhalinin məşğulluq səviyyəsinin artırılmasını sürətləndirəcək.

Dövlətin sahibkarlığa göstərdiyi hərtərəfli dəstəyin, fermer təsərrüfatlarının gücləndirilməsinin, istehsal və xidmət sahələrinin genişləndirilməsinin nəticəsidir ki, əhalinin ərzaq və bəzi sənaye, inşaat, təsərrüfat məhsullarına tələbatı yerli istehsal hesabına tam ödənilir. Muxtar respublikada istehsal olunan sənaye məhsullarının ÜDM-də 27,6 faizlik paya sahib olması digər mühüm makroiqtisadi göstəricilər fonunda çox mühüm bir inkişaf nümunəsi kimi diqqəti cəlb edir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərən və ildən-ilə genişlənən sahibkarlığa artan maraq muxtar respublika iqtisadiyyatının önəmli hissəsini təmin edir. Naxçıvanda istehsal olunan sənaye məhsulunda özəl bölmənin payının 94 faizdən artıq olması və bu göstəricinin ölkəmizin digər rayonları ilə müqayisədə ən yüksək səviyyəni təşkil etməsi sahibkarların fəaliyyəti üçün yaradılan münbit şərait nəticəsində mümkün olmuşdur. Kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi, onların tutduğu biznes profilləri üzrə yüksək dərəcədə ixtisaslaşıb rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmasınadək keçən bütün proseslərdə dövlətimiz sahibkarların yanında olur, hər cür maliyyə, hüquqi dəstək və metodoloji kömək göstərir. Sahibkarlara kreditlərin verilməsi, onların fəaliyyətinin stimullaşdırılması üçün sərfəli şərtlərlə xammal, avadanlıq alınması, ixrac bazarlarına çıxış üçün sərgi, yarmarka və biznes görüşlərdə iştirakın təmin edilməsi həmişə diqqətdə saxlanılaraq bu gün öz bəhrəsini verməkdədir.

Təbii ki, iş adamları üçün yaradılan bu cür şərait  muxtar respublikanın iqtisadiyyatının şaxələnməsinə təsir etməklə, ailə büdcələrinin formalaşmasında tələblə təklifin uyğunlaşmasını da təmin edir. Hazırda muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsulun həcminin əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6200 manatı (təxminən 3650 ABŞ dolları) ötməsi də mühüm bir keyfiyyət göstəricisidir. Aqrar sahənin inkişafına göstərilən diqqətin nəticəsidir ki, muxtar respublika əhalisinin taxıla olan tələbatı yerli istehsal sayəsində ödənilir. Təhsilə, səhiyyəyə, mədəniyyətə xidmət obyektlərinə göstərilən qayğı artırılır.

İslahatlar həyata keçirilərkən insanların arzu və istəkləri nəzərə alınır. Son illərdə muxtar respublikanın iqtisadi və mədəni inkişafında baş verən yeniliklər, bu qədim diyara gələn turistlərin sayının artması Naxçıvanı beynəlxalaq səviyyədə tanıdır. Muxtar respublikada keçirilən tədbirlərdə iştirak edən qonaqlar bu diyarın gözəlliyinə, paytaxtdakı səliqə-sahmana, şəhərsalma mədəniyyətinə, qorunan abidələrin təkrarolunmaz gözəlliyinə heyran olurlar.

1990-cı illərdə qaranlığa qərq olan Naxçıvanın indi gecəsi gündüzündən də işıqlı, gözəldir. Zəngin tarixi və təbii sərvətləri ilə yanaşı, istehsal və sosial infrastrukturun tamamilə yenilənməsi, ekoloji mədəniyyətin qorunması ilə həyat üçün gözəl yaşayış mühitinin formalaşdığı muxtar respublika sakinlərinin qonaqpərvərliyi Şərq mədəniyyətini dəyərləndirən nümunələrindəndir. Naxçıvanda insan inkişafı indeksi, rifah səviyyəsi yüksəldikcə əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehsal və xidmət sahələrində yeni layihələrin reallaşdırılmasına geniş imkanlar yaranır.

Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı””nda müasir dövrün hədəfləri əks olunub.

İşğalçı Ermənistanla sərhəddə yerləşən Naxçıvanın müdafiə qüdrətinin möhkəmlənməsi, hərbi potensialının gücləndirilməsi həmişə diqqətdə saxlanılır. Ötən illərdə aparılan Günnüt əməliyyatı zamanı Ermənistan silahlılarının işğalı altında qalan ərazilərin azad olunması  Əlahiddə Ümumqoşun Ordunun hərbi hazırlığı sayəsində mümkün olmuşdur.

... Əzəməti, təbii sərvətləri, adət-ənənələrimizə bağlılığı ilə qədimliklə müasirliyin vəhdətində inkişaf edən Naxçıvan tərəqqi yolu ilə gələcəyə doğru inamla irəliləyir. Bu günü dünənindən, sabahı isə bu günündən daha gözəl olacaq Naxçıvanın gələcəyi isə daha füsünkar olacaqdır.

Xuraman İsmayılqızı, “İki sahil”