31 yanvar 2020 11:28
1204

Gənclik gələcəkdir, inkişafdır, tərəqqidir - FOTO / VİDEO

Yanvarın 30-da YAP Yasamal rayon təşkilatında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək bildirdi ki, gənclik gələcəkdir, inkişafdır, tərəqqidir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi vacib yer tuturlar. Aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək hədəflərə çatmağa zəmin yaradan zəngin bazadır. Müstəqil Azərbaycanın gənclər siyasətinin formalaşmasında, təbii ki, ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti vardır. Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.

Tağı Əhmədov qeyd etdi ki, bu gün müstəqil Azərbaycanda müasir gənclər ordusu formalaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu da gənclərimizdən zamanın tələblərinə uyğun olaraq daha kreativ, daha innovativ olmağı tələb edir.  Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərmələri dövlətin bu sektora olan etibarının nəticəsidir.  Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. İndi həmin kadrlar ölkəmizin qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər təhsil aldıqları, işlədikləri ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatlarının fəal üzvlərinə çevrilərək respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai- siyasi xadimlər, görkəmli alimlər yetişir.  Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.

Tağı Əhmədov diqqətə çatdırdı ki, seçkilərdə gənclərə xüsusi diqqət yetirilməsi ölkənin ictimai-siyasi həyatında, demokratiyanın inkişafında daha fəal iştirak etmək istəyinin təzahürüdür. Ötən bələdiyyə seçkilərində elə təkcə Yeni Azərbaycan Partiyasını təmsil edən gənclərin sayının çoxluq təşkil etməsinin nəticəsidir ki, sağlam rəqabətə əsaslanan siyasi mübarizədə gənclərin rolu, idarəetmə orqanlarında iştirak etmək istəkləri, fəallığı yüksəlir. Son illərdə ölkədə, sərhədlərimizdən kənarda müasirlik və modernləşmə prinsipləri ilə əlaqədar keçirilən bütün tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycan gəncləri fərqlənirlər.

Tədbirdə çıxış edən gənclər  İlqar Quliyev,  Anar Cəfərov, Anar Fərəcov, Əli Babazadə bildirdilər ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Bu gün Azərbaycan dövlətinin, o cümlədən xalqımızın ən böyük problemlərindən biri Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə hələ də Ermənistanın və onun arxasında dayanan qüvvələrin mənfur əməlləri nəticəsində həll edilməmiş qalır. Bu gün Azərbaycan dövləti tam əmindir ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu vardır. Bu günün gəncləri həm də cəmiyyətin, dövlətin keşikçiləridir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi Azərbaycan dövlətinin və gənclərimizin qarşısında duran əsas vəzifədir.

Sonda partiyanın fəaliyyətində aktiv fəaliyyət göstərən bir qrup gəncə YAP Yasamal rayon təşkilatının Fəxri fərmanları təqdim olundu.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”