26 dekabr 2019 20:00
1077

“Nəsimi ili” gənclərimizin milli ruhda tərbiyəsinə bir çağırış oldu

Artıq 2020-ci ilə saylı günlər qalır. 2019-cu il tariximizə bu və ya digər sahələrdə möhtəşəm uğurlarla yanaşı, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Nəsimi ili” kimi də yazıldı. Bu mühüm addım ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ədəbiyyatımıza, tariximizə, keçmişimizə, bu günümüzə bağlılığını və yüksək dəyərini təsdiqləyir.

Ümummilli Lider ölkəmizə rəhbərliyinin birinci dövründə elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir. Həmin tədbirlər sırasında Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun Tədbirlər Planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunmasını xüsusi qeyd etməliyik. Məhz həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin şərəfinə möhtəşəm heykəl ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi dəsti-xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimiz və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atıb. Onların sırasında 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Sərəncamı və 2013-cü il 9 aprel Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin 15 noyabr 2018-ci il tarixdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması ilə bağlı imzaladığı Sərəncam da bu diqqətin və qayğının davamı kimi qiymətləndirildi. Sözsüz ki, bu da bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatının nadir simalarından birini olduğunu göstərdi.

Cənab İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etməklə onu da bildirdi ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir: “Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.” İmadəddin Nəsiminin Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən öncəki Azərbaycan, o cümlədən Şərq ədəbiyyatının ən görkəmli nümayəndəsi olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli açıqlamasında bildirir ki, Nəsimi qiymətli ideyaları, poetik ifadələri ilə tarixdə silinməz izlər qoyub, ədəbiyyatımızı zənginləşdirib, ana dilimizi mükəmməl ədəbi dil səviyyəsinə yüksəldib: “Şairin humanist, vətənpərvərlik ideyaları, bədii irsi ilə yaddaşlarda qaldığını, “Məndə sığar iki cahan” qəzəli ilə insanın əzəmətini, kamilliyini nümayiş etdirdiyini də xüsusi qeyd edə bilərik”.

Mənsumə Babayeva, “İki sahil”