25 dekabr 2019 20:03
803

Mütəfəkkir şairə həsr olunmuş nəşrlərin təqdimatı

Milli Kitabxanada “Nəsimi ili” təntənəsi: Mütəfəkkir şairə həsr olunmuş nəşrlərin təqdimatı

M.F. Axundov  adına Milli Kitabxanada bu qurumun və Mədəniyyət Nazirliyinin  birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi “Son səfər” povestinin, “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabının və “İmadəddin Nəsimi-650” Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli  Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, təqdimatın Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini söyləyərək dövlət başçısına mərasim iştirakçıları adından xoş arzularını çatdırıb. Nəsiminin ədəbi irsinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirən Kərim Tahirov hələ uzun müddət öncə- 1973-cü ildə UNESKO səviyyəsində Nəsiminin 600 illik yubileyinin məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdığını, hazırda  Nəsiminin xatirəsinə və ədəbi-fəlsəfi irsinə böyük diqqət ilə yanaşıldığını  diqqətə çatdırıb: “2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə - UNESCO-nin baş qərargahında Nəsiminin vəfatının 600 illiyi, 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi İncəsənət Festivalı, o cümlədən 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə  həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.  Bütün bu tədbirlərin müstəsna əhəmiyyəti həm də ondadır ki, böyük mütəfəkkir İmadəddin Nəsimi bununla dünyada  Azərbaycan şairi kimi tanıdılır. “Nəsimi ili” çərçivəsində böyük mütəffəkkirin zəngin ədəbi irsini əks etdirən nəfis tərtibatda kitablar nəşr olunub, o cümlədən Milli Kitabxana tərəfindən “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın bır sıra ölkələrindən İmadəddin Nəsiminin 30-a yaxın əlyazmaları, eyni zamanda, Nizami Gəncəvinin 3 əlyazmasının surətləri əldə edilib və orijinallığı qorunaraq nəfis tərtibatda çap edilib. Bu layihənin davamı olaraq  Sankt-Peterburqda olan Azərbaycanın görkəmli şəxsiyyətlərinin əsərlərinin nadir nüsxələri, qiymətli əlyazmalarının və digər materialların, o cümlədən klassik Azərbaycan yazıçı və şairlərinin əlyazmalarının və XIX-XX əsrin əvvəllərində çap olunmuş dövri mətbuat materiallarının araşdırılaraq siyahısının tərtib olunmasına başlanılıb. Eyni zamanda, Milli Kitabxana tərəfindən “Nəsimi ili”nə töhfə olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından İmadəddin Nəsimi fundamental biblioqrafiyası və “İmadəddin Nəsimi-650” elektron məlumat bazası hazırlanaraq geniş ictimaiyyətə təqdim edilib. Tanınmış yazıçı Hüseynbala Mirələmovun bu gün təqdimatı keçirilən “Son səfər” povestinin də “Nəsimi ili”nə mükəmməl bədii töhfə olduğunu da qeyd etmək yerinə düşər”.

Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək dəyərləndirərək hazırda  ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın   regionun qabaqcıl dövlətləri sırasında yer aldığını vurğulayıb. Tədbir iştirakçıları adından dövlət başçısına öz təbriklərini çatdıran nazir 2019-cu ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru, eyni zamanda Prezidentin Azərbaycanın ədəbi, fəlsəfi irsinə böyük sayğısı kimi dəyərləndirib: “Hələ Ümummilli Liderin qətiyyəti sayəsində uzun illər əvvəl Bakıda Nəsiminin heykəli ucaldılıb, onun haqqında bədii film çəkilib, metro və rayon şairin adına adlandırılıb, böyük mütəfəkkirin  əsərləri ana dilində kütləvi çap olunub. Müstəqillik dövründə  Prezident İlham Əliyevin imzaladığı sərəncamlar isə  şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayır, ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsi  daha geniş şəkildə tədqiq və təbliğ olunur. “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər hələ davam edir. “Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də reallaşacaq. Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub”.

“İmadəddin Nəsimi. Biblioqrafiya”sının hazırlanmasını “Nəsimi ili”nə dəyərli töhfə hesab edən nazir bildirib ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti də xüsusi yer tutur.

Tədbirdə İmadəddin Nəsimi haqqında qısa film nümayiş olunub.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında “Nəsimi ili” çərçivəsində təmsil olunduğu qurumda Nəsiminin yaşadığı dövrə aid və özündən sonrakı nəsillərə nüfuz edən fəlsəfi ideyalarının öz əksini tapdığı 30-a yaxın kitabın çap edildiyini deyib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov İmadəddin Nəsiminin zəngin yaradıcılığından söz açıb, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı əsərlərin müəllifi olan Nəsiminin yaradıcılığını dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyətə malik məxəz kimi dəyərləndirib.

Milli Məclisin deputatı, professor Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və professor Rüstəm Kamal  çıxış edərək Seyid İmadəddin Nəsiminin zəngin ədəbi irsi haqqında düşüncələrini  bölüşüblər.  Çıxışlarda Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan  “İmadəddin Nəsimi. Biblioqrafiya”sı fundamental nəşr kimi səciyyələndirilib. Çıxış edənlər Hüseynbala Mirələmovun “Son səfər” povestində şair-mütəfəkkir Nəsimini XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edildiyini, oxucuya xəlqi şair kimi təqdim olunduğunu, əsərin oxunaqlı bir dildə qələmə alındığını qeyd ediblər.

Sonra “İmadəddin Nəsimi-650” elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub.

Gənc şair Sevindik Nəsiboğlu İmadəddin Nəsimiyə həsr etdiyi şeiri səsləndirib.

Sonda yazıçı -publisist, professor Hüseynbala Mirələmov çıxış edərək tədbirin təşkilatçılarına və mərasim iştirakçılarına minnətdarlığını bildirib, “Son səfər” kitabı haqqında söylənən xoş sözlərin gələcək yaradıcılığı üçün xoş stimul yaratdığını bildirib.  

Sevinc Abdullayeva, “İki sahil”