02 oktyabr 2019 15:27
940

“Sosiska satmaq istəyən kanallar məşhurlardan istifadə etdi”

Müğənni və bəstəkar Murad Arif  İTV-də yayımlanan "3D" proqramında qonaq olub.

"İki sahil" Axşam.az-a istinadən bildirir ki, o, "Eurovision" barədə sualları cavablandırarkən iradlarını dilə gətirib.

"11 dəfə "Eurovision"da təmsil olunmağımıza baxmayaraq, cəmi iki dəfə azərbaycanlı bəstəkarlarla çalışılması rəzalətdir. Azərbaycan musiqisinin təbliğatına bu qədər maraq olmasına rəğmən, onun rəngini göstərə bilmirik. Halbuki bu ölkənin Vaqif Gərayzadəsi, Aygün Səmədzadəsi, Gövhər Həsənzadəsi və digər bəstəkarları var. Üç dəqiqəlik pop mahnı nə şeydir ki... Formatı, ritmi de, mövzunu söylə, biz yazaq da.

Özüm kifayət qədər böyümədiyim üçün bu fikrim görməzdən gəlinir. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, media bu barədə düşünməlidir".

M.Arif şou-biznesin çirkab kimi təqdim edilməsinin günahını özəl televiziyalarda görüb:

"Formalaşmaqda olan özəl TV-lər son 10 ildə ölkəmin istedadlı, zövqlü insanlarını üz-üzə qoydular. Onların da canında az deyil. Sənət adamları emosional olur. Yersiz məqamda yersiz ifadələr işlədir. Bundan reytinq qazanmaq, öz sosiska-kolbasalarını satmaq istəyən özəl televiziya institutları bacardıqları qədər sui-istifadə etdilər. Klip saatları çıxarıldı, yerinə qalmaqal verilişləri çoxaldı. Aygünü, Faiqi, Brilliantı, Zülfiyyəsi mahnı yazıb, klip çıxarmaq həvəsində olmadı. Bu sujetlər çoxaldıqca, insanlarda rəy yarandı: Müğənni içir, ağzına gələni danışır, filan şəkildə özünü təqdim edə bilmir və sairə. Azərbaycanda "MTV Azərbaycan" olduğu üçün digər özəl kanallardakı verilişlərə getmirəm. 15 il öncə məcbur idim ki, palaza bürünüb, yerlə sürünüm. İndi hər şeyi yenidən başlamaq çətindir. Həmin sujetlərə, xəbərlərə görə, şou-biznes qeyri-ciddi, əyyaşlıq, pozğunluqla sərhədlənən çevrədir".