26 sentyabr 2019 16:20
1158

Ənvər Həsənoğlu: Türk dili bizi bir-birimizə bağlayan bir dildir

Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hisslər arasında qırılmaz bir bağlılıq vardır.

AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda keçirilən XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış mərasimində Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin və Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu səsləndirib.

Ənvər Həsənoğlu qeyd edib ki, tələbə və şagirdlərimiz, yazıçılarımız, jurnalistlər və digər yaradıcı insanlar dilimizin zənginliyini duyur, onun inkişafı üçün əllərindən gələni edirlər. “Bu istiqamətdə daha böyük işlərin görülməsi vacibdir. Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır”, - deyə Ə.Həsənoğlu vurğulayıb.

XIV Beynəlxalq Böyük Türk Qurultayının və 87-ci Türk Dili Bayramının keçirilməsini təqdir edən Ə.Həsənoğlu tədbirin iştirakçılarına uğurlar arzulayıb.