26 sentyabr 2019 13:56
1613

Qədim Kürdəxanı modern qəsəbəyə çevrilib

Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində qədim Kürdəxanı modern qəsəbəyə çevrilib

Qlobal aləmdə sürəkli baş verən neqativ hadisələrin Azərbaycana təsiri olmasa da fikirlərimizdə, ovqatımızda, gündəmimizdə əks olunması məcburiyyəti qarşısında qalırıq. Yaxın Şərqdəki hərbi proseslər - Suriya problemi, Səudiyyə Ərəbistanının strateji obyektlərinə təhdid, Amerikadakı dağıdıcı qasırğalar, Rusiyadakı meşə yanğınları, qonşumuz İrandakı iqtisadi problemlər, Ermənistanın təcavüzü və eləcə də atəşkəsin daim pozulması, Gürcüstanın qədim alban abidəsinə iddiası barədə açıq informasiya məkanından aldığımız xəbərlər bəzən ölkəmizdə gedən prosesləri daha yaxından izləməyi bizə unutdursa da, elə əlamətdar hadisələr var ki, ictimaiyyətimiz onları qiymətləndirməyi də bacarır. Bu minvalla ümumidən xüsusiyə keçib yaşadığım Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində gedən quruculuq-abadlıq işlərinə buranın sakini kimi minnətdarlıq hissi ilə münasibət bildirməyi özümə borc bilirəm.

Kürdəxanı Bakının qədim kəndlərindən biridir. Kəndin qədim adının Gordaxana olmasının daha münasib versiya olduğuna açıqlama vermək istəyirəm. Burada əvvəllər əhalinin dəmirçilik və ipəkçilik ilə məşğul olmasına dair kifayət qədər sübutlar var. Dəmirçi emalatxanalarında kəsici alət olan gorda düzəltməkdə məşhur ustalar var idi ki, qonşu kəndlərdən də gəlib onlara sifarişlər verərdilər. Ərazini nişan verəndə ən münasib ad kimi gordaxana deyərək səslənərdilər ki, bu ad da günümüzə  Kürdəxanı olaraq gəlib çatıb. O dövrdən indiyə kimi “Bıçaqçı yolu” deyilən ərazi yaşlı nəsillərdən ötürülərək ən gənc qəsəbə sakinlərinin belə beyninə həkk olub.

“Şabran yolu” deyilən ərazi də var ki, baramaçılıq ilə məşğul olan dövrlərdə qədim Şabrandan bura gəlib ipək aldıqlarına görə əhali onu belə adlandırmışdı. Xəzər sahilində olduğuna görə qədim dövrlərdə Türkmənistan ərazilərindən buralara xeyli quldur basqınları da olurdu. Ona görə də kəndin yaşayış hissəsi daha çox dənizə tərəf, əhalinin əkin torpaqları ilə daha çox içərilərə tərəf, hətta indiki Zabrat qəsəbəsinə kimi uzanırdı. Sovet dövründə kollektiv təsərrüfat olanda yadımdadır ki, indiki Məhəmmədi qəsəbəsinə yaxın ərazilərə kimi bağ, əkin sahələri var idi. Üzümlüklər, əncirliklər də yaxşı yadımdadır. Hətta deyirdilər ki, Stalin Abşeronu yaxşı tanıdığına görə Novxanıdan ağ şanı, Kürdəxanıdan əncir və qara şanı üzüm sortları o vaxtlar Kremlə göndərilirmiş. 1918-ci ildə ermənilərin Azərbaycana hücumu zamanı buranın bir-birinə düşmən olan qoçuları belə birləşərək savaşa qalxmış, kəndin sərhədlərinə çatmadan erməniləri darmadağın eləmişdilər.

Niyə bu qədər təfsilat verməyimdə məqsəd var. 70-ci illərdə mənim orta təhsil aldığım köhnə məktəb olmuş ərazidə fabrik fəaliyyətə başladı, daha sonralar xalçaçılıq müəssisəsi açıldı. 80-ci illərdə ilk dəfə Kürdəxanıda asfatlama işləri başladı. Bu qədər zəngin keçmişi olan yaşayış məskənində ağlım kəsəndən bəri indiki səviyyədə, hazırkı miqyasda heç vaxt abadlıq işləri aparılmamışdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bura gəlişindən sonra böyük işlərə start verildi. Qəsəbənin yollarının böyük hissəsi yenidən quruldu. Xoşbəxt Yusifzadə və Vasim Məmmədəliyev kimi akademiklər, mənim kimi Xalq artisti, onlarla professor, elmlər doktoru yetirmiş 113 saylı məktəbin əsaslı təmiri burada təhsil alan uşaqlarımıza böyük hədiyyə oldu. Məktəb binası döşəmədən tavana kimi, damına kimi sökülərək yenidən quruldu və avadanlıqlarla təchiz edildi. Hətta yeni məktəb binasının inşa edilməsi üçün ərazi ayrıldı və işə start verildi. Artıq övladlarımızın dərslərini oxumamaq üçün heç bəhanəsi qalmadı.

Bu qəsəbənin heç vaxt istirahət parkı olmamışdı. Amma Mehriban xanımın göstərişi ilə sakinlərimiz üçün “Zeytun bağı” parkı yaradıldı. Baxımsız qalan zeytunluq abadlaşdırılaraq infrastuktur yaradıldı. Qəsəbənin əsas yolları işıqlandırıldı. Bütün bu hadisələr 3 aydan bir az çox müddətə başa gəldi. Sakinlərimizin sevincinin həddi-hüdudu yox idi. İlk dəfə asfalt döşənən küçələrdə əhali yol ustaları ilə mehriban ünsiyyət qurur, isti yay günlərində kimi onlara sərin su verir, nahar fasiləsində kimisi də həyətinə dəvət edib çay süfrəsi açırdı. Qəsəbənin imkansız sakinləri üçün tibbi əməliyyata ehtiyacı olan yaşlı və cavan xəstələrin müayinə və müalicəsinə imkan yaradıldı. Qəsəbənin 100-dən çox sakininə iş yeri açıldı. Bütün bunlardan əvvəl də işlər görülmüşdü. Köhnə ambulatoriya ləğv edilərək əvəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kürdəxanı Sağlamlıq Mərkəzi inşa edilmişdi. Əhaliyə daha operativ xidmət üçün Təcili Yardım Stansiyası yaradılmışdı. Əvvəllər qəsəbə klubunda məskunlaşmış Kürdəxanı Bələdiyyəsi üçün yeni bina tikilib istifadəyə verilmişdi. Qəsəbənin bağ ərazilərinə daha yaxın və təhlükəsiz keçidi üçün yenidən qurulan dəmir yolunun altından tunel inşa edildi. Bakı Dairəvi yolunun Kürdəxanıdan Sumqayıta kimi uzanan hissəsi bu yerlərin sakinləri üçün olduqca əhəmiyyətlidir. İndi 20 dəqiqəyə Sumqayıta, 30 dəqiqəyə aeroporta çatmaq imkanından bütün qonşu qəsəbələr də yararlanırlar. Amma yuxarıda sadaladığım son 3 ayda görülən işlər sözün titanik mənasında bizim üçün olduqca qiymətlidir. Ona görə qəsəbəmizin ziyalı zümrəsi adından Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sevinirəm ki, bu işləri öz gözlərimlə görmək 73 yaşında mənə nəsib oldu.

Yenə qayıdıram əvvələ. Məqalənin girişində qeyd etdiyim dünyadakı neqativ tendensiyaların içində ölkəmizdə görülən işlər məni sabaha ümidləndirir, yaşamaq üçün motivasiyaya çevrilir və yaradıcılığa davam etmək üçün stimul olur. Dövlət xadiminin gərgin iş qrafikində qəsəbə sakinlərinə diqqəti hamımız üçün dəyərlidir. Mehriban xanıma bu yolda uğurlar, möhkəm cansağlığı arzusu ilə bir daha minnətdarlığımı ərz edirəm.

Vamiq Məmmədəliyev,
Xalq artisti, professor