25 sentyabr 2019 19:46
864

Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulub - VİDEO

“Qədim tarixə və zəngin mədəniyyətə malik olan Çin haqlı olaraq müasir sivilizasiyanın beşiklərindən biri sayılır. Əsrlər boyu çinlilər bəşəriyyətin inkişafına böyük töhfələr veriblər. İpəyi, çin qabları, barıtı, kağızı və digər faydalı məhsulları bəşəriyyətə bəxş edənlər məhz onlardır. Böyük Çin Səddi qədimdən bu ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur və Yer üzündə kosmosdan müşahidə edilən yeganə abidədir. Tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi olan ölkə kimi diqqəti cəlb edən Çinlə Azərbaycan arasında əlaqələrin yaranması coğrafi uzaqlığa baxmayaraq eramızdan əvvələrə təsadüf edir. Qədim Azərbaycan dövlətləri beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə Tarixi İpək Yolu müəyyən əlaqələrin formalaşmasında əsas vəsilə olmuşdur.”

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin  sədri, professor Hadi Rəcəbli bildirdi.

H.Rəcəbli qeyd etdi ki, iqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətdə nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran və bu gün yaradılmasının 70-ci ili tamam olan Çin Xalq Respublikası ilə Azərbaycan arasında çağdaş dövrdə siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb. Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Belə ki, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alır. Bu ölkə Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri bugünkü münasibətlərin dayanıqlı təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyevin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Səfər zamanı Azərbaycanla Çin arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanmışdır. Çindən qayıdarkən Almatıda jurnalistlərlə söhbətində Heydər Əliyev səfərin yekunlarını belə dəyərləndirib: “Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük Ipək yolu” və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”.

Komitə sədri vurğuladı ki, Prezident İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi ötən son 16 ildə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalaşmışdır. Xüsusən cənab İlham Əliyevin Çinə 2005-ci ildə rəsmi, 2015-ci ildəki işgüzar səfərləri əlaqələrin inkişafına və canlandırılmasına mühüm töhfələr verib. Hər iki səfər ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynamış və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnmişdir. Hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur. Azərbaycan Prezidentinin bu ilin aprel ayında Çinə son səfəri zamanı bu ölkə ilə 820 milyon ABŞ dolları dəyərində daha 10 saziş imzalanmışdır. Bununla da indiyədək iki ölkə arasında imzalanmış hüquqi sənədlərin sayı 77-yə çatmışdır.

Hadi Rəcəbli diqqətə çatdırdı ki, coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaratmışdır. Təsadüfi deyil ki, 1993-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2018-ci ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olmuşdur. Bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

“Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Onlar sənaye və İKT layihələrinin reallaşdırılmasında iştirak edirlər. Son illərdə Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Çünki Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir”-deyə, komitə sədri bildirdi.

Komitə sədri qeyd etdi ki, 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək Yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edir. Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol”” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın “Şərq-Qərb” nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol”” təşəbbüsünü dəstəklədiyini bildirib. Cari ilin aprel ayında Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol”” Beynəlxalq Əməkdaşlıq Forumuna isə Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı. Forumdakı çıxışı zamanı möhtərəm Prezidentimiz ölkəmizin “Bir kəmər, bir yol”” təşəbbüsünü dəstəklədiyini bəyan etdi: “Azərbaycan lap əvvəldən Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol”” təşəbbüsünü dəstəkləyib. Bu layihə təkcə nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Son olaraq Hadi Rəcəbli qeyd etdi ki, yüksək siyasi münasibətləri iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb. Əlaqələrimizin 20 illiyi və ÇXR-nin yaranmasının 70-illiyi münasibəti ilə mənim rəhbərliyimlə YAP nümayəndə heyəti sentyabrın 11dən-16-dək Çində səfərdə oldu. İşgüzar səfər çərçivəsində keçirilən görüşlər, konfranslar Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasını daha bir təsdiq etdi.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
“İki sahil”