31 may 2019 21:11
1650

Bakıda “Ebru, təzhib, çini” sərgisi açılıb

Mayın 31-də Bakı Yunus Əmrə İnstitutu və Sənət və Məslək Kurslarının (BUSMEK) birgə əməkdaşlığı ilə ebru, tezhib və çini kursları bitirən tələbələrin əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunda təşkil olunan sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrdən danışıb. Ebru, təzhib və çini kimi ənənəvi sənətlərin yaşadılmasının əhəmiyyətinə toxunan səfir Azərbaycanda bu cür layihələrin bundan sonra da dəstəkləyəcəklərini bildirib. “Bu sərgi bu sənətə maraq göstərənləri bir araya toplamaq üçün xüsusi önəm daşıyır. Sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm, sərginin işinə uğurlar arzulayıram”,- deyə səfir qeyd edib.

Bakı Yunus Əmrə İnstitutunun müdir əvəzi Ali İhsan Çevik, BUSMEK-in təlimçisi Yasin Elmas sərgi barədə fikirlərini bölüşüblər.

Qeyd edilib ki, kurslar ötən ilin oktyabrın 15-dən 43 tələbənin iştirakı ilə təşkil olunub. Sərgidə kursu bitirən tələbələrin 56 ebru, 25 tezhib və 20 çini əsəri nümayiş olunur.

Sonda tələbələrə sertifikatlar təqdim olunub.

Sərgi iki həftə davam edəcək.