Bu üsul onların hər zaman istifadə etdikləri yollardandır: siyasi maraqlarını gizlətmək üçün sosial məsələləri, insanların həssas yanaşacaqları mövzuları qabartmaq, gündəmə gətirmək. Beləliklə də, ölkədə keçirilən mühüm beynəlxalq tədbirlər zamanı diqqəti bundan yayındırmaq, həm də görülən işləri gözdən salmaq...
İçərişəhərlə bağlı “fototəxribat” da bu qəbildən ortaya atılan vasitə oldu. Məsələyə sosial don geyindirməyə çalışsalar da çox tezliklə məlum oldu ki, bu onların oyunudur - Azərbaycanın milli maraqlarını hər addımda ləkələməyə hazır olan məlum siyasi oyunbazların, özlərini müxalifətin “anası” hesab edənlərin...
Mövzunun təxribat xarakterli olması onların öz sözlərindən də məlum olur. Amma nədənsə cəmiyyətin diqqətindən yayınır. Sözügedən hadisədə Əli Kərimlinin fotomüxbiri rolunda oynayan Aslan İsmayılov yaydığı videoda bildirir ki, bu fotoları ötən ilin son aylarında, axırıncısını isə bu il yanvarın 1-də çəkib. Əgər ehtimal etsək ki, belə bu fotolar həqiqidir, onda belə bir sual yaranır: niyə bu dörd ayda problemi ictimailəşdirmək A.İsmayılovun ağlına gəlməyib? Məhz indi, Formula 1 yarışları günlərində onun ürəyində “İçərişəhər sevgisi” baş qaldırıb?
Əlbəttə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələyə tam aydınlıq gətirib. Media nümayəndələrinin iştirakı ilə keçirilən turda da məlum olub ki, həmin fotoların bir neçə illik tarixi var və onlar heç də söküntü prosesini deyil, əksinə bərpa işlərini nümayiş etdirir. O da bildirilib ki, idarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir: “Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri olaraq hər zaman qalacaqdır... İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir”. Bu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı açıqlamadandır.
Belə olan halda yuxarıda səsləndirilən sualların cavabı aydın olur. Bu, hər zamankı kimi, Azərbaycanın uğurlarına dözməyən, bu uğurlara hər cür ləkə yaxmağa çalışanların, onların önündə gedən Əli Kərimli və dəstəsinin fitnəsindən başqa bir şey deyil.
Axı, yenə də bütün beynəlxalq diqqət Azərbaycandadır. Dünyanın ən prestijli yarışlarından olan Formula 1 Bakıda keçirilir. Azərbaycan Avropa Birliyi ilə “Strateji tərəfdaşlıq sazişi” imzalamaq ərəfəsindədir. Deməli, ləkə yaxmaq üçün əsl məqamdır. Belə vəziyyətdə bu cür həssas məsələlərlə cəmiyyətin fikrini çaşdırmaq asandır. Ə. Kərimli də məhz bu işdə “usta” olduğu üçün əməllərindən geri qalmayıb.
Öncə sahibsiz itlərlə bağlı məsələni gündəmə gətirdilər, guya hicablı qadınlara təzyiqlərin olması ilə davam etdilər, nəhayət bu “fototəxribat”la davam etdilər. Lakin hər zamankı kimi iç üzləri tez ifşa olundu. Niyyətləri yarı yolda qaldı...
Taleh Turqut, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub