Dövlətimizin başçısı İlham Əliyevin son Fərman və sərəncamları mədəniyyət və incəsənət xadimlərinin məsuliyyətini daha da artırır
Yazıya ulu öndər Heydər Əliyevin bu fikirləri ilə başlamaq istərdim: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir."
Zəngin tarixə, mədəniyyətə, incəsənətə, milli mənəvi dəyərlərə malik olan Azərbaycan bütün dövrlərdə bu kimi xüsusiyyətlərinə sahib çıxıb, qoruyub, inkişaf etdirib. Bu mühüm məqamı da qeyd edək ki, ədəbiyyatımızın, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, cığırlar açmış, yeni formalar meydana gətirmişlər.
Təkcə son bir ildə, ən əsası cari ilin ötən dövründə iqtisadi inkişafın tamamlandığı sosial siyasətə diqqət yetirdikdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinin, həmçinin kino və teatrlarımızın inkişafı ilə bağlı atılan addımların əsas yer tutduğunu görərik.
Məlum olduğu kimi, bu ilin martında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Azərbaycanın ayrı-ayrı sahələrdə keçdiyi inkişaf yolundan geniş bəhs edən cənab İlham Əliyev "O ki qaldı, mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq" söyləyərək diqqəti görülmüş işlərə və qarşıda dayanan vəzifələrə yönəltdi. Teatrlarımızın, muzeylərimizin, dini abidələrimizin əsaslı şəkildə təmirindən, Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çapından, kinoteatrların yaradılmasından, özəl kinoteatrların fəaliyyətə başlamasından, görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələrin qoyulmasından geniş bəhs edən dövlətimizin başçısı bildirmişdir ki, görülən bütün işləri yada salmaq çətindir.
Cənab İlham Əliyev qeyd olunanların ardınca "İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq" söyləyərək, mədəniyyət və incəsənət xadimlərini narahat edən məsələləri dinləmiş və vurğulamışdır ki, ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır.
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündən ötən qısa zamanda bu istiqamətdə görülən işlərin miqyasını genişləndirmək, bu kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək üçün atılan addımlara, imzalanan Fərman və sərəncamlara diqqət yetirdikdə böyük qürur hissi keçirə bilərik. Təbii ki, atılan hər bir addım həmin sahənin işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Məsuliyyət və işgüzarlığın, ən əsası qarşıya qoyulan məqsədlərin birləşdirilməsi fonunda yüksək nəticələrə nail olmaq mümkündür.
Prezident İlham Əliyevin 5 mart 2019-cu il tarixli "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında", həmçinin 11 mart 2019-cu il tarixli "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamlarının davamı olaraq 17 aprel 2019-cu il tarixli "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Sərəncamı mədəniyyət və incəsənət xadimləri tərəfindən böyük rəğbətlə qarşılanır. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi əsasdır. Bunun üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, 12 teatra 100 min manat ayrılması nəzərdə tutulur.
Xalq artisti Afaq Bəşirqızı Prezidentin məlum sərəncamları ilə bağlı fikirlərini “İki sahil” ilə bölüşdü:
- Bu xəbər məni çox sevindirdi. Hazırkı dövrdə teatrların maddi-texniki, ümumiyyətlə, texniki bazasının yaxşılaşdırılmasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı davamlıdır. Onlara öz minnətdarlığımı bildirirəm. Diqqət yetirsək, ölkə Prezidentinin mədəniyyət və incəsənət xadimləri ilə görüşündən sonra bütün sənətkarlara, teatrların inkişafına göstərilən diqqət daha da artıb. Bu, Azərbaycan mədəniyyətinin, incəsənətinin parlaq gələcəyi, sənətkarların yetişdirilməsi üçün mühümdür. Ən əsası, sənətkarların sənətə olan inamının artmasıdır. Buna görə də cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, teatrların problemlərinə diqqət daha da artırıldı. Möhtərəm Prezidentimiz bu kimi məsələləri diqqətdən kənarda qoymadı.
Martın 1-də keçirilən görüşdən bizləri çox da böyük vaxtın ayırmadığını xatırladan Afaq Bəşirqızı qeyd etdi ki, artıq dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Əmək haqlarının artırılması, iki teatra "akademik" statusunun verilməsi kimi mühüm addımlar bizi çox sevindirir.
Afaq Bəşirqızı bu mühüm məqamı da qeyd etdi ki, aktyorlar öz problemlərini xalqa bildirmək istəmir, təbii ki, söhbət əsl sənətkarlardan gedir: "Sənətkar əlçatmaz, onun mətbəxi, şəxsi həyatı bağlı, sənətkar və tamaşaçı arasında qalın pərdə olmalıdır. O pərdənin arxasından tamaşaçı sənətkarı görməməlidir. Bir sözlə, sənətkar adiləşməməlidir."
Xalq artisti vurğuladı ki, dövlətimizin başçısı İlham Əliyevin bu sahədə son Fərman və sərəncamları bu kimi mühüm məsələlərin həllinə stimuldur: "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" prinsipini əsas tutmalıyıq. Xarici arenada dövlətimizi, mədəniyyətimizi təmsil etməliyik. Bu mühüm addımlar hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Hər kəs bu məsuliyyəti dərk etməli, səyləri birləşdirib məqsədə doğru inamla addımlamalıyıq."
Qeyd olunanlar əsasında bu ümumiləşdirməni apara bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin davamlı tədbirləri bu sahədə mövcud boşluqların aradan qaldırılmasını şərtləndirəcək. Ən əsası teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, teatr işçilərinin əmək haqlarının artırıılması onları daha səylə, məsuliyyətlə çalışmağa, potensial imkanlarını bu günə qədər bir neçə teatrla paylaşdıqları halda bu gün bir məkanda birləşdirməklə, bu sahənin inkişafına dəstək olacaq, öz töhfələrini verəcəklər.
Yeganə Əliyeva,
Şəmsiyyə Əliqızı, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub