16 aprel 2019 10:42
1379

Uğurlara aparan yol öyrənməkdən və çalışmaqdan keçir

“İki sahil” qəzeti  və internet televiziyasının gələcəyimizin qurucuları  olan qabaqcıl gənclərlə “Gəncliyimizin  sədası” adlı yeni layihəsində növbəti həmsöhbətimiz  VI  Muğam Müsabiqəsinin qalibi, AzTV-nin solisti, gənc xanəndə Almaxanım Əhmədlidir. Gənc ifaçının  hələ 13 yaşındaykən muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət “Qarabağ” adlı ilk audio diski işıq üzü görüb.  2014-cü ilin mart ayında türk xalqları üzrə Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi kimi “Bürünc” medala layiq görülüb və diplomla təltif olunub.

Gənc muğam ifaçısı ilə söhbətimizə az rast gəlinən adının haradan qaynaqlandığı ilə bağlı sualımızla körpü atdıq: “Atamın anasının adını daşıyıram və bu ismi çox sevirəm.  Musiqisevər  bir ailədə böyümüşəm. Atam Vüqar Əhməd ədəbiyyat sahəsində fəaliyyət göstərsə də, violonçel təhsili alıb, indi də asudə vaxtlarında piano,  kamança çalmaqla məşğul olur. Belə bir mühitdə yetişdiyim üçün mən də gördüyümü götürmüşəm, uşaqlıqdan musiqiyə həvəsim yaranıb. 13 saylı musiqi məktəbinin muğam sinfində təhsil almışam.  Hazırda Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsində Əməkdar artist, muğam ustası Təyyar Bayramovun sinfində ikinci kurs tələbəsiyəm.

Muğam müsabiqəsində qalib olmağım mənə gələcəkdə bu sahədə özümü daha da inkişaf etdirmək üçün əlavə stimul verdi. Bəzən bəstəkar mahnılarımıza, retro musiqilərimizə də müraciət edirəm. Amma özümü daha çox muğamda tapıram. Çalışıram ki, bütün ustad sənətkarlarımızın ifalarını dinləyim”.

Həmsöhbətimiz bildirdi ki, muğam müsabiqəsinin qalibi olduqdan sonra 2017-ci ildə solist olaraq AzTV-yə işə dəvət edilib:  “Artıq iki ildir AzTV-də çalışıram. Tacikistanda, Gürcüstanda və digər xarici ölkələrdə muğam triosunda çıxış etmişəm. Dövlətimiz bizləri  seçib Azərbaycan musiqisinin təmsilçisi kimi xaricə göndərir. Bu, bizim üçün həm qürurverici, həm də çox məsuliyyətli bir işdir. Ümid edirəm ki, gələcəkdə səfərlərimizin davamı olar  və biz də çalışarıq ki, ölkəmizin mədəniyyətini, muğamımızı  xaricdə bundan sonra da layiqincə təmsil və təbliğ edək.

Muğam bizim mənəvi irsimizdir, kökümüzdür. Bu ali irsi  təmsil etmək mənim üçün böyük şərəfdir. Bütün muğamlarımızı sevirəm, amma “Dilkeş” muğamı ruhuma daha yaxındır. Bu muğam duyğularıma xitab edir, xüsusilə də Xalq artisti Arif Babayevin ifasında “Dilkeş”i dinləməyi daha çox sevirəm”.

Gənc xanəndə klassik şairlərimizin qəzəllərinin ifa olunduğu muğam gecələrində tez-tez iştirak etdiyini deyərək ifalarında demək olar ki, əksər klassik şairlərimizin  qəzəl yaradıcılığına müraciət etdiyini vurğuladı: “Muğamlarımızda klassik şairlərimizin qəzəllərini ifa edirik. Bildiyiniz kimi, 2019-cu il  Prezident İlham Əliyevin Sərəncamı ilə “Nəsimi İli” elan olunub. Bununla əlaqədar, muğamlarımızda dahi şair İmadəddin Nəsiminin qəzəllərinə indi daha çox müraciət etməyi düşünürük. Müasir qəzəlxanlardan Əliağa Vahidin yaradıcılığı  daha asan anlaşıldığı, dili daha xəlqi olduğu üçün ustad şairin qəzəlləri ifalarımızda üstünlük təşkil edir. Bildiyiniz kimi, dahi klassik şairlərimizdə izafət tərkibləri çox istifadə olunduğu üçün biz gənc ifaçılar bəzən nələrisə anlamaqda çətinlik çəkdikdə ustad sənətkarlarımıza üz tuturuq, onlardan öyrənirik”. 

Almaxanım Əhmədli seçdiyi sənətdə uğur qazanması üçün ailəsinin ona böyük dəstəyindən  söz açdı: “Atam şair Vüqar Əhmədi nəzərdə tutaraq bəzən soruşurlar ki, iki istedad bir evdə çətin olmur ki? Xeyr, əksinə, atam şeiri, musiqini əla bildiyi üçün hər zaman mənə dəstək olur. Ailəm mənim seçdiyim, sevdiyim sahədə uğur qazanmağım üçün əlindən gələni əsirgəmir. Atamın məsləhətləri, tövsiyələri həmişə köməyimə çatır. Xaraktercə mühafizəkaram, köhnəfikirliyəm (gülür), ona görə də atamın istər sənət, istər həyat barəsində məsləhətləri ürəyimdən olur.  Həm də təkcə atamdan yox, bu sənətə illərini vermiş ustadlarımızdan da həmişə öyrənməyə, onların tövsiyələrini dinləməyə çalışıram”.

Müsahibimiz son dövrlərdə gənclərin muğam ifaçılığına artan marağından da bəhs etdi: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  himayəsi və rəhbərliyi ilə son illərdə Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və dünyada təbliği sahəsində böyük işlərin həyata keçirilməsi  gənclərdə muğama olan marağı daha da artırıb. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi də Mehriban xanımın əməyinin nəticəsidir. Muğam bizim keçmişimizdir, dəyərli mənəvi irsimizidir.  Biz keçmişimizi yaxşı bilməliyik ki,  gələcəyimizi də ürəyimizcə qura bilək. Bizə çatdırılan  mənəvi irsimizi-muğam sənətini biz də layiqincə gələcək nəsillərə ötürməliyik. Bu, mənəvi borcumuzdur”.

Almaxanım Əhmədli gələcək üçün böyük arzularla yaşadığını  və uğurlara aparan yolun zəhmətdən, çalışmaqdan, öyrənməkdən  keçdiyini vurğuladı: “Bilirəm ki, arzularımı reallaşdırmaq üçün istedadla yanaşı, zəhmət də çox vacibdir. Hələ yolun əvvəlindəyəm, öyrənməli və muğamın incəliklərini mənimsəmək üçün çox çalışmalıyam. Ümid edirəm ki, gələcəkdə zəhmətlə istedadın birgə yol yoldaşlığı nəticəsində seçdiyim sahədə  uğurlarımın davamı gələcək”.

Sevinc Abdullayeva, “İki sahil”