Prezident İlham Əliyevin xalqımızın yekdil səsverməsi ilə yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür. Ümumən zaman müstəvisindən nəzər saldıqda bir il uzun müddət olmasa da, bu vaxt ərzində Azərbaycanda demək olar ki, bütün sferaların inkişafına yönəlmiş çoxsaylı tədbirlər və layihələr mədəniyyət sahəsini də əhatə edib.
Azərbaycanda son illərdə mədəniyyətin və incəsənətin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi kimi nəzərə çarpır. Ötən bir il ərzində mədəniyyətlə bağlı bir çox layihələr reallaşdırılıb. Bu müddətdə dövlətin milli musiqimizin tacı olan muğam sahəsinə növbəti qayğısını xüsusilə vurğulamaq istərdik.
Muğam Azərbaycanın uzun əsrlərə söykənən qədim və zəngin mədəniyyətinin kimlik vəsiqəsi olmaqla yanaşı, həm də xalqımızın mənəvi dünyasında özünəməxsus yer tutur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə muğam sənətimizin gələcəyə irs olaraq ötürülməsi baxımından sanballı layihələr gerçəkləşdirilir. Məhz Fondun həyata keçirdiyi layihələrin nəticəsi kimi 2003-cü ildə UNESCO tərəfindən Azərbaycan muğamının həm milli, həm də bəşər mədəniyyəti üçün bədii dəyəri nəzərə alınaraq “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib.
Muğam irsimizin yaşadılması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna rolu var. İndiyədək Bakıda, Ağcabədidə, Füzulidə Muğam mərkəzləri tikilərək istifadəyə verilib. Ötən bir il ərzində daha bir möhtəşəm Muğam Mərkəzi Ağdam rayonunda yaradılıb.
Ağdam Muğam Mərkəzi öz yüksək mənəvi dəyəri ilə yanaşı, həm də zövqlə inşa olunmuş, gözoxşayan müasir möhtəşəm memarlıq nümunəsidir.
Prezident İlham Əliyevin həmin mərkəzin açılış mərasimindəki nitqi bu gün də yaddaşlardadır. Dövlət başçısı çıxışında Ağdam Muğam Mərkəzinin yaradılmasını Azərbaycan xalqının və dövlətinin öz milli sənətinə çox böyük sevgi ilə yanaşmasının göstəricisi kimi qiymətləndirmişdi: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”.
Mədəniyyətin və incəsənətin inkişafını həmişə diqqətdə saxlayan Prezident İlham Əliyev çıxışlarında incəsənətimizin milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırdığını vurğulayır: “Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin. Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin bu günə qədər həyata keçirdiyi bütün işlər, ölkə həyatının demək olar ki, bütün sferalarında uğurla reallaşdırılan islahatlar həm də beynəlxalq ictimaiyyətə verilən mühüm mesajları özündə ehtiva edir.
Ağdam Muğam Mərkəzinin yaradılması da Azərbaycan dövlətinin öz mədəniyyətinə olan böyük ehtiramının və qayğısının təzahürüdür. Bu addım həm də Prezidentin bütün sahələrə diqqət yetirdiyi kimi, mədəniyyət və incəsənəti də diqqətdən kənarda saxlamadığının bariz ifadəsidir. Ağdam Muğam Mərkəzinin yaradılması digər tərəfdən həm də torpaqlarımızı işğal etmiş mənfur qonşularımız ermənilərə ünvanlanan ismarıcdır. Bununla da Azərbaycan Prezidenti çıxışlarında da vurğuladığı kimi, yaxın zamanlarda mütləq düşmən tapdağından azad ediləcək doğma Qarabağımızda möhtəşəm muğam mərkəzlərinin inşa etdiriləcəyinə sarsılmaz inamını nümayiş etdirir.
Ümumiyyətlə, ötən bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən çoxsaylı sosial, iqtisadi, hərbi, siyasi, hüquqi və mədəni islahatların əsas hədəflərindən biri vətəndaşların sosial rifahının və həyat şəraitinin yüksəldilməsi və müvafiq sahələrin inkişaf etdirilməsidirsə, digər əsas hədəfi də işğaldan azad ediləcək torpaqlarımızda yaradılacaq muğam mərkəzlərindən bir daha susmamaq şərtilə qələbə əhval-ruhiyyəli “Qarabağ şikəstəsi”nin havalandırılmasıdır... Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün bu islahatlarla Azərbaycan həmin hədəflərə hər gün daha da yaxınlaşır.
Sevinc Abdullayeva, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub