Sumqayıt Dövlət Dram Teatrın səhnəsi bu dəfə İsveçrəli musiqiçilərin ixtiyarına verilib. Əcnəbi duetin böyük maraqla qarşılanan konserti martın 30-dan aprelin 15-nə kimi ölkəmizdə davam edən “Frankofoniya həftələri” festivalı çərçivəsində reallaşıb. İsveçrə səfirliyinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı sayəsində gerçəkləşən konsert Sumqayıtın 70 illiyinə həsr olunub.
“Ah gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və İsveçrədə icad olunan musiqi alətində müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları böyük məharətlə ifa ediblər.
Konsertdən öncə tamaşaçıları salamlayan İsveçrə Konfederasiyanın Azərbaycandakı səfiri Filipp Ştalder təmsil etdiyi ölkə haqqında danışaraq, musiqini insanların bir-biri ilə təmas qurmasında vasitə olduğunu deyib. Xarici diplomat uzun turnedən sonra Azərbaycana gələn duetin Sumqayıt tamaşaçılarının zövqünü oxşayacağına əminliyini bildirib.
Sonra səfir dünyanın 20 ölkəsində alqışlarla qarşılanan məşhur həmvətənlərini səhnəyə dəvət edib. Son qastrol səfərləri zamanı Livan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliyada uğurla çıxış edən istedadlı cütlük bu dəfə sumqayıtlı tamaşaçıların qəlbini fəth edib. Musiqiçilərin virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətlə alqışlanıb. Mahir ustalıqla ifa olunan musiqi parçaları zalda konsert boyu təkrarolunmaz pozitiv atmosfer yaradıb. Musiqiçilərlə tamaşaçıların birgə rəqsləri, oxuduqları mahnılar konsertə xüsusi rəng qatıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov musiqiçilərə yaddaqalan çıxışa, yaratdıqları gözəl ovqata görə təşəkkürünü bildirib.
“Azərbaycan öz qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən müasir ölkədir”, – deyən T.Səmədov Sumqayıtda son zamanlar mədəniyyət ocaqlarının yüksək, müasir standartlar səviyyəsində təmir edilməsinin artıq beynəlxalq tədbirlərin keçirilməsinə rəvac verdiyini diqqətə çatdırıb.
Musiqiçilər Azərbaycanda olmaqdan məmnunluqlarını bildiriblər. Qeyd ediblər ki, Beyrutda olarkən ölkələrinin Livandakı səfiri onlara Bakının füsunkar, inanılmaz gözəl, möhtəşəm şəhər olduğunu vurğulayıb.
Orxan Vahidoğlu, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub