29 mart 2019 15:11
938

HBO “Çernobıl” serialının treylerini nümayiş etdirib

HBO telekanalı özünün “YouTube” səhifəsində “Çernobıl” adlı mini serialın iki dəqiqəlik treylerini yerləşdirib. AZƏRTAC xəbər verir ki, serialda 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında (AES) baş vermiş qəzadan danışılır.

Beş seriyadan ibarət filmdə əsas rollarda Emili Uotson, Stellan Skarsqard və Cared Harris çəkiliblər.

Birinci seriyanın premyerası 2019-cu il mayın 6-na nəzərdə tutulub.

1986-cı il aprelin 26-da baş vermiş Çernobıl qəzası bəşəriyyətin tarixində ən irimiqyaslı texnogen qəzaya çevrilib. Partlayış stansiyanın dördüncü blokunu tamamilə sıradan çıxarıb. Elə həmin ilin iyul-noyabr aylarında reaktoru ətraf aləmdən təcrid edən beton sarkofaq inşa edilib. Dağılmış reaktordakı şüalanmış nüvə yanacağının azı 95 faizi bu sarkofaqın içindədir.