Azərbaycan Prezidenti İlham Əliyevin martın 1-də ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşü bu sahədə çalışanlar arasında böyük rezonans doğurub. Onlar dövlət başçısının bu addımını yüksək qiymətləndirirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim, dosent Ümid İbrahimov və Soltan Hacvıbəyov adına şəhər 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Məhin Orucova öz fikirlərini qəzetimizin oxucuları ilə bölüşdülər.
Ümid İbrahimov: - Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu görüşü təsadüfi olmayıb ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gözəl ənənələrdən birinin davamıdır desək. daha düzgün olardı. Yaşlı və orta nəslin nümayəndələri Ulu Öndərimizin birinci hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin və incəsənətinin necə yüksəldiyini yaxşı xatırlayırlar. Aydın mənzərə yaratmaq üçün yalnız bir faktı xatırladacağam. 1970-ci ilə qədər Azərbaycanda bir nəfər də olsun mədəniyyət və incəsənət işçisi o vaxtın ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməmişdi. Ancaq dahi Heydər Əliyev Moskvada Kreml rəhbərliyi qarşısında bu ayrı-seçkilik məsələsini qaldıraraq Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, şair və yazıçılarımıza və bir çox başqalarına bu fəxri adların verilməsinə nail oldu. Onların əksəriyyəti SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatları oldular. İşlərinin nə qədər çox olmasına baxmayaraq dahi rəhbər mədəniyyət və incəsənət işçilərinin mənzil-məişət məsələləri ilə də maraqlanır və həll edirdi. Məhz onun himayəsi ilə keçən əsrin yetmişinci illərində bir çox sənət adamlarımız SSRİ məkanında və hətta dünya miqyasında tanındılar və şöhrət qazandılar. Bunun isə hələ o zaman Azərbaycanın dünyada o qədər də tanınmadığı bir dövrdə böyük təsiri oldu. Ona görə də, yaxşı deyiblər ki, musiqi dünyada sərhəd tanımır.
Məhin Orucova: - Cənab Prezidentimizin bu addımı gözlənilən idi. Çünki o, elə bir ailədə böyüyüb ki, bu ailədə hamı musiqini sevir, onu yüksək qiymətləndirir, bu sahəyə həmişə qayğı və diqqət göstərirlər. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın xalq mahnılarını necə sevdiyinin şahidiyik. Hətta yadımdadır ki, Ulu Öndərimiz görüşlərdə və tədbirlərdən sonra “Qaragilə”, “Küçələrə su səpmişəm” xalq mahnılarını, “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnılarını özü necə şövqlə ifa edirdi!
Çox incə yumora malik olan böyük rəhbərimiz bir tədbirdən sonra Naxçıvandan gələn ustad müğənni Abdulla Babayevlə söhbətində onunla hal-əhval tutduqdan sonra soruşdu: -Abdulla, sənin fəxri adın var? O da -Xeyr, cənab Prezident-cavabını verdi. Ulu Öndər başını ehmalca tərpədib heç bir söz demədi. Aradan bir neçə gün keçəndən sonra Abdulla Babayevin Xalq artisti fəxri adına layiq görülməsi barədə Prezident Sərəncamı rəsmi qəzetlərdə dərc olundu. Bir müddətdən sonra isə o, “Şöhrət” ordeni ilə də təltif edildi. Ümumiyyətlə, dahi rəhbərin mədəniyyətə, müsiqiyə, incəsənətə göstərdiyi qayğı barədə cildlərlə kitablar yazılsa da az olar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin yolu uğurla davam etdirir. Martın 1-də bizimlə görüşündə cənab Prezident bu sahəyə nə qədər böyük rəğbəti olduğunu parlaq surətdə göstərdi. Dövlətimizin başçısı mədəniyyət işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılacağını və bunun ardıcıl olaraq davam etdiriləcəyini bildirdi. Əlbəttə, bu, bizə ikiqat bayram sevinci bəxş etdi. Dövlət başçımızın bu qayğısına cavab olaraq biz də daim çalışacağıq ki, gənclərimizi həm vətənpərvər, həm də gələcəyin istedadlı sənət adamları kimi yetişdirək.
Vəli İlyasov, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub