05 mart 2019 10:32
541

Çağdaş mədəniyyətimizin inkişafında yeni mərhələ

Son on beş ildə ölkəmizin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklər baş verib, yüksəlişə nail olunub. Ölkə başçısı İlham Əliyev milli mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Bu gün fəxrlə deyə bilərik ki, zəngin Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə, layiqincə təbliğ olunur və maraqla qarşılanır. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması hamımızı sevindirir. Bütün bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Son illər milli mədəniyyətimizin təbliği, dünyada tanıdılması baxımından unikal tədbirlər həyata keçirilib. 2004-cü ilin yanvarında YUNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunmuş möhtəşəm tədbir Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunə idi. Elə həmin ildə Fransa Senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsəri nümayiş etdirildi. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu.

2008-ci il dekabrın 27-də 7500 kv. metrlik sahədə qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirildi, Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. Mərdəkanda XVI əsrə aid “Pir Həsən” ziyarətgahı, Binədə “Möhsün Səlim” məscidi, Buzovnada “Cümə” məscidi, Bakıda “Müqəddəs Məryəmin miladı” kilsəsi əsaslı təmir olundu. Tbilisidə Azərbaycan aydınları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldildi.

Ölkə başçısının Sərəncamı ilə Keşikçidağ, Yanardağ, Xınalıq, Atəşgah tarixi-mədəni qoruq kimi elan olunub. 2012-ci ildə Qobustan qoruğunun yeni inzibati binasının və müasir texnoloqiyalarla təchiz edilmiş ekspozisiyasının açılışı oldu. Qobustan qoruğu ABŞ Dövlət Departamentinin “Museum Contest-2012” layihəsinə daxil edildi. Həmçinin “Qala” Dövlət Qoruğunun bazasında Qala Etnoqrafik Muzey Kompleksi yaradıldı.

2013-cü ildə Paris və Strasburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilər reallaşdı, Romada  böyük mütəfəkkirin abidəsi ucaldıldı. Azərbaycan Dövlət İncəsənət Muzeyi əsaslı təmir olundu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu tikilib istifadəyə verildi. 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan edilməsi də dövlətimizin başçısının  görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına böyük önəm verməsinin bariz nümunəsidir.

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevının bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü ictimaiyyətimiz tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Görüşdə tanınmış yazıçıların, alimlərin, teatr xadimlərinin, musiqi və təsviri incəsənət nümayəndələrinin, memarların iştirakı ilə bu sahələrdəki problemlər,  müasir Azərbaycan mədəniyyətinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Əslində ölkə başçısının respublikamızın görkəmli mədəniyyət xadimləri ilə həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında dəfələrlə görüşləri olub. Birmənalı demək olar ki, çağdaş mədəniyyətimizin yeni inkişaf mərhələsinin əsasının qoyulmasında mühüm amil olan bu görüş mədəniyyətimizin inkişafına, mədəniyyət və incəsənət xadimlərinin sosial qayğılarının həll olunmasına, onların yaradıcılıq fəaliyyətlərini daha yaxşı şəraitdə davam etdirməsinə böyük töhfələr verəcək.

Zahid Rza, İki sahil”