Tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur “Azərbaycan deyəndə...” başlıqlı şeirinin ürəkisidən misralarının doğmalığından yola çıxaraq “İki sahil” qəzeti eyniadlı publisistik layihəni gerçəkləşdirir. Şairin “...Gözümdə doğmalaşar bütün xalqlar, ölkələr - Azərbaycan deyəndə!” sevgiqarışıq misralarına söykənib davam etdiyimiz “Azərbaycan deyəndə...” layihəsinin əsas məqsədi ölkəmizdə yaşayan, çalışan, təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında ümumi təəssüratlarını, buradakı iş və yaşam mühiti haqqında düşüncə və arzularını oxucularla bölüşməkdir. Layihəmizin budəfəki qonağı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin koordinatoru Teoman Tiryakidir.
TİKA 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılıb. TİKA hazırda 59 ölkədə 61 Proqram Koordinasiya Ofisi ilə, 150-yə yaxın ölkədə isə əməkdaşlıq formatında fəaliyyət göstərir. Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyətə başlayıb. 2018-ci ilin avqustundan etibarən Bakıdakı Koordinasiya Ofisinə Teoman Tiryaki rəhbərlik edir. TİKA-nın layihələri birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir. TİKA-nın kənd təsərrüfatı, turizm, təhsil, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərində Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilir.
Ürəyimiz həmişə Azərbaycanla birgə döyünür
1981-ci ildə Türkiyənin Bayburt vilayətində dünyaya gəlmişəm. 10 ildir TİKA-da çalışıram. İndiyədək fərqli cografiyalarda, müxtəlif bölgələrdə vəzifəmi icra etmişəm. 2018-ci ilin avqustunda TİKA-nın Bakı üzrə əlaqələndiricisi təyin edildikdə buraya böyük sevinclə gəldim. Bakıya ilk gəlişim olsa da, həmişə ürəyimin bir tərəfi buraya aid olub. Biz Azərbaycanı həmişə ata torpağımız olaraq görmüşük, burada baş verənləri ciddi bir şəkildə izləyərək yaşamışıq. TİKA-nın fəaliyyət göstərdiyi bütün ölkələr mənim üçün bir yanadı, Azərbaycan bir yana. Ürəyimiz həmişə Azərbaycanla birgə döyünür. Azərbaycana artıq inkişaf etmiş bir ölkə deyə bilərik. Son 15 ildə ölkə çox güclü bir inkişaf yolu keçib və bu inkişaf bizi çox xoşbəxt edir. Belə bir ölkədə vəzifəsini icra etmək çox sevindiricidir.
TİKA Türkiyənin inkişaf təcrübəsini başqa ölkələrlə paylaşmaq prinsipi ilə çalışır
TİKA-nın sədri Sərdar Çamın da söylədiyi kimi, Türkiyə beynəlxalq münasibətlərdən başlamış iqtisadiyyata, sənətdən tutmuş sosiologiyaya qədər hər bir sahədə yüksək performans sərgiləyir. Türkiyə verdiyi qəti qərarlarla və atdığı doğru addımlarla öz inkişaf təcrübəsi ilə digər ölkələr üçün model rolunu oynayır. TİKA Türkiyənin inkişaf təcrübəsini başqa ölkələrlə paylaşmaq prinsipi və işbirliyi ortaqlığı anlayışı ilə çalışmaqdadır. Biz Azərbaycanda da demək olar ki, inkişafa ehtiyacı olan bütün sferalarda fəaliyyət göstəririk. 2019-cu ildə TİKA-nın sədri Sərdar Çamı Bakıda ağırlamaq imkanımız oldu. Burada həyata keçirmək istədiyimiz layihələri Sərdar bəyə təqdim etdik, onların hamısının gerçəkləşdirilməsi ilə bağlı təlimatlar aldıq. TİKA indiyədək Azərbaycanda bir çox ortaq layihələrdə iştirak edib, müstəqil şəkildə də xeyli işlər həyata keçirib. Son dönəmdə reallaşan bəzi layihələrə göz ataq. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdikləri və TİKA-nın da qatıldığı layihələr çərçivəsində artıq Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı həyata keçirilir.
Türkiyənin Azərbaycandakı səfirliyi, TİKA və “Dağ arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin köməkliyi ilə Sumqayıtda bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsi yaradılıb. Orada istehsal edilən ballar hazırda “Qarabağlı” markası altında satışa çıxarılır.
Gəncə Dövlət Universitetinin beşinci tədris binasında TİKA-nın maliyyə dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılıb.
TİKA tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni tədris ilində memarlıq fakültəsinin kompyuter laboratoriyasına 53 kompyuter, 14 proyektor, 6 smart board, 1ədəd 3D skayner hədiyyə olunub və digər texniki avadanlıqlarla təmin edilib. Azərbaycandakı bir qrup hakimliyə namizədlər təhsillərini tamamladıqdan sonra Türkiyədə uzmanlıq keçmək üçün göndərilirlər. Təcrübə mübadiləsi çərçivəsində hər iki ölkənin müxtəlif nazirliklərinin mütəxəssisləri qarşılıqlı olaraq Azərbaycanda və Türkiyədə ixtisaslaşma kursları keçirlər. Bu il Ədliyyə Nazirliyi ilə də layihələr gerçəkləşdirəcəyik.
Bu yaxınlarda TİKA Azərbaycan Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu ilə birgə Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” təşkil edib.
Görüləcək işlər sıyahısında isə Gəncə Dövlət Universitetinin Cavad Rəfibəyli küçəsində yerləşən 101 otaqlı yataqxana binasının TİKA-nın maliyyə dəstəyi ilə bu il yenidən qurulub tələbələrin ixtiyarına verilməsi yer alır. Gəncədəki Tibb Kollecində qiraətxana yaratmağı, sonrakı dönəmdə isə orada bir laboratoriya qurmağı planlaşdırırıq.
TİKA Bakıdakı Anadolu liseyində və Diyanət Vəqfinin buradakı məktəblərində də təmir işləri aparıb. Bakıdakı Atatürk liseyinin yeni aldığı binada da əsaslı təmir işləri aparmağı düşünürük. Həyata keçiriləcək layihələrimiz çoxdur, inşallah, hamısını reallaşdıracağıq.
“ASAN xidmət”dən çox şey öyrənə bilərik
Birgə layihələr həyata keçirdiyimiz önəmli qurumlardan biri də “ASAN xidmət”dir. Hesab edirəm ki, Türkiyədə də “ASAN xidmət”in olması vacibdir. “ASAN xidmət” həqiqətən Azərbaycanın göz bəbəyi bir brendidir. “ASAN xidmət” bizə heç bir bürokratik əngələ rastlamadan çox rahat bir şəkildə işlərimizi qısa müddətdə həyata keçirməyə imkan verir. Türkiyə olaraq “ASAN xidmət”dən çox şey öyrənə biləcəyimizi düşünürəm. TİKA “ASAN xidmət”in tabeçiliyində olan “ABAD”la və “İçərişəhər” Dövlət Tarixi - Memarlıq Qoruq İdarəsi ilə birgə sosial layihələrə dəstək çərçivəsində “ABAD” sənətkarlıq- satış mərkəzi yaradıb. Bu tipli layihələrimizi gələcəkdə də davam etdirəcəyik. Bunda məqsədimiz ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdır.
Azərbaycanda eyni dildə danışmaq baxımından yaşadığım xoşbəxtlik inanılmazdır
Fərqli dildə danışan ölkələrdə bu amil sosial həyatda, küçədə, qarşılıqlı münasibətlərdə, görüşlərdə çox çətinlik yaradır. Bu zaman ingiliscəni bilsək də, tərcüməçi olsa da istər-istəməz anlaşmada böyük çətinliklər yaşamalı oluruq. Azərbaycanda isə öz dilimizdə danışmaq, tərcüməçisiz birbaşa ünsiyyət qurmaq imkanının olması çox sevindiricidir. Azərbaycanda eyni dildə danışmaq baxımından yaşadığım xoşbəxtlik inanılmazdır. Sanki öz Vətənimdə vəzifəmi icra edirəm. Ancaq dilimizdə elə kəlmələr var ki, həm türklər, həm də azərbaycanlılar istifadə edir- amma fərqli mənalarda. Bununla bağlı bəzən təbəssüm doğuran komik məqamlar yaşayırıq, bu zaman durumu toparlamaq lazım gəlir (gülür). Buraya gəldiyim ilk vaxtlarda bu vəziyyət bir az çətinlik yaradırdı, sonra uyğunlaşdım.
Türkiyə və Azərbaycan canbir qanbir qardaşdırlar
Azərbaycan deyəndə məşhur “Bir millət, iki dövlət” anlayışını bütün qəlbimlə hiss edirəm. Azərbaycan bizə o qədər yaxındır ki, dost ölkə desəm, yad kimi səslənəcəyini düşünürəm. Türkiyə və Azərbaycan canbir qanbir qardaşdırlar. Özümüzə qarşı o dərin qardaş məhəbbətini hiss etmək bizi çox xoşbəxt edir.
Azərbaycan mətbəxini də çox sevirəm. Buraya gələndə dostlarım zarafatla “Azərbaycanda ətdən doyacaqsan” demişdilər (gülür). Ən sevdiyim təam yarpaq dolmasıdır. Türkiyədə yarpaq dolmasını tapmaq çətindir, bunun üçün xüsusi restoran, ya da kafe axtarıb tapmalısan. Azərbaycanda isə demək olar ki, istədiyin vaxt əksər restoranlarda dadlı yarpaq dolması tapmaq mümkündür. Azərbaycanın ləzzətli düşbərəsini də xüsusilə qeyd edərdim.
Azərbaycan qadınları çox güclüdür
Azərbaycanda, xüsusən Bakıda qadınların rolunun daha artıq olduğunu düşünürəm. Azərbaycan qadınları cox güclüdür, cəmiyyət içərisində sözləri daha çox dinlənilir, öz ayaqları üzərində durmağı bacarırlar. Uşaqlarının əlindən tutub məktəbə, müxtəlif kurslara aparmağa da, evlərini çəkib-çevirməyə də, bununla yanaşı, işə yollanmağa da vaxtları və gücləri yetir. Azərbaycan qadınları aktivdirlər, həm cəmiyyətdə, həm də ictimai həyatda kifayət qədər ciddi rol oynayırlar. Onlar dövlət işində və özəl sektorda önəmli vəzifələrdə çox təmsil olunurlar. Bu amil Azərbaycanda, ümumiyyətlə, cəmiyyətin güclü olmasının göstəricisidir. Bunu çox təqdir edirəm.
Azərbaycanda musiqi və teatr çox inkişaf edib
Hələ ki iş çoxluğundan sosial həyata, asudə vaxta imkan olmur. Düzənimiz tam oturuşduqdan sonra burada musiqi sahəsində özümü inkişaf etdirmək istəyirəm. Yaşım etibarilə gec olsa da, həvəskar kimi piano çalmaq sahəsində burada bilgimi inkişaf etdirmək arzusundayam. Azərbaycanda musiqi və teatr çox inkişaf edib. Teatra da marağım böyükdür, ən son Bakı Bələdiyyə Teatrında Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr edilən “Nargin faciəsi” tamaşasını izləmişəm. Çox təsirli idi. Vaxtım olduqca, burada daha çox teatr tamaşalarına getməyi düşünürəm. Azərbaycanın klassik kino komediyalarına baxmışam, çox bəyənirəm. Azərbaycan ədəbiyyatından Nizami Gəncəvini, Məhəmməd Füzulini vaxtaşırı mütaliə edirəm. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu il çərçivəsində TİKA olaraq Azərbaycanın Milli Elmlər Akademiyası, eləcə də Yunus Əmrə İnstitutu ilə İmadəddin Nəsimi ilə yanaşı, adını çəkdiyim klassik şairlərin də yaradıcılığına həsr olunmuş simpozium və tədbirlər gerçəkləşdirməyi planlaşdırırıq.
Sevinc Mürvətqızı,
Vüsal Cahanov (foto), “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub