25 fevral 2019 10:59
1641

Azərbaycan deyəndə ürəyimdə heç vaxt bitməyəcək bir sevgi mahnısı səslənir

Tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur “Azərbaycan   deyəndə...” başlıqlı şeirinin ürəkisidən  misralarının doğmalığından yola çıxaraq “İki sahil” qəzeti eyniadlı publisistik layihəni gerçəkləşdirir.

...Gözümdə doğmalaşar Bütün xalqlar, ölkələr, Azərbaycan deyəndə!

- sevgiqarışıq xitabına söykənib davam etdiyimiz  “Azərbaycan deyəndə...” layihəsinin əsas məqsədi ölkəmizdə yaşayan, çalışan, təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında ümumi təəssüratlarını, düşüncə və arzularını oxucularla bölüşməkdir. Layihəmizin budəfəki qonağı Bakıda  yaşayan Türkiyənin opera və vokal ifaçısı Oya Ergündür. Müsbət auralı, gülərüzlü ifaçı Oya Ergünlə söhbətimiz yağmuru  ilə təkcə saçları yox, həm də ruhu isladan bir qış günündə onun kitablarla və musiqi alətləri ilə bəzənmiş, elə ilk baxışdan da istedadlı bir insanın yaradıcılıq yuvası kimi rahat görünən evində baş tutdu. Vokalçı bizi özünəməxsus kəskin dada malik, xoş ətirli  ənənəvi türk qəhvəsi, canlı  ifalarının  yer aldığı əsl musiqi ziyafəti və səmimi söhbəti ilə ağırladı. 

Azərbaycanda özümü doğma vətənimdəki kimi hiss edirəm

Bakıya gəlişim bir neçə il əvvəl burada həyat  yoldaşıma edilən iş təklifi ilə bağlıdır. Buna qədər İstanbuldakı Haliç Universitetində müəllim kimi çalışırdım. Həmin təklifdən sonra   işimi buraxıb həyat yoldaşımla bərabər Bakıya köçdük. Burada ilk   dönəmlərdə daha çox konsertlər verməyə   və mahnılar üzərində çalışmalara üstünlük verdim. Daha doğrusu, oğlum da o vaxt çox kiçik idi, ona görə də burada ilk illərimi analıq qayğıları və musiqi ilə keçirdim, müəllimliyə fürsət olmadı. Çox  vasvası anayam, oğluma daha çox vaxt ayırmaq üçün, əslində buradakı bütün həyatımı  buna uyğun qurdum.  Bakıdakı iş rejimi də bu baxımdan mənə çox kömək oldu. Oğlum  Alp indi doqquz yaşındadır. Böyüyəndə mahnı oxuyan həkim olmaq istədiyini deyir (gülür). Oğlumun  şahmata,  futbola  çox meyli var, güclü musiqi duyumuna malikdir. Ən önəmlisi odur ki, mərhəmətli uşaqdır. Düşünürəm ki,  hər bir insanda ən birinci mərhəmət duyğusu olmalıdır.

Buraya gələnə qədər Azərbaycanın muğam, caz və operanın  çox inkişaf etdiyi ciddi musiqi ölkəsi olduğunu bilirdim. Azərbaycan musiqiçiləri  çox istedadlı və bacarıqlıdırlar. Azərbaycanda mən çox gözəl bir musiqi mühiti  tapdım. Çox yaxşı insanlarla tanış oldum, istədiyim kimi albomlar ərsəyə gətirə bildim. Burada saysız konsertlərim olub. Uzun müddət xaricdə yaşamışam,  burada özümü heç vaxt Amerikadakı, Avropadakı kimi yad ellərdə hiss etməmişəm.  Azərbaycanda ən sevdiyim cəhət insanların mehribanlığı və eyni dildə danışmağımızdır. Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Böyük Atatürkün heyranı kimi, onun “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”  fikrini, eyni zamanda  Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlməsini xatırlatmaq istəyərdim. Bunlar adi, gəlişigözəl sözlər deyil. Dahi Heydər Əliyevin məşhur kəlməsində vurğuladığı bu həqiqətin öz həyatımda şahidi oluram.

Şərqilər yalanı sevmir

Burada yaşadığım illər ərzində Milli Konservatoriyada barokko üslubu dərslərini tədris etmişəm, bir müddət Bakı  Musiqi  Akademiyasında dərs demişəm.  Hazırda Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetində doktorluq işim üzərində çalışıram. Mövzum  “Vokal ifaçılığın psixoloji aspektləri”dir, artıq bitirmək  üzrəyəm. Bu doktorluq dissertasiyasında  mahnı oxumağın, gerçək mənada vokal ifaçısı ola bilməyin insana illər boyunca psixoterapiyadan keçmiş kimi bir yüksəlmə verdiyini anlatmağa çalışmışam. Mahnı oxuyanda  insan özü ilə gerçək anlamda ünsiyyətə  girir. Sosial  olaraq biz insan təbiətimizi basdırırıq, özümüzü gerçək şəkildə yaşaya bilmirik. Amma mahnı oxuyarkən insan özünü yaşamaq, özü ilə dürüst olmaq məcburiyyətindədir. Əks təqdirdə, ifa gözəl  alınmayacaq. Həyatın içində özümüzdən asılı olan və olmayan səbəblərdən  dürüst qala bilmirik. Həyatımız gərəksiz yalanlar içində  keçib gedir. Ancaq mahnı oxuyarkən yalan söyləmək olmur, şərqilər yalanı sevmir. Bir misal çəkmək istəyirəm. Peşəkar mühəndislər  avtomobillərin hansı tonda  və hansı desibeldə səs çıxartdığını dinləyərək problemin maşının harasında olduğunu  təyin edə bilirlər. Vokal müəllimi də bənzər məqamları - yəni, oxuma texnologiyasını və oxuyanın mahnıda dürüst olub- olmadığını ifa zamanı anlaya bilir. Oxuma texnikası da bir yoldur. O yolda  xəta oldusa, ifada da mütləq xəta olacaq. Bədəni ilə barışmış, özünü sərbəst buraxa bilən və oxuma texnologiyasına bələd insanın ifası da mükəmməl olur.  İfaçılıq  sadəcə istedad məsələsi deyil, həm də zəhmət işidir. Bethoven deyir ki,  düha  çalışmaqdır. Çalışmadan, zəhmət çəkmədən sadəcə istedada güvənib ortaya dəyərli nəsə qoymaq mümkün deyil. 

Psixologiyanı öyrəndikdə insanın təbiətdəki dilini başa düşmək mümkündür

Əsas sahəm konsertlər vermək, albomlar hazırlamaq, professional ifaçılar yetişdirmək olsa da, mən həm də psixologiya təhsili almışam. Bəlkə ilk baxışdan sizə təəccüblü gələ bilər, amma psixologiya ilə vokalçılıq bir-birinə çox yaxın sahələrdir. Doktorluq mövzumu da buna uyğun seçməyim təsadüfi deyil,  əslində bütün sahələr psixologiyaya yaxındır. Biz uzun illər musiqi təhsili alırıq, bunu mütləq bir sosial elmlə bəsləməkdə fayda var. Məncə, psixologiyanı heç bir elmdən ayrı tutmamalıyıq, hətta orta məktəblərdə bunun şagirdlərə tədrisinin vacib olduğunu düşünürəm. Psixologiyanı  yaxşı bildikdə insanların nəyi  nə üçün elədiklərini anlayırsan. İnsanlar təbii dillərini danışmırlar, amma psixologiyanı öyrəndikdə insanın təbiətdəki dilini başa düşmək mümkündür. 

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının vurğunuyam

Azərbaycanlı ifaçıların Dövlət Filarmoniyasındakı konsertlərində çox oluram. Böyük bəstəkar Tofiq Quliyevin bəstələrini həmişə sevə-sevə dinləyirəm. Tələbələrin konsertlərinə böyük marağım var. Kiçik uşaqların ifalarını ürəkdən bəyənirəm. Demək olar ki, Rəşid Behbudovun iştirak etdiyi bütün filmləri izləmişəm.  Onun rol aldığı “Arşın mal alan”, “Bəxtiyar”, “Azərbaycan mədəniyyətinin baharı”, “Romeo mənim qonşumdur” filmlərini  xüsusilə sevirəm. Rəşid Behbudovun repertuarından olan “Sənə də qalmaz” sevə-sevə ifa etdiyim unudulmaz şərqilərimdəndir.  Şövkət Ələkbərova da sevdiyim  ifaçılardandır. 

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının vurğunuyam. Azərbaycan ədəbiyyatına vurğunluğum  lap çoxdan - lisey illərindən başlayıb. Klassik Azərbaycan ədiblərini bizə tanıdıblar,  dərs olaraq oxumuşuq.  Ədəbiyyata,  xüsusilə də şeirə vurğun olduğum üçün bu fənnə daha diqqətlə yanaşırdım. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Heyran Xanım, Hüseyn Cavid, Əhməd Cavad və Rəsul Rzanın poeziyasını daim mütaliə edirəm. Füzulinin “Məni candan usandırdı...” qəzəli dilimin əzbəridir. Müasir Azərbaycan ədəbiyyatından Sona Vəliyevanın  yaradıcılığı ilə tanışam, şeirlərini çox bəyənirəm,  onun əsərlərində güclü poetik duyum var.

Azərbaycanla bağlı bir çox məqam yaddaqalan xatirədir

Buraya gəlməzdən öncə Azərbaycan mənim üçün gözəl mahnılar demək idi. Buna qədər bu həqiqət mənim üçün sadəcə sözdə mövcud idi, burada olduğumuz illər ərzində bunu ciddi şəkildə həyatımda hiss etməyə başladım və iç duyğularım Azərbaycanın bir musiqi cənnəti olduğunu qəti şəkildə təsdiqlədi. Bu təəssüratımın üzərinə həm də həqiqətən qardaş ölkə olmağımızla bağlı dərindən yaşadığım duyğular əlavə olundu.  Azərbaycan deyəndə ürəyimdə heç vaxt bitməyəcək bir sevgi mahnısı səslənir...

Almaniyada təşkil edilmiş bir konsertimdə Azərbaycanın tanınmış bəstəkarı Firəngiz Əlizadə ilə qarşılaşmışdım. Daha sonra Hollandiyada təşkil olunmuş və solistlik etdiyim  konsertdə də Firəngiz Əlizadənin bir əsərini dinləmişdim. Bu bəstəyə heyran qalmışdım, gedib Firəngiz xanıma sarılıb “siz nə gözəl bir bəstəkarsınız, necə möhtəşəm əsər bəstələmisiniz”  deməkdən də özümü saxlaya bilməmişdim. Bu görüşdən təxminən 5-6  il sonra buraya gələndə Firəngiz Əlizadənin Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri olduğunu eşitdim.

Bundan başqa, xaricdə eyni konsertdə iştirak etdiyimiz zaman bir  tarzənin ifasını çox sevmişdim.  Bir neçə il öncə Rəşid Behbudov adına Mahnı Teatrında bir konsertim olacaqdı. Orkestrdən bildirdilər ki, mahnılarınızı verin, biz çalacağıq. Dedim ki, mən orkestrlə tanış olmadan siz necə çalacaqsınız o mahnıları? İsrar etdilər ki, narahat olmayın, edəcəyik. Razı olmadım, “Olmaz belə şey” dedim. Bir də gördüm ki,  xaricdəki konsertdə ifasını bəyəndiyim həmin tarzən Elçin Nağıyev də orkestrdədir. Bundan sonra ürəyim rahat oldu, razılaşdım. Əslində Azərbaycanla bağlı bir çox məqam mənim üçün yaddaqalan xatirədir.  

Vegetarian olmaq arzum tamamilə mərhəmət hissi ilə bağlıdır

Ümumiyyətlə, mətbəxlə heç aram yoxdur (gülür). Amma qonaqlarım üçün Uzaq Şərq və fransız mətbəxindən xüsusi təamlar bişirməyi çox sevirəm. Uzaq Şərq deyərkən məxsusən də Tailand yeməklərini, ədviyyatlarını yaxşı bilirəm. Yeməyə çox aludə birisi  deyiləm. Yaşamaq üçün  sağlam, natural, dadsız-duzsuz yeməklərə üstünlük verirəm. Ona görə də mətbəxə elə də önəm vermirəm. Ancaq Azərbaycan mətbəxindən bəyəndiyim təamlar var, xüsusilə göyərti qutabını  sevirəm. Əti çox yemirəm, artıq vegetarian olmaq ərəfəsindəyəm. Vegetarian olmaq arzum tamamilə mərhəmət hissi ilə bağlıdır. Bir canlını öldürüb yemək mənə qəribə gəlir. Texnologiya bu gün çox inkişaf edib, laboratoriyada insanlar üçün çox sağlam protein istehsal edə bilirlər. Ətin yerinə belə  proteinlərə,  yaxud əti əvəzləyən başqa qidalara üstünlük vermək olar. O zaman heyvanları  da kəsib öldürməyə gərək qalmaz. Bu, fəlsəfədən daha çox, mənim üçün tamamilə insani duyğularla bağlı bir məqamdır.

“Sevgilim” Türkiyənin ən gözəl vokal albomları onluğunda yer alıb

Hazırda mahnılar üzərində işləyirəm. Bu il Rəşid Behbudovun repertuarından seçilmiş, eşq mahnılarından ibarət  “Sevgilim” albomu Türkiyədə də işıq üzü görəcək. “Sevgilim”  Türkiyənin ən gözəl vokal albomları onluğunda yer alır. Bu il Azərbaycanla bağlı daha bir mahnı albomu hazırlamağı düşünürük.  Sonda ürəkdən gələn bir diləyimi  bütün oxuculara çatdırıram: Azərbaycanın həmişə çox gözəl  günlər görməsini  arzulayıram.

Sevinc  Mürvətqızı,
Vüsal Cahanov,  (foto) 
“İki sahil”