07 fevral 2019 11:17
1362

“Mən həmin adamam, mən yenə varam”...

...deyən şair Vaqif Məmmədov xatirələrdə

Hər kəsin taleyinə yazılmış ömür payı, qisməti olduğu kimi bu zaman çərçivəsində özünü tanıtmaq şansı fərdin özünə məxsusdur. Dünyasını  insanı şöhrətləndirən “incilərlə bəzəməklə”, şəxsiyyəti formalaşdıran dəyərləri ömür yolunun “pillələrində səxavətlə yerləşdirənlər” az olsalar da həmişə deyirik: Nə yaxşı ki, siz varsınız.

Belə “yaxşılardan” biri də şair Vaqif Məmmədov idi.

67 illik ömür yolunun mənasını ürəyindən qopan səmimi duyğularını, sevincini, narahatlıqlarını, müşahidə etdiyi haqsızlıqları  yaradıcılığının bəhrəsi olan 40 kitaba “yerləşdirən” Vaqif Məmmədovun xatirələrdə yaşaması onun həyatda qazandığı ən böyük sərvəti, özündən sonra da yaşam haqqı qazanmasıdır.  “Heydər Əliyev və Sədərək rayonu”, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Qalib gəldi, qalib getdi” kitablarında  qeyrət qalası adlandırılan ata-baba ocağı Sədərəyin üzləşdiyi çətinliklərdən, Naxçıvanı erməni işğalından qoruyan Ümummilli Liderin qətiyyətindən söz açan şair doğmalarının həsrətini çəkən “ Kərkinin dərdi” deyir. “Erməni xəyanəti”ndən söz açır. “Qeyrət qalası”nda, “Unutsaq unudularıq”da Sədərəyin müdafəsində şücaət göstərən igidlərimizin qəhrəmanlığı ilə qürurlandığını bildirir, “Vətən sığır ürəyimə” deməklə yurduna bağlılığını misraları ilə bəyan edir.

Şeirləri ilə ABŞ-da, Türkiyədə, Rusiyada, İranda, Ukraynada, Belarusda, Avropa ölkələrində, Özbəkistanda tanınan, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vaqif Məmmədov Naxçıvan MR Ali Məclisinin deputatı kimi də xalqın etimadını doğrultmuşdur. “Həsənbəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına layiq görülən şair-publisist yazıları ilə də oxucu rəğbəti qazanmışdır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin, Avrasiya Yazarlar Birliyinin, İLESAM-ın ( Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvü kimi yazarlar arasında böyük nüfuz qazanan şair xalqımızın dar günündə qələmini süngü ilə əvəz edən vətənpərvər olub. 

Bir insan kimi sağlığında ictimaiyyət , tanışları, yaxınları arasında böyük ürək sahibi kimi tanınan Vaqif Məmmədov mənalı həyat yolu keçən əsl ziyalı, vətənpərvər, söz, sənət ustadı idi. Yenicə çapdan çıxmış “Vaqif Məmmədov xatirələrdə” kitabından sonra işıq üzü görən “Seçilmiş əsərləri”nin üçüncü cildində toplanmış şeirləri tanınmış şairin “ağı qaradan seçmək bacarığı”nın bədii təxəyyülüdür.

“Vaqif Məmmədov xatirələrdə” kitabında şairlə bağlı yazılan xoş sözlər onun həyatda qazandığı hörmətə, xeyirxahlıqlarına onu sevənlərinin vəfa borcudur. Tanınmış elm adamlarının, həmkarlarının, tələbələrinin, şeirlərinin vurğunu olan oxucularının ürəkdən gələn sözləri, kövrək xatirələri  Vaqif Məmmədova  sevginin, hörmətin əbədiliyindən xəbər verir. Xatirələr bir məqamda birləşir: “Vaqif Məmmədov haqqında keçmiş zamanda danışmaq çətindir.” Naxçıvanda olduğu kimi, respublikanın hər yerində ürəkdən gələn şeirlərinin istisi, kövrək duyğuları ilə tanınan şair həyatın gözəlliklərini, insanlara sevgisini, dostluğa sədaqətini vəsf etməklə hər kəsə qatarlar tək daim yolda olan ömürlərinin mənalı keçməsini diləyir.  Şair haqqında xatirələrini keçmişə körpü salmaqla bildirənlər onu qeyrətli torpağın təəssübkeş övladı adlandırır, başqası “Allah adamı idi” deyir. Bəziləri üçün müəllim, sənət yolunda bələdçi olan şair illəri yaşla dəyişərək bu insanların sevincinə də, kədərinə də şərik oldu. Həyatın qəribə təzadlarından təəccüblənsə də təbiətin gözəlliklərindən ilham alaraq,  insan övladının hər şeyə qadir olduğuna inanaraq sözün qüdrətinə, müdriklərin zəkasına, qaliblərin qələbə əzminə söykənərək nikbinliyini sözün qüdrəti ilə çatdırmağı bacardı. Hər qışın sonunda baharın nəfəsini duydu. Duyğularını çözələdi, sirrini “misralara etibar etdi”. Şeirlərində qeyd etdiyi kimi sənətə yenicə qədəm qoyan  “fidanları barlı- bəhərli bağ etdi”, saylarını artırdı, çoxları üçün ideal oldu. Ömrünün payızında qopan yarpaqları yetirmələrinə baharın gəlişini bildirən tumurcuqlar kimi ərməğan etdi. Həyatının mənasını sözün hikmətində, kəsərində gördü, sözə ömrünün bələdçisi kimi dəyər verdi. Xalq arasında hörmətini də ürəyinin səsini duyan sözün qüdrəti, səmimiliyi ilə qazandı. “Vaqif Məmmədov xatirələrdə” kitabı  “Seçilmiş əsərləri” ilə üçüncü dəfə oxucularının “görüşünə gələn”, həyatdan vaxtsız köçən, şairin “ yaradıcılıq hesabatının” onu sevənlər tərəfindən yüksək dəyərləndirilməsidir.

Nikbin olsa da  ürəyindən qopan arzularını misralarına köçürmədiyinin nisgilini yaşayan şair taleyinin son dayanacağı adlandırdığı “635-ci palata” şeirində dediyi kimi, ölümlə çarpışdığı otaq sanki oxucuları ilə vida yeri idi. O anında belə nikbin olan

Sənə yalvarmıram günahımdan keç,

Demirəm önündə mən günahkaram.

Qərarı özün ver, yolu özün seç,

Mən həmin adamam, mən yenə varam,

söyləyən Vaqif Məmmədov şeirləri ilə həmişə yaddaşlarda qalacaq, neçələri üçün örnək, həyat məktəbi olacaq. Yazdıqlarını az hesab edən, “ Şərəfli bir ömür qoyub gedirəm”  deyən şairin şeirləri onu daim yaşadacaq.

Xuraman İsmayılqızı, “İki sahil”