07 fevral 2019 10:40
1041

AzTV yenə də ənənəsinə sadiq qalaraq “ilklər” arasında fərqlənir

Son vaxtlar ictimaiyyət arasında narahatlıq doğuran  televiziya kanallarında ucuz şouların baş alıb getməsi, sosial şəbəkələrdəki özbaşınalığın aradan qaldırılması üçün  ilk addım atıldı. Adı həmişə “ilklər” sırasında çəkilən və estafetini bu gün də davam etdirən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan, tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu Bədii Şura  milli mənəvi dəyərlərimizin qorunması  istiqamətində səmərəli, konkret təkliflərə əsaslanan layihələr həyata keçirəcək. Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzinə, daha keyfiyyətli verilişlərin hazırlanmasına diqqəti artırmaqdır.

Bədii Şurada müğənni, Xalq artisti Mübariz Tağıyevin, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kəriminin, bəstəkar, Xalq artisti Faiq Sücəddinovun, xanəndə, Xalq artisti Mənsum İbrahimovun,  Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudovanın, müğənni, Xalq artisti Fidan Hacıyevanın, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfovanın, rəqqasə, Xalq artisti Təranə Muradovanın, tarzən, xalq artisti Ramiz Quliyevin təmsil olunduqları Bədii Şuranın ilk yığıncağında məqsəd və vəzifələr müəyyənləşdirilib, səmərəli rəy və təkliflər irəli sürülüb.

Müsahibimiz Bədii Şurada təmsil olunan, Əməkdar incəsənət xadimi, mahnıları ilə qəlbləri oxşayan nəğməkar şair Baba Vəziroğludur.

- Baba müəllim, “ana televiziya” adını maraqlı verilişləri ilə doğruldan,  milli mənəvi  dəyərlərimizin qorunmasında nümunə olan  AzTV-də Bədii Şuranın yaradılması xalqın istəklərini ifadə etməklə bayağı verilişlərin də qarşısını alacağı təbiidir. İlk addım kimi hansı işlərin görülməsi nəzərdə tutulur? 

- Vaxtilə  AzTV-də belə bir qurum fəaliyyət göstərib. Bu gün də sənətinə hörmət etdiyimiz korifeylər həmin Şurada iştirak etməklə  xalqımıza xas olan dəyərlərin, qiymətli nümunələrin qorunmasında  səylərini əsirgəməmişlər. Təmsil etdikləri sahələrdə peşəsinin ustadı adını   sənətlərinə vurduqları  möhürlə əbədiləşdirən, xalq arasında xətir-hörmət qazanan, sənətkar adını istedadları ilə  qoruyanların   səyi nəticəsində bu gün ictimaiyyəti narahat edən şoular  ekranlara yol tapa bilmirdi. Ədəb-ərkan, dilimizə hörmət, etik normaları gözləməklə  insanlarla təmas  bütün əməkdaşların riayət etdikləri qaydalar idi. Hazırda bu ənənəni davam etdirəcək, “ana televiziyamıza” başçılıq edən yeni rəhbərliyə kömək məqsədilə yaradılan bu qurum həm də tanınmış sənətkarların  AzTV-nin Fondunda saxlanılan qiymətli nümunələrinin qorunması, təbliği baxımından da  əhəmiyyətlidir. Yeni rəhbərlik cavan, enerjili, peşəsinə bağlı, milli mənəvi dəyərlərimizə  qiymət verən, müasirliyi dəyərləndirən,  hazırlıqlı mütəxəssisdir. Yeni yaradılan Şuranın üzvləri   AzTV-də dönüş yaratmaq, tamaşaçı zövqünə uyğun layihələrin,  birgə fəaliyyətin nəticəsi  olan daha sanballı verilişlərin  hazırlanmasında yardım göstərəcək. Bildiyiniz kimi, artıq cəmiyyətdə belə fikir formalaşıb ki,  televiziyalarda  baş alıb gedən xaos,  özbaşınalıq   xüsusilə gənclərin milli ruhda böyüməsinə, tərbiyəsinə mənfi  təsir göstərir.  İlk toplantıda  bu kimi məsələlərə diqqət artırıldı.  Şura üzvləri aid olduqları sahələr üzrə  təklif və rəylərini bildirdilər. Onu da qeyd edim ki, Şura üzvlərinin seçimi də uzun sürən müzakirələrdən sonra  formalaşıb.

Məzmun, forma baxımından daha mükəmməl,  keyfiyyətli olan Şuraya gənclərin  cəlb olunması  inam yaradır ki, gələcəkdə daha səmərəli və müasir tələblərə uyğun  verilişlər,  insanları maraqlandıran, cəmiyyəti düşündürən layihələr barədə  danışmaq imkanımız olacaq.

- Baba müəllim,  özəl kanallarda tamaşaçıları narahat edən verilişlərdə  aparıcıların nitqində olan qüsurlar, etikadan kənar  sözlərin, bəzi hallarda təhqiramiz ifadələrin işlədilməsi,  ikrah doğuran hərəkətlərə yol verilməsi də milli ruhumuza  yad təsiri bağışlayır.

- Tamamilə doğrudur. Milli mənəvi dəyərlərimizə bağlılığını  əməli fəaliyyəti ilə bildirən Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bu baxımdan çox əhəmiyyətlidir.  50 milyondan artıq azərbaycanlının ana dili kimi sevdiyi Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir.  Dilimizin qorunması baxımından da  bu Fərman çox  əhəmiyyətlidir. Qarşıya qoyulan məqsəd isə  imkanlardan düzgün istifadə etməklə dilimizin saflığını qorumaqdır. Fərmanda qeyd olunduğu kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bax, əsl bəlamız da budur.  Bu sahəyə nəzarətin olmaması dil pozuntularını adiləşdirib. Bədii Şuranın bir məqsədi də  aparıcılarda nitq mədəniyyətini  təkmilləşdirmək, bayağı verilişlərin ekranlara yol tapmasının qarşısını almaqdır.

-  Həqiqətən də bu gün sosial şəbəkələrdə, özəl televiziyalarda  danışıq qaydalarının pozulması hallarının çoxalması ən qiymətli  sərvətimiz  olan Azərbaycan dilinə  biganəlikdir.

- Xalqına, adət-ənənəsinə dəyər verən hər insanı düşündürən də elə bu məsələdir. Fikrimi adi bir misalla izah edim. Bəllidir ki, televiziya hamımızın   ölkə daxilində, dünyanın istənilən bölgəsində baş verən hadisələri izləmək baxımından  operativ informasiya mənbəyidir. Bir sözlə, evimizin gündəlik qonağıdır. İnsanlar  bir yerə qonaq gedəndə  geyiminə fikir verir, ədəb-ərkanı gözləyir,  getdiyi məkana uyğun danışığını tənzimləyir.   Televiziya verilişləri də fəaliyyətini  hamımız üçün  vacib olan bu qaydalara uyğun tənzimləməlidir. Tamaşaçıya nümunə olmalıdır. Bədii Şura üzvlərinin ümumi  rəyi belə oldu ki, gələcəkdə  bu məsələlərə diqqət daha da artırılsın. AzTV-nin şöhrəti özünə qaytarılsın. İnşaallah, birgə  səyimizlə buna nail olacağıq.

-   Bədii Şuradan daha hansı  yenilikləri gözləyirik?

- Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman” veriliş və proqramlarına da diqqəti artıracaq. Layihələrin efir məkanına buraxılması kollegial şəkildə  müzakirə olunacaq.  AzTV-də illərdən bəri qorunan Fondun zənginləşdirilməsi istiqamətində iş aparılacaq. Xüsusilə konkret planlara əsasən, bəstəkarlarımıza verilən sifarişlər əsasında  Fondun zənginləşdirilməsi nəzərdə tutulur. Beləliklə, bayağı  musiqilərin, tamaşaçı zövqünü korlayan  “küçə musiqiçilərinin” ekranlarda kök salmasına, “aranjiman” adı ilə  saxtalaşdırılma hallarına  yol verilməyəcək. Bir istəyim də budur ki, bütün kanallar bu təcrübədən istifadə edib  işlərində  yaxşılığa doğru dönüş yaratsınlar.          

Xuraman İsmayılqızı, “İki sahil”