Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili İmadəddin Nəsimi ili elan edib” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Bakıda Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ilin “İmadəddin Nəsimi ili” elan edildiyi vurğulanır. Qeyd olunur ki, İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda ilk dəfə UNESCO tərəfindən 1973-cü ildə keçirilib.
Qəzetdə məlumat verilir ki, bir çox tarixçilər və ədəbiyyatşünasların araşdırmalarına görə İmadəddin Nəsimi Azərbaycanda anadan olub. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Daha sonra hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Onun Azərbaycan dilində yazılmış “Divan”ı qorunub saxlanılıb, eyni zamanda, fars və ərəb dilində əsərləri qalıb.
“Əl-İslah və Ət-Tənmiyə” diqqətə çatdırır ki, İmadəddin Nəsimi fəlsəfə, astronomiya, məntiq, riyaziyyat və təbii elmləri dərindən araşdırıb, onun müxtəlif mövzularda on mindən artıq beytləri qorunub saxlanılıb. Fars dilindəki “Divan”ı beş mindən artıq beyti ehtiva edir, ərəb dilində isə əlyazmalarının çoxu itib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub