22 yanvar 2019 10:53
5580

Əbədiyyət üfüqündə doğan günəş İmadəddin Nəsimi - 650

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Seyid Əli ibn Seyid Məhəmməd (1369, Şamaxı, Azərbaycan - 1417, Hələb, Suriya) İmadəddin Nəsimi adı ilə məşhurdur. O, doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır.

Orta əsrlərdə Şamaxıda zəmanəsinə görə qüvvətli təhsil verən mədrəsələr var idi. Nəsimi bu mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa, ərəb və fars dillərini, riyaziyyat, astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. Nəsimi gözüaçıq bir ailədə yetişmiş, peşəkarların, xırda sənətkarların mühitində təlim-tərbiyə almışdır. Şəhər zəhmətkeşləri mühitinə yaxın olması şairin tərbiyəsində, onun dünyagörüşünün formalaşmasında çox əhəmiyyətli olmuşdur. İlkin şeirlərini məşhur sufi Hüseyn Həllac Mənsurun şərəfinə, şairin öz müəlliminə ehtiram və yaxınlıq əlaməti olaraq “Nəsimi” və “Hüseyni” təxəllüsü ilə yazan Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulmuş və təriqətin qurucusu təbrizli Fəzlullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsünü götürmüşdür. Nəsimi qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrilmiş, şeirləri dildən-dilə düşmüşdür. Hürufiliyin siyasi 5 təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə F.Nəimini edam edir. Müəlliminin edamından dərin sarsıntı keçirən Nəsimi onun vəziyyətinə əsasən təriqəti yaymaq üçün Təbrizə, oradan da Anadoluya gedir. Əngin batini fikirləri təbliğ etməsi Nəsimini daim təqiblərə məruz qoyur. Bunun nəticəsi olaraq o, 1417-ci ildə həbs edilir və Suriyanın Hələb şəhərində edam olunur. Şairin məzarı da Hələb şəhərindədir.

Şeirlərinin təməl anlamını ilahi eşq təşkil edən Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuğlarında sadə xalq dilindən istifadə etmişdir. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkirə təsir göstərmişdir. Nəsiminin olduqca enerjili, üsyankar (və mükəmməl) poetik “Mən”i vardır və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də dünya!) poeziyasında bu qədər parlaq, həcmli, dərin (ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə getmiş, əqidəsindən dönməmişdir. Bu səbəbdəndir ki, Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır. Deyirlər onu soymağa dabanından başlamışlar, lakin o idealından dönməmişdir. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar: -Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan? Nəsimi qürurla cavab verir: - Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqündə doğan  günəşəm. Günəş qürub edəndə əlbəttə saralar.

Azərbaycan oğlunun bu ibrətli ölümü, xalqımızın, onun davam edib gələn nəsillərinin iradəliliyi, dönməzliyi rəmzi olmuşdur. Bu ölüm sözün əsl mənasında poeziyaya çevrilmişdir. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimi könüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər. Bildiyimiz kimi, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan edib.

Sevinc Azadi, “İki sahil”