Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimiz bu gün özünün sürətli inkişaf dövrünü yaşayır
2018-ci il müasir Azərbaycan tarixində mühüm dövrdür. Çünki məhz bu il 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi tamam olur. Bu fakt bir daha onu göstərir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi var. Təəssüf ki, AXC 23 ay ömür sürdü. Ancaq bu qısa zaman kəsiyində böyük işlər görüldü. Bu il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, AXC fəaliyyət göstərdiyi 23 ay ərzində böyük işlər görə bilib: “Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdır. Gəncənin tarixi adı qaytarılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili - ana dili bütün təhsil müəssisələrində qəbul edilmişdir.”
Qeyd etdiyimiz kimi, AXC mövcud olduğu 23 ay ərzində mühüm işlər görüb. Təbii ki, bu sırada güclü iqtisadiyyatın yaradılmasını xüsusi olaraq vurğulamaq lazımdır. BDU-nun iqtisadiyyat və idarəetmə kafedrasının dosenti Xosrov Kərimovun apardığı tədqiqatlara əsasən, Cümhuriyyətin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya təcrübəsi əsasında həyata keçirmək nəzərdə tutulurdu. Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında AXC parlamentinin maliyyə-büdcə komissiyasında 1919-cu ilin avqust ayında təsdiq olunan qanun layihələri də daxili bazarın qorunmasına və inflyasiyanın qarşısının alınmasına xidmət edirdi.
Araşdırmada qeyd edilir ki, xarici ticarət fəaliyyətinin iqtisadiyyatın sağlamlaşdırılması və pul tədavülünün tənzimlənməsində rolu AXC parlamentinin 24 noyabr 1919-cu il tarixli iclasında da geniş müzakirə olundu. İclasda məsələyə münasibətdə müxtəlif, hətta bir-birinə zidd fikirlər söylənilirdi. Əhməd bəy Pepinov (müsəlman sosialist blokundan) belə hesab edirdi ki, pulun məzənnəsini artırmaq üçün bəzi əmtəələrin, xüsusən taxılın, pambığın, yunun və s. malların ticarəti inhisarlaşdırılmalıdır. Malaxazyan (daşnaq) isə onların azad ticarətinin genişləndirilməsini irəli sürürdü. M.Ə.Rəsulzadə prinsipcə həm Ə.Pepinovun, həm də Malaxazyanın fikirlərini tənqid edir və göstərirdi ki, bu cür təkliflər ölkəyə böyük zərər gətirə bilər. Tam azad ticarətə keçməklə ölkədə zəruri tələbat mallarına ehtiyac yaranır, inhisarlaşdırma üçün isə bizdə kifayət qədər təlimat və qaydalar yoxdur. Y.Əhmədov (bitərəf müsəlman) bloku belə hesab edirdi ki, böyük sərvətləri (yun, pambıq, neft və s.) olan Azərbaycan hökuməti əmtəə mübadiləsini düzgün təşkil etsə pul tədavülü asanlıqla tənzimlənər. Karabekovun (“İttihad”) fikrincə, neft, yun və taxılın qonşu ölkələrə nəzarətsiz ixracı yolverilməzdir. Bu, pul tədavülünü nizamlamağa imkan vermir.
Cümhuriyyətin iqtisadi platformasında əvvəllər formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda mövcud olan xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixində qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtıbitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı. AXC özünün xarici-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlənib hazırlanması ilə məhdudlaşdırmırdı. Bu qanunların həyata keçirilməsi istiqamətində mühüm addımlar atırdı. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alındı. Eyni zamanda, AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Cümhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır. Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rol oynayırdı. AXC-də təşəkkül tapmaqda olan iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimiz özünün sürətli inkişaf dövrünü yaşayır. Bu inkişaf həyatın bütün sahələrində, xüsusilə iqtisadi sferada özünü göstərir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Azərbaycan iqtisadiyyatının təməl daşıdır. Məhz 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” nəticəsində ölkəmizin iqtisadi gücü, maliyyə imkanları daha da artıb. BTC, BTƏ əsas ixrac boru kəmərlərinin istifadəyə verilməsi, XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin artıq reallığa çevrilməsi, qitələri birləşdirən TANAP, TAP qaz kəmərləri ölkəmizin iqtisadi gücünü, qüdrətini nümayiş etdirən mühüm faktorlardır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanların, əldə olunan uğurlardan da söz açıb: “Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.”
Azərbaycanın iqtisadi uğurları mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Bunu dünyanın birinci iqtisadi forumu olan Davos İqtisadi Forumu deyir.
Güclü iqtisadiyyat imkan verir ki, istənilən sosial layihə, infrastruktur layihələri icra edilsin. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikilib. Azərbaycanın təbii resursları - nefti insan kapitalına çevrilib. Bu istiqamətdə işlər davam edir.
Möhtərəm Prezidentimiz haqlı olaraq bəyan edir ki, bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir: “Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir.”
Rəşad Bağırov, “İki sahil”
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir