31 may 2018 20:13
1829

AXC cəmi 23 ay ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə tarixi addımlar atdı

"Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Qoca Şərqin, müsəlman-türk dünyanın ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ( 1918-1920) 100 illik yubileyi  Prezident İlham Əliyevin 2018-ci il yanvarın 10-da imzaladığı   “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq respublikamızda  dövlət səviyyəsində təntənəli şəkildə qeyd olundu.

 Ölkə başçısının Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu gün AXC-nin yaradılmasının 100 illik yubileyinə  həsr olunmuş  tədbirlər  planının  hazırlanaraq   həyata  keçirilməsi  və yubileyin  respublikada dövlət səviyyəsində geniş  qeyd   edilməsi üçün müvafiq dövlət qurumları qarşısında qoyulan tapşırıqlar uğurla icra olunur. 

Bu baxımdan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı KİV nümayəndələri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi elan etməsi  zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamış AXC-nin tarixinə böyük hörmət və ehtiramın parlaq nümunəsi kimi dəyərləndirilməlidir.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC iqtisadiyyatın bütün sahələrində böyük tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir göstərə biləcək qanun və qərarlar qəbul edib. AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyəti, xüsusən də aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı və xarici ticarət əlaqələrinin qurulması sahəsində atılan addımlar olub.

Mövcud olduğu 23 ay ərzində AXC iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qətiyyətli addımlar atdı. Belə ki, neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri yenidən bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, Xəzər Dəniz gəmiçiliyi inkişaf etdirildi.

Təsadüfi deyil ki, AXC-nin qurucularından olan Məmmədəmin Rəsulzadə yazırdı: Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır”.

        Mülkiyyət münasibətləri

AXC-nin iqtisadi platformasında dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının inkişafı üçün hər cür imkanlar yaradılmışdır. Qəbul olunmuş iqtisadi qanunçuluğa görə dövlət mülkiyyəti, qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər, dəmiryolu, su, teleqraf, işıq və.s kimi sahələr” aid edilmişdir.

AXC-də mülkiyyət münasibətləri diqqətlə araşdırılarkən aydın olur ki, o dövrdə  özəl mülkiyyətə xüsusi diqqət yetirilirdi. Belə ki, o dövrdə qəbul olunmuş qanun və qərarlarda fabrik, zavod, torpaq, istehsal vasitələri üzərində özəl mülkiyyət dəstəklənmiş, bunun əksinə olan siyasətin mülkiyyət hüquqlarının pozulması, “insanların şəxsi təşəbbüs qüvvəsinin zorla əlindən alınması” kimi dəyərləndirilmişdir.  Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. Həmçinin özəl mülkiyyətə hədd qoyulması, istifadə edilməyən özəl mülkiyyətin yeni sahiblərinə vermək prinsipi müdafiə olunmuşdur.

Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; AXC-nin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi. 1918-ci il Bakıda yeni kağız pullar- “Bakı bonları” buraxıldı. AXC-nin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib. Cümhuriyyətin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan faizsiz və uduşlu 500 manat məbləğində istiqrazların buraxılışıdır.

         Dövlət büdcəsi

AXC-də dövlətin büdcəsi əsasən neft sektoru və gəlirə görə alınan vergilərə görə formalaşıb. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manat təşkil edib. Onun 30 faizi neft sektoruna və gəlirə görə vergilər hesabına, müəyyən hissəsi isə şərab, tütün, həmçinin neft üçün olan aksiz vergilərindən gəlirlə formalaşırdı. Dövlətin büdcəsinə əlavə olaraq 100 milyon manat (ümumi büdcənin 15 faizi ) da yenicə yaradılmış gömrük xidmətindən daxil olurdu. Bundan başqa azad ticarət, yüklərin və sərnişinlərin daşınmaları üçün alınan rüsumlar da əlavə 15 faiz təşkil edirdi. Təbii ki, büdcədə toplanan vəsaitdən il ərzində ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsinə (80 milyon manat), fəhlələrin maaşlarının verilməsinə, təhsilin dirçəldilməsinə (30 milyon manat) və s. istifadə olunurdu. Məlum olduğu kimi, AXC-nin yaradılmazdan bir müddət əvvəl Bakıda və bölgələrdə bir çox yaşayış məntəqələri mənfur erməni daşnaqlarının təcavüzü nəticəsində dağıdıldığından bərpa işlərinə də  büdcədən təxminən 130 milyon manat sərf olunmuşdu.

   AXC-nin sosial siyasəti

AXC-də fəhlələrin yaşamıma xüsusi diqqət yetirilmişdir. 1919-cu ilin yanvarında fəhlələrin maaşlarına əlavələr edilməsi haqqında qanun imzalanmışdır. 1918-ci il 3 iyun, 21 sentyabr, 13 oktyabr, 1919-cu il 10 fevral, 21 aprel, 1920- ci il 5 yanvar tarixli qərarlarla qulluqçuların maaşı iki il müddətində 6 ayrı qərarla artırılmışdır. Bundan başqa həmin illərdə “Qulluqçulara müavinətlər verilməsi”, “maaşlara müvəqqəti əlavələr edilməsi haqqında” qanunlar qəbul olunmuşdur. 1919-cu il iyununda minimum əmək haqqı artırılmışdır.

AXC  müəllimlərə yüksək qayğı göstərirdi. Bu dövrdə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdı. Bayran ərəfələrində müəllimlərə pul müavinətləri veriliridi. Bundan başqa müəllimlər aztapılan ilkin təlabat və ərzaq malları ilə təmin olunurdular. Şagirdlərə də xüsusi qayğı göstərilirdi. Orta təhsil müəssisələrində aztəminatlı şagirdlər üçün təqaüdlər təsis edilirdi, ehtiyacı olanlar hətta naharla təmin olunurdular.

İlk olaraq məktəblər milliləşdirildi. Təkcə 1918-ci ildə Zaqafqaziya dairəsində 25 ibtidai məktəbin açılması üçün Xalq Maarif Nazirliyi 199 min manat pul ayırmışdı. Bakı və digər yerlərdə dərs kitablarına, məktəb ləvazimatına olan böyük ehtiyacı nəzərə alaraq, Maarif Nazirliyi məktəblərin bu vasitələrlə təchiz edilməsini öz öhdəsinə götürmüşdü. Həmin dövrdə ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq, yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrə göndərildi. Parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə-İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.

            Beynəlxalq iqtisadi əlaqələrin qurulması

Təbii ki, mühüm müstəqil uğurlu beynəlxalq iqtisadi əlaqələrin qurulması siyasi və iqtisadi müstəqillik əldə etmiş xalqların qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan  AXC-də ölkənin sosial-iqtisadi inkişafı və xarici  iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində mühüm müstəqil addımlar atılmışdır. Xarici ölkə və vilayətlərlə əmtəə  mübadiləsini nizamlı  şəkildə  həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına  böyük ehtiyac duyulurdu. Bu məqsədlə  hökumətin 23  iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ticarət və Sənaye  Nazirliyi  nəzdində  “Xarici  dövlət  və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. “Əmtəə Mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12  fevral 1919-cu il tarixli  qərarı  ilə  təsdiq  edildi.

Mütəxəssislərin Cümhuriyyət dövrünə aid arxiv sənəd və materialları əsasında apardıqları araşdırmalardan, eləcə də o dövrə aid tarixi mənbələrdən məlum olur ki,  xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib hazırlanaraq  Azərbaycan Respublikasının Ticarət və Sənaye  Nazirliyinin  16  mart  1919-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq xaricə ixrac  olunan  əmtəə malların  siyahısı  tərtib  edilmişdi. Siyahıda  ixrac olunan  əmtəə  malları üç  qrupa  ayrılırdı.

 1828-ci ildə Qacarlarla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinə görə  Azərbaycan  Rusiya İmperiyasının tərkib hissəsi olduğundan  onun  iqtisadi həyatı da bilavasitə Rusiya  ilə  daha çox bağlı idi. Lakin 1918-ci il mayın 28-də Azərbaycan  Milli Şurasının qəbul  etdiyi  İstiqlal Bəyannaməsi ilə müstəqillik əldə edən Cümhuriyyət hökuməti  bütün sədləri aşaraq, çətinlikləri dəf edərək  ölkənin sosial-iqtisadi inkişafı  və xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində  mühüm addımlar  atdı.

Belə ki, əvvəllər Azərbaycan neftinin alıcısı ilk illərdə yalnız Rusiya idisə müstəqillikdən  sonra Avropa ölkələri də neft ticarəti sahəsində əlaqələr yaradıldı. O zaman Rusiyadan ölkəmizə əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiyada 1917-ci il inqilabından sonra  neftimizin  bu ölkəyə ixracı xeyli azaldı. Nəticədə 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Azərbaycan neftinin Avropa ölkələrinə ixracı isə yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu. Məhz bu dövrdən etibarən Avropa ölkələri ilə ölkələri ilə xarici-ticarət əlaqələri əhəmiyyətli dərəcədə artdı. Belə ki, o dövrdə Amerika, Fransa, İtaliya və digər dövlətlərdən hərbi mallar, telefon aparatları, minik avtomobilləri, 100 paravoz, 2 min sisterna, 5 min qapalı vaqon ərzaq məhsulları idxal etdi.  Azərbaycandan əsasən neft, pambıq, yun, ipək və gön ilə ödəmələr edildi. Ölkəmizi Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdu

          Aqrar islahatlar

AXC-nin aqrar proqramının əsasını aqrar islahatı haqqında “Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin baxışlarını əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən də xüsusi sahibkar torpaqlarından səmərəli istifadə olunsun. “Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdir. AXC-də kənd təsərrüfatının inkişafı, bu məqsədlə  aqrar sahədə, xüsusən onun tərkib hissəsi olan torpaq islahatlarının aparılması öz dövrünə görə mütərəqqi hal kimi dəyərləndirilməlidir. AXC dövründə qtisadiyyatda neft sektoru aparıcı rol oynasa da, o illərdə respublikamız daha çox aqrar, xüsusilə də heyvandarlığa istiqamətlənmiş ölkə kimi tanınırdı. Bu dövrdə iribuynuzlu heyvanların sayı 1 milyon baş, at 150 min baş, camış 300 min baş, dəvə 12 min baş, qoyun və keçi isə 1,5 milyon başa çatırdı. Eyni zamanda əsas strateji mallara tələbat idxal hesabına ödənilirdi. Buğdaya olan tələbatın ödənməsi üçün Azərbaycan 7 milyon pud (112 milyon ton) buğda və 16 ton şəkər almalı oldu.

AXC-nin varisi-müstəqil, qüdrətli Azərbaycan

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.100 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət qurmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, hazırda da öz inkişaf və tərəqqi yolu ilə inamla irəlilədiyini, durmadan artan qüdrətini  bütün dünyaya nümayiş etdirir.

Bəli, bugünkü müstəqil Azərbaycan 50 milyon azərbaycanlının qürur mənbəyidir. Müasir Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. Bu müstəqilliyin ömrü cəmi 23 ay olsa da, Azərbaycan öz müstəqilliyinə ikinci dəfə ötən əsrin 90-cı illərində qovuşdu. 1991-ci ildə Azərbaycan öz müstəqilyinin bərpa edilməsini bəyan etsə də, əsl müstəqiliyinə və suverenliyinə yalnız 1993-cü ildən- xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail ola bildi.

2003-cü ildən isə ümummilli inkişaf strategiyasını müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun olaraq davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf və təqqi yolunda inamla irəliləyir. Ölkə başçısının vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Yoxsulluğun azaldılması, iqtisadiyyatın uğurlu şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub.

Son 15 ildə Azərbaycan milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib. Ölkəmizdə  sosial məsələlərin həllinə çox böyük diqqət  göstərilir. Maaşlar, pensiyalar son 15 ildə dəfələrlə artıb. Təkcə bu ilin  yanvar ayında  ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. Bu dövrdə  ölkə iqtisadiyyatına 231 milyard dollardan artıq investisiya qoyulub. 

Prezident İlham Əliyev 2018-cil aprelin 18-də andiçmə mərasimində bildirib ki, iqtisadiyyatımız son 15 il ərzində 3,2 dəfə artıbdır: “Bu çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu onu göstərir ki, islahatlar böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə artıb. Bu gün bu ehtiyatlar 44 milyard manat təşkil edir.  Ölkəmizə 231 milyard dollardan çox sərmayə qoyulub. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliyinə görə ölkəmizi 35-ci yer layiq görüb”.

 Avropa ilə Asiyanın arasında körpü rolunu oynayan, regional və qlobal layihələrin müəllifi və uğurlu icraçısı olmaqla  bölgədə  yeni əməkdaşlıq platforması yaradan Azərbaycan geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin, eləcə də İpək Yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına böyük töhfələr verməkdədir.

Hazırda ölkəmiz Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir.Təbii ki, bu gün uğurla reallaşıdırılan Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olan,  sözün həqiqi mənasında qlobal əməkdaşlığa, sülh və təhlükəsizliyə, Avrasiyada enerji təchizatına və şaxələndirilməsinə uzunmüddətli təminat layihəsi olan “Cənub qaz Dəhlizi”, eləcə də onun seqmenti olan TANAP-ın uğurla reallaşdırılması Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirməklə yanaşı, ölkəmizin iqtisadi tərəqqisinə mühüm töhfələr verəcək böyük tarixi nailiyyətimizdir.

Bəli, türk-islam dünyasının ilk demokratik respublikası olan AXC-nin varisi olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik və tərəqqi yolunda  inamla irəliləyən müasir Azərbaycan hər bir  azərbaycanlının qürur mənbəyidir.

100 illik yubileyin mübarək, doğma, əziz Cümhuriyyətimiz!...

Zahid Rza, “İki sahil”

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda  müsabiqəyə təqdim edilir.