“Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir.” Bütün dünya xalqlarının maraqla izlədiyi IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin bu sözlərini təsdiqlədi.
Reallıq budur ki, Azərbaycanda məskunlaşan bütün xalqların nümayəndələri bərabərlik prinsipləri əsasında azad vətəndaş kimi sərbəst yaşayır, hüquqları qorunur. Təcrübə göstərir ki, dini tolerantlığın yüksək səviyyədə olması, xalqların bir məqsəd naminə birləşməsi normal münasibətlərin eyni məqsədə yönəldilməsi ilə bağlıdır. Bu sahədə tarixi ənənələrə malik Azərbaycanda dini və milli münasibətləri birləşdirən amillərə eyni dərəcədə diqqət yetirilir.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, əməkdaşlıq şəbəkəsinin əsas amilləri kimi daim diqqətdə saxlanılır. Azərbaycanın diplomatik missiyaları məhz müsəlman ölkələri ilə münasibətdən başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur.
İslamofobiya amilindən istifadə etməklə İslamın dini-mənəvi dəyərlərinə kölgə salaraq dinimizi müxtəlif ölkələrdə törədilən terrorlarla əlaqələndirməyə çalışan dairələrə tutarlı cavab olan Azərbaycan multikulturalizmi, tolerantlıq təcrübəsi İslam Həmrəylik Oyunları ilə məntiqi ifadəsini tapdı. “Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur” söyləyən Prezident İlham Əliyev vaxtaşırı olaraq ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Beynəlxalq Humanitar forumlarda da milli həmrəyliyin dövlətlərarası münasibətlərdə önəmli rol oynadığını Azərbaycan reallıqları ilə təbliğ edir.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması, Azərbaycanda dinlərarası münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelinin təqdimatıdır. Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etmiş, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olmuşdur. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci ildə isə bu şərəfli ada respublikamızın qədim diyarı Naxçıvan layiq görülmüşdür. Bununla da Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlarını davam etdirir. Əvvəlki forumlarda qeyd olunduğu kimi, Azərbaycanın təşəbbüsü və BMT-nin Sivilizasiyalar Alyansının, UNESCO-nun və Avropa Şurasının, Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədikləri Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında çox mühüm məsələlər müzakirə olunur və qlobal problemlərə aid müzakirələr aparılır. Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar forumlarda, Dünya Dini Liderlərinin Zirvə Görüşlərində müxtəlif dinləri təmsil edən nümayəndələrin bir araya gəlməsində də məqsəd dünyada sabitliyin təmin olunmasına yönələn səylərin birləşdirilməsidir.
Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar. Ölkəmiz çoxəsrlik tarixinin bütün dövrlərində milli mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə, Qərb dünyasına bağlılığı ilə fərqlənmişdir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Mənfi istiqamətdə cərəyan edən meyillər insanlarda qorxu, təlaş yaradır. Hələ də dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq.
“Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər də bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir” söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, bizim uğurlarımızın təməlində Vətən sevgisi dayanır və bu sevgi ölkəmizi qələbələrə aparır.
Artıq İslam Həmrəyliyi Oyunlarının həyəcanlı günləri arxada qaldı. Xatirələrdə daim yaşayacaq dəyər isə dostluq, qardaşlıq, səmimi münasibətlər oldu. İdmançıların, qonaqların etiraf etdikləri kimi, Oyunların bu səviyyədə keçirilməsi, təşkilati məsələlərin peşəkarlıqla həllini tapması Azərbaycanın düşünülmüş daxili və xarici siyasətinin, iqtisadi inkişafının, qüdrətinin nəticəsidir. Hər il bir neçə beynəlxalq tədbirə ev sahibliyi edən və yüksək səviyyədə, mütəşəkkilliklə başa çatdıran Azərbaycan eyni zamanda öz standartlarını da yaşadır. Bu səbəbdəndir ki, ölkəmizə gələn qonaqlar Odlar Yurdunun gözəlliklərindən ağızdolusu danışır, paytaxtımızın gözəlliyinə heyran olur, insanlarımızın qonaqpərvərliyindən razılıq edirlər. Bu dəyərləndirmələr dünyada Azərbaycan haqqında müsbət təsəvvürləri daha da genişləndirir.
...Bir neçə gündən sonra 28 May-Respublika Gününü qeyd edəcək, müstəqillik illərində qazandığımız nailiyyətlərlə qürur duyacağıq. Tarixi gün münasibətilə dövlət başçımızın adına göndərilən təbrik teleqramlarında xalqlar və ölkələr arasında faydalı münasibətlər yaradılmasında müstəsna rola malik Azərbaycanın xidmətlərinin etiraf edilməsi dünyada söz sahibi olan ölkəmizin reytinqini yüksəldir. “Müstəqillik bizə nə verib?” sualına ən yaxşı cavab respublikamızın dünya ölkələrı arasında möhkəmlənən mövqeyi, Azərbaycan haqqında söylənilən xoş sözlərdir. Sivilizasiyalararası dialoq məkanı kimi Şərqlə Qərbi birləşdirən coğrafi və mədəni körpü olmasıdır. Avropa ölkələrinin enerji təhlükəsizliyi ilə təminatında mühüm rola malik qlobal layihələrin təşəbbüskarı və tərəfdaşı kimi maraq doğurmasıdır. Dinamik inkişaf edən iqtisadiyyatı, güclü ordusu ilə seçilən qüdrətli dövlət kimi tanınmasıdır. Xalqın inandığı, daxili xarici siyasəti ölkə vətəndaşları tərəfindən dəstəklənən dövlət başçıları arasında aparılan sorğuları əks etdirən siyahılara başçılıq edən qətiyyətli İlham Əliyev kimi praqmatik dövlət başçısı ilə fəxr etməsidir. Tarixdə heç bir dövlət keçirilən beynəlxalq yarışlarda Azərbaycan qədər bacarıqlı idmançılarla təmsil olunub, 162 medal qazanmayıb. Bütün bunlara məhz müstəqillik illərində nail olmuşuq.
Hələ də sevincini yaşadığımız İslam Həmrəyliyi Oyunları daha bir dostluq, həmrəylik bayramı kimi Azərbaycanın adını dünyanın idman tarixinə yazdırdı. Oyunların açılış və bağlanış mərasimlərində hər kəsi heyrətləndirən əsrarəngiz hazırlıqlar, mütəşəkkillik Təşkilat Komitəsinin öz işinə məsuliyyətlə yanaşdığını sübut etdi. Bundan əvvəl də ölkəmizdə keçirilən tədbirlərin Təşkilat Komitəsinə başçılıq edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev və beynəlxalq təşkilatların nümayəndələri də heyrətlərini gizlədə bilmirdilər. Bu qiymət, eyni zamanda Mehriban xanım Əliyevanın vətəndaşlıq məsuliyyətinə, peşəkarlığına, xalqına, Vətəninə bağlılığına göstərilən dərin hörmət və ehtiramdır.
“Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!” söyləyən Mehriban xanım Əliyevanın sözləri əməkdaşlıq, birlik və həmrəyliyə çağırış olmaqla gələcəkdə nəzərdə tutulan beynəlxalq tədbirlərin də yüksək səviyyədə keçiriləcəyinə etibarlı zəmanətdir.
Xuraman İsmayılqızı, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır