Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları, XX əsrin əvvəllərində respublikamızın yaşadığı mədəni, yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Azərbaycanda baş verən köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin yaranmasını, milli özünüdərkin gerçəkləşməsini təmin etdi. Bunun üçün zəmin hazırlayan Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə ilə başlayan yolu davam etdirən Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və başqa görkəmli şəxslər milli məfkurənin yaranmasına və inkişafına güclü təsir göstərdilər. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının artdığı bir zamanda Azərbaycanın mütərəqqi fikirli ziyalıları milli dövlətçiliyin yaradılması naminə birləşdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsi qəbul olundu. Yeni Cümhuriyyətin formalaşması, qarşıya qoyulan vəziflərin yerinə yetirilməsi üçün ilk Parlament, Hökumət, dövlət aparatı təsis edildi, sərhədlərimiz müəyyənləşdirildi, dövlət atributları olan bayrağımız, himnimiz, gerbimiz qəbul olundu, təhsilin, mədəniyyətin inkişafına yönələn addımlar atıldı. Döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Ölkə vətəndaşlarının bərabərlik prinsipinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dünya dövlətləri ilə sülhsevər siyasət aparan, qarşılıqlı hörmətə əsaslanan AXC-nin fəaliyyəti nəticəsində 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra da Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinin qarşısı alındı.
Təcavüzə məruz qaldığı üçün məqsədlərə tam nail olunmasa da şüurlarda yenicə təşəkkül tapan müstəqillik ideyası unudulmadı.
Həmin vəzifələri Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirən ulu öndər Heydər Əliyev xalqın tarixi, mədəni yaddaşını formalaşdırdı, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının həqiqətə çevrilməsinə zəmin yaratdı.
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” söyləyən, dövlətçilik tariximizdə baş verən hadisələri xatırlayan ulu öndər Heydər Əliyev bildirmişdir ki, əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımıza bu sevinci bəxş edən Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq onun fəaliyyəti yaddaqalan olmuşdur. “Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” söyləyən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub yaradan və ona sona qədər sadiq olanlar Azərbaycanın ən mötəbər, ən görkəmli tarixi şəxsiyyətləridir. “Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır” söyləyən Prezident İlham Əliyev bildirir ki, “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılması onların xatirəsinə hörmət və ehtiramın ifadəsidir.
...70 ildən artıq digər müttəfiq respub
likalar kimi, SSRİ ailəsinin bir üzvü olan sovet Azərbaycanı kommunist üsul-idarəsinin sərt rejiminin ağrı-acılarını yaşamış, repressiyalarla üzləşmiş, xalqımıza, onun tarixinə, mədəniyyətinə, mənəviyyatına, əsrlərdən bəri qorunub saxlanılan adət-ənənələrinə böyük ziyan vurulmuşdur. 1947-1948 və 1953-cü illərdə soydaşlarımız tarixi torpaqları, doğma yurdları olan Qərbi Azərbaycandan dəfələrlə deportasiya olunaraq xeyli itkilər vermişdir. Ermənilərin apardıqları etnik təmizləmə siyasətinin imperiya tərəfindən dəstəklənməsi nəticəsində xalqımızın yaşadığı ağır günlər tariximizə qara hərflərlə yazılmışdır.
Müstəqilliyimizi milli sərvətimiz adlandıraraq qiymətli hesab edən ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində, Kremldə çalışdığı illərdə Azərbaycanın inkişafı, insanların rahat yaşaması naminə xidmətləri ilə fərqlənmiş, fədakarlığı ilə xalqın ümummilli lideri adını qazanmışdır. Sovetlər birliyinin tərkibində olarkən aqrar respublika kimi tanınan Azərbaycanı İttifaqın iri sənaye mərkəzinə, neft hasilatı ilə məşğul olan qüdrətli dövlətə çevirən böyük şəxsiyyət Heydər Əliyev müstəqillik illərində daim arzusunda olduğu islahatları mərhələlər üzrə həyata keçirdi.
“Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ümummilli lider Heydər Əliyevin müstəqillik illərində gördüyü işlərin, müəyyənləşdirdiyi siyasətin nəticəsidir ki, bugünkü Azərbaycan möhtəşəm, qüdrətli, dünya birliyində nüfuzu olan ölkədir.
Kremlin təhdidlərinə baxmayaraq ölkəmizin ağır günlərində xalqla bir olmağı qarşısına məqsəd qoyaraq heç nədən çəkinməyərək Azərbaycana qayıdan, boya-başa çatdığı Naxçıvana gələrək doğma elini, insanları Ermənistanın hücumlarından qoruyan xilaskar Heydər Əliyev müstəqilliyimizin əbədiliyi naminə nəzərdə tutduğu islahatlara da muxtar respublikada başladı. Naxçıvan MR Ali Məclisinin 17 dekabr 1990-cı ildə keçirilən sessiyasında insanların şüurunda milli təfəkkür və mənlik ideyalarının oyanışına yönəlmiş addımları ilə dövlətçiliyimizi daha da möhkəmləndirdi. Naxçıvandan başlanan milli dirçəliş hərəkatının Azərbaycanın siyasi mühitində davam etdirilməsinə çalışdı, milli dövlətçiliyin bərpası istiqamətində müdriklik göstərdi. Müstəqilliyimizin əbədilik rəmzi olan dövlət bayrağının, gerbin, himnin bərpası istiqamətində qətiyyət göstərdi. Çətin və məsuliyyətli bir dövrdə Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsindən qorumaqla liderlik vəzifəsini yerinə yetirən, daxili və xarici qüvvələrin heç bir təzyiq və təhdidlərindən qorxmayan ümummilli lider Heydər Əliyev həqiqi mənada müasir Azərbaycanın qurucusu, yaradıcısı oldu.
Müstəqilliyə gedən yolda Ulu Öndərin xidmətlərini, zəhmətini Azərbaycanın gələcəyi naminə fədakarlıq adlandıran Prezident İlham Əliyev vurğulayır ki, xalqın tələbinə səs verərək Azərbaycanı daxili və xarici dairələrin, mənfur qüvvələrin təsirindən qurtarmaq üçün Bakıya, hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqilliyimizin əbədi qarantı, xilaskarı olduğunu sonrakı illərdə davam etdirdiyi siyasəti ilə də təsdiqlədi.
Zaman da göstərdi ki, adı həmişə Azərbaycanla bir çəkilən, tarixi şəxsiyyətlər arasında ən böyük hörmətə layiq olanlardan birincisi, müstəqilliyimizin əbədi qarantı elə ulu öndər Heydər Əliyevdir.
1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhd edərək ölkədə sabitliyi pozmağa çalışan qüvvələr Heydər Əliyev-xalq birliyi sayəsində bir daha gücsüzlüklərini hiss etdilər. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq hallarına son qoyuldu və ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasəti özünü doğrultdu. Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakmiyyət uğrunda mübarizələrə son qoyan ümummilli lider Heydər Əliyev ərazi bütövlüyümüzün təminatı üçün də misilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı. “Əsrin müqaviləsi” kimi qlobal layihələrin reallaşmasını təmin etdi.
Ulu Öndərin Vətən, xalq qarşısında ən böyük xidməti isə özü qədər inandığı Prezident İlham Əliyev kimi dövlət başçısı yetişdirməsi idi. Müdrik siyasətçi Heydər Əliyev siyasi məktəbinin davamçısı Prezident İlham Əliyev bir dövlət başçısı kimi respublikanın dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini danışıqlar yolu ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmadan çalışır.
Bu inkişaf strategiyası bu gün daha əzmlə, inamla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi ilə ölkədə böyük quruculuq işlərinə start verildi. Son illərdə dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır. Ölkəmiz iqtisadi artım sürətinə görə MDB məkanında birinci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan ölkələr arasında ön sıralarda dayanır.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi artır. Dünya Davos İqtisadi Forumunun son hesabatına görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdədir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında başlıca hədəf son illərdə üç dəfə artan ÜDM-ni daha 2 dəfə artırmaqdır. İqtisadi nailiyyətlərimiz hesabına hərbi potensialımız artır, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olan Azərbaycanın mövqeləri dəstəklənir. Bu isə daha qüdrətli Azərbaycan üçün başlıca amillərdəndir. Demokratiyanın inkişafı istiqamətində aparılan islahatlar ölkəmizin dünya birliyində nüfuzunu daha da gücləndirir. Müstəqilliyin başlıca göstəricisi olan iqtisadi, siyasi imkanlarımızın genişlənməsi isə dünya birliyində mövqelərimizin möhkəmlənməsini təmin edir. İnkişafımızın hədəfi isə aydındır: 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti üçün strateji istiqamətləri müəyyənləşdirməklə Azərbaycanı daha yüksək gəlirli və inkişaf etmiş ölkəyə çevirmək.
Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd siyasi, iqtisadi çəkisi və gücü artan Azərbaycanı artıq inkişaf etmiş ölkələrlə eyni sırada görməkdir. Tarixi İpək Yolunun bərpası, “Cənub Qaz Dəhlizi”, TANAP kimi layihələr Azərbaycanın beynəlxalq aləmdə geosiyasi əhəmiyyətini artırır. Artıq dünya siyasət müstəvisində elə bir qlobal problem, həlli müşkül məsələ yoxdur ki, orada Azərbaycan amili mühüm əhəmiyyətə malik olmasın. AŞPA, ATƏT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda mövqeləri möhkəmlənən Azərbaycanın 155 səslə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Meksikada, Türkiyədə keçirilən “Böyük-20”-lərin zirvə toplantılarında, NATO-nun Nüvə Təhlükəsizliyi sammitlərində təmsil olunması bir daha təsdiqlədi ki, düzgün siyasət əsasında gələcəyini müəyyənləşdirən dövlət kiçik olsa belə möhtəşəm vəzifələri yerinə yetirməyə qadirdir. Ən möhtəşəm tədbirlərə, beynəlxalq sərgilərə, idman yarışlarına ev sahibliyi etməklə Qərblə Şərq, sivilizasiyalar arasında körpü olan Azərbaycanda keçirilən beynəlxalq forumlarda dünya ictimaiyyətini düşündürən aktual problemlərin müzakirəsi, respublikamızdan eşidilən çağırışlar ölkəmizin önəmini artırır. Birinci Avropa Oyunlarına, bu gün isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan Avropa və Şərq dəyərlərinə eyni dərəcədə hörmətlə yanaşan tolerant ölkə olduğunu da təsdiqləyir.
“Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir.
Xuraman İsmayılqızı, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır