18 may 2017 00:13
902

ÜAK-ın ləğvi Rusiyadakı tolerantlıq mühitini təhdid edən ədalətsiz qərardır

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən həmin ölkənin Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib. Təbii ki, ölkəmizə qarşı qərəzin nəticəsi olan bu qeyri- qanuni ləğvetmə prosesinə Rusiya Ali Məhkəməsi saxta və hüquqi cəhətdən gülüş doğuran  “əsaslandırmalarla” nöqtə qoyub. Qeyd olunan “əsaslar” tam subyektiv fikirlərin məhsuludur. Guya  ki, “təşkilatın adı onun fəaliyyətinin xarakterinə işarə etmir”, yaxud “Rəyasət Heyətinin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmayıb”. Təbii ki, bunlar böyük nüfuzu olan ÜAK-ın ləğvi üçün yetərli olmayan “faktlardır”.

Əslində, Rusiya Ədliyyə Nazirliyinin təqdimatı və Rusiya Ali Məhkəməsinin qərarı Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışan, bu münasibətlərdən narahat olan bəzi antiazərbaycan qüvvələrin fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, MDB məkanında Rusiya-Azərbaycan iqtisadi əlaqələri ən yüksək səviyyədədir. Rusiya bazarları Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə davamlı olaraq zənginləşir. Eyni zamanda Azərbaycan Rusiyanın avtomobil və hərbi sənaye məhsullarının ən yaxşı alıcısı sırasındadır. Azərbaycanla Rusiya arasndakı ixrac-idxal dövriyyəsi ildə 1 milyard dollardan çoxdur.

Eyni zamanda, Rusiya-Azərbaycan mədəni əlaqələri daim yüksələn xətlə inkişaf edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da davam etdirilir. Bakıda və regionlarda məşhur rus yazıçılarının və bəstəkarlarının onlarla abidələri ucaldılıb. Onların ev muzeyləri fəaliyyət göstərir, adlarına küçələr, parklar salınıb. Hazırda ölkəmizdə onlarla rusdilli qəzet, jurnal və saytlar, televiziyalar fəaliyyət göstərirlər.  Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı,  Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Az qala hər həftə Rusiyanın incəsənət ustaları ölkəmizin böyük mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edirlər. Bir sözlə, dövlətimiz rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rusların vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atır. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti və xalqı həmişə Rusiyaya qarşı xoş münasibətdədir.

Azərbaycanla Rusiya arasındakı strateji müttəfiqlik də həmişə yüksək səviyyədə olub. Belə ki, Azərbaycan dövləti bölgədə Rusiyanın milli maraqlarına zidd addımlar atmayıb. Ölkəmiz həmişə bərabərhüquqlu qonşuluq prinsiplərinə önəm verib. Azərbaycan və Rusiya siyasətçiləri rus  və Azərbaycan xalqları arasındakı dostluğa öz töhfələrini veriblər. Məhz buna görədir ki, Azərbaycan hökumətinin bir neçə üzvü Rusiyanın ali mükafatları ilə təltif ediliblər. Eyni zamanda, Rusiyanın dövlət və incəsənət xadimləri də Azərbaycanın dövlət mükafatlarına layiq görülüblər. 

Ən başlıcası isə Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri həmişə ikitərəfli münasibətlərin inkişafına mühüm təsir göstərib. Hətta iki ölkə başçısının isti münasibətləri  strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib.

Təbii ki, bununla yanaşı, Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Rusiyadakı bəzi ermənipərəst təşkilat və qurumlar Azərbaycan dövlətinin inkişafını həzm edə bilmirlər. Xüsusən Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi Rusiyadakı bəzi ermənipərəstləri məyus edir. Onların əsas istəyi ölkəmizi forpost, kölə, sözə və ələbaxan görməkdir. Bütün bunlardan bir daha aydın görünür ki, Rusiyada antiAzərbaycan dairələri və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.

Bu da bir reallıqdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Ən başlıcası isə Ümumrusiya Azərbaycanlıları Konqresi iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolunu oynayıb. Təbii ki, bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır.

Eyni zamanda Rusiya Ali Məhkəməsinin bu qərarı buölkənin beynəlxalq arenadakı nüfuzuna da bir zərbədir. Belə ki, Azərbaycan icmasının ən böyük İctimai Birliyinin qeydiyyatının ləğv edilməsi  çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.

Əslində bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaratmaqla bərabər, onun bitərəf mövqeyinə kölgə salacaq. Ona görə ki, hər iki ölkənin siyasi-iqtisadi və mədəni həyatında ruslar və azərbaycanlılar geniş şəkildə iştirak edirlər. Qeyd edək ki, bu gün Cənubi Qafqaz respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, burada 120 mindən çox etnik rus yaşayır. Onlar  ölkəmizin həm siyasi, həm də  ictimai-mədəni həyatında əhəmiyyətli dərəcədə iştirak edirlər. Azərbaycandakı rus icmasının da etiraf etdiyi kimi, ruslar Azərbaycanda çox rahat və təhlükəsiz yaşayırlar. Ölkəmizdəki ruslar bu ədalətsiz qərara qarşıdırlar və Prezident Vladimir Putinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə qarşı sərt tədbirlər görməyə çağırıblar. 

Burada haqlı suallar yaranır: Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir?  Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Təbii ki yox!

Təzada baxın ki, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident Vladimir Putin ona təbrik məktubu göndərmişdir. Bu hadisələri araşdıranda ölkəmizə və xalqımıza qarşı qərəz açıq-aydın hiss olunur.  

Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də  Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır.

Elçin Zaman, “İki sahil”