16 may 2017 14:48
916

İqtisadiyyatın şaxələndirilməsi zamanın tələbidir

Dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əsas diqqət yönəltdiyi məsələlərdən biri məhz iqtisadiyyatın rəqabətqabiliyyətinə görə ölkəmizin yeri və bu uğuru şərtləndirən amillər oldu: “İqtisadi göstəricilərimiz həqiqətən də  yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə  Azərbaycanı  37-ci yerə layiq görüb.

Həmin təşkilatın qiymətləndirməsinə  əsasən, inkişafda olan ölkələrin inkişaf  templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə  birinci və ikinci yerləri paylaşır.” Ölkə Prezidenti eyni zamanda bildirir ki, əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı yerli istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı da bu məqsədə xidmət edir.  Qiymətlərin tənzimlənməsi,  idxala əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya  halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində  önəmli addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə  xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində  ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib.

“Azərbaycan olduqca münbit  sərmayə mühitini yaradıb” söyləyən dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, müstəqillik tariximizdə  iqtisadiyyata 200 milyard dollardan artıq sərmayə qoyulub. Bu, ölkəmizə inamdan irəli gəlir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin  formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə  diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun.

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində də bu rəqəm açıqlanmışdır ki,  son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox  güzəştli şərtlərlə kredit verilmişdir: “Bu kreditlər, eyni zamanda,  sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki,  biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac  potensialımızın artırılmasından,  ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi.  Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və  sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.”

Prezident İlham Əliyevin vurğuladığı kimi, sənaye istehsalı ilə bağlı  ölkəmizdə bir neçə böyük sənaye müəssisəsi yaradılıb: “Mən bu barədə  demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul  ixrac edək.” Hazırda qeyri-neft sektoru iqtisadiyyatın təxminən 65 faizini təmin edir. “Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib” söyləyən dövlətimizin başçısı bildirir ki, qarşıda dayanan əsas vəzifə ixracda da şaxələndirməyə nail olmaqdır.

Göründüyü kimi, ölkəmizin iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili  potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir.”

Bu məqam da xüsusi qeyd edilir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektoru nəyin hesabına  inkişaf etdirilə bilərdi? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.  Ötən 13  ildən artıq dövr ərzində  bir milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzüunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir.

Dövlətimizin başçısı İlham Əliyev  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməyin vacibliyini bildirir. Ölkə Prezidentinin imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası  sözsüz ki, maarifləndirmə işinin gücləndirilməsinə və bunun nəticəsi olaraq  ölkə iqtisadiyyatına qoyulacaq investisiyaların həcminin artmasına öz müsbət  təsirini göstərəcək. Cənab İlham Əliyev qeyd olunan  müşavirədə bildirmişdir: “İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində   investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində  ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində  sərmayə qoyulur və qoyulacaqdır. Yəni bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik. Sahibkarlar özləri bunu təşkil edirlər. Dövlət, əlbəttə ki, öz dəstəyini göstərir.”

Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan  Azərbaycan təkmil sosial-iqtisadi islahatları ilə  diqqətdədir.  Təbii ki,  əgər biz doğrudan da inkişaf  etmiş  ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq.  O da məlumdur ki,  ölkəmiz 2011-ci ildə  şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq   təcrübənin mübadiləsi və beynəlxalq səylərə  öz töhfəsini verməsi  üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Reallıqlara söykənərək ölkə  Prezidentinin 6 dekabr 2016-cı il tarixdə imzaladığı  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”  Fərmana uyğun olaraq tərtib olunan strateji yol xəritələri hədəflərə yüksək səviyyədə çatmağa stimul olacaq. Qeyd olunduğu kimi,  strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu xəritələr  milli iqtisadiyyatın perspektivini, neft-qaz sənayesinin inkişafını, kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalını, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafını nəzərdə tutur. Atılan davamlı addımların, eyni zamanda təkmil islahatların nəticəsidir ki,  “Made in Azerbaijan” brendi dünyada şöhrət qazanıb.

Yeganə Əliyeva, “İki sahil”