15 may 2017 14:45
940

Multikulturalizm yaşayır və onun alternativi yoxdur

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  iştirakçı ölkələrin bu sahədə malik olduqları təcrübəyə işıq salmaqla yanaşı, dövrün çağırışlarının yüksək dəyərləndirilməsi üçün birgə səylərin göstərilməsinin aktuallığını bir daha təsdiqlədi

“Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.” III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlətimizin başçısı İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir.

Təbii ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi  baxımından da xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. 120 ölkədən  800-dən artıq nümayəndənin qatıldığı, “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında dövlətimizin başçısı  dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının  Bakının qonağı olduğunu önə çəkərək, belə tədbirlərin ölkəmizdə keçirilməsinin  təbii olduğunu  əsaslı şəkildə diqqətə çatdırdı: “Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki,  Azərbaycan  sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır.  Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik. ““Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır.

Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur.  Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz   çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində  böyük praktikaya malik ölkələrin  təcrübəsindən yararlanmaqdır. Dövlətimizin başçısı bildirmişdir: “Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda  multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.”

Bu fakt hər zaman önə çəkilir ki,  ötən əsrin sonlarında  sovetlərin dağılması ilə  yaranan dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi,  dini dözümlülük ənənələrinin qorunması üçün də  əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. Dövlətimizin başçısı İlham Əliyev Forumda bu məsələni xüsusi vurğulamışdır: “Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.”

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Forumdakı çıxışında bu reallıq öz əksini tapmışdır ki, Asiya ilə Avropa arasında yerləşən Azərbaycan müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır.   Azərbaycanı mühüm tərəfdaş kimi gördüklərini diqqətə çatdıran  Nassir Abdulaziz Al-Nasser  əməkdaşlığın  gələcəkdə müxtəlif səviyyələrdə  davam etdiriləcəyinə əminliyini ifadə etdi.  İslam Əməkdaşlıq Təşkilatının baş katibi  Yusif Əl-Osaymin  Bakıda ilk dəfə olduğunu bildirdi. O, ölkəmizdəki inkişafdan məmnunluq duyduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, ölkəmizdə  xoş ab-hava, mehriban qonaqpərvərlik, çoxmədəniyyətlilik mövcuddur.   “Sizin şəhəriniz beynəlxalq səylərin məhz mərkəzində dayanır” söyləyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri qeyd etdi ki, cənab İlham Əliyevin  davamlı şəkildə göstərdiyi səyləri, belə bir çiçəklənən ölkəni yaratmaq üçün gördüyü işləri yüksək dəyərləndiririk. Bu fəaliyyət nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı irəliləyiş, müasirlik və sabitliyin nümunəsinə çevirib.

Ölkəmiz haqqında səsləndirilən fikirlərdən də aydın göründüyü kimi, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan  milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə  vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə  ən böyük töhfə verən ölkədir. Forumdakı çıxışında dövlətimizin  başçısı İlham Əliyev  tədbirin gündəliyinin genişliyindən bəhs edərkən  bir əsas məqamı xüsusi qeyd etmişdir ki,  ən böyük maraq doğuran məsələ   multikulturalizmlə bağlıdır: “Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə bilərik ki, multikulturalizm yaşayır və onun alternativi  yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.”

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi, nüfuzunun artması  əsas olan bu reallığı təsdiqləyir ki, düzgün təməl uğurların davamlılığını şərtləndirir, qarşıdakı illərin aydın mənzərəsini yaradır.

Yeganə Əliyeva, “İki sahil”