12 may 2017 14:18
869

Biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik

İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı “OIC Journal”da dərc olunan “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın qarşılıqlı əməkdaşlıq münasibətlərindən bəhs edən Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir: “Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir.” Məqalədə o da qeyd olunur ki, ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor”, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfranslara ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır.

İƏT üzvü ölkələri arasında 4 ildən bir “İslam sülhdür” devizi altında Həmrəylik Oyunlarının keçirilməsində məqsəd müsəlman ölkələrinin  əlaqələrini genişləndirmək, İslamla bağlı təxribatların əsasının olmadığını sübuta yetirmək, islamofobiyaya qarşı mübarizə aparmaqdır. Həmrəylik Oyunları ilk dəfə 2005-ci ildə Məkkədə təşkil olunub. İkinci Oyunların Tehranda keçirilməsi nəzərdə tutulsa da, müəyyən səbəblər üzündən ləğv olunub. İslam ölkələri oyunçularının üçüncü yarışları İndoneziyada baş tutub. IV İslam Həmrəylik Oyunları üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. İqtisadi inkişafı ilə liderliyini qoruyan ölkəmizə olan maraq, idmanın inkişafı sahəsində qazandığı uğurlar və xalqımızın qonaqpərvərliyi diqqət çəkən amillərdir. 1,5 milyard müsəlmanın yaşadığı 57 İslam ölkəsini təmsil edən 3 mindən çox idmançı 12-22 may tarixlərində Azərbaycanda olacaq, yarış proqramında nəzərdə tutulan idmanın 20 növü üzrə yarışlarda qələbə uğrunda mübarizə aparacaqlar. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının təşkili göstərir ki, bütün dövlətlərlə əməkdaşlıqda maraqlı olan ölkəmiz İslam dövlətləri ilə birlik və həmrəyliyin daha da möhkəmlənməsində maraqlıdır: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, eyni zamanda, dostluğa, qardaşlığa çağırış, islami dəyərlərin təbliği baxımından əhəmiyyətlidir.

Artıq gözlənilən gün çatıb. Bakı qonaqlarını qəbul edir. Bu gün IV İslam Həmrəyliyi Oyunları başlayır. Təbii ki, hər bir hadisə rəmzi məna daşımaqla, özünəməxsus əlamətləri ilə də tarixə yazılır.

...Dünya ictimaiyyətinin maraqla izlədiyi birinci Avropa Oyunlarının açılış mərasimlərinin odla başlaması  böyük diqqət çəkdi. Çünki od, alov, məşəl Odlar yurdu kimi tanınan ölkəmizin simvolu olmaqla varlığımızı təsdiqləyən amil kimi də seçilir. “Atəşgah” məbədində keçirilən mərasimdə alovlanan məşəl 60 rayonu dolaşdı, 47 gün ərzində 5,5 min kilometr məsafə qət etdi.  IV İslam Həmrəyliyi Oyunlarının rəmzi kimi suyun seçilməsi də təsadüfi deyil. İslamda şəfa qaynağı, saflıq kimi qəbul olunan Zəm-zəm suyu müsəlman aləmində müqəddəslik rəmzidir. Hər bir canlı üçün həyat mənbəyi, paklık və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyərlərə malik olması Xəzər dənizinin sahilində yerləşən Azərbaycan xalqı üçün də eyni dərəcədə müqəddəsdir. Bu baxımdan İslamiadanın rəmzi kimi  suyun seçilməsi də təsadüfi deyil.

“Həmrəylik bizim gücümüzdür” şüarı altında keçirilən Oyunlara start verildiyi andan Xəzərdən götürülən su bütün Azərbaycana “səyahət etdi.” Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni dolaşdı. 3 min kilometrdən çox məsafəni qət etdi. 15 bölgədə təntənə ilə qarşılandı. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Qeyd olunduğu kimi İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su isə həyat deməkdir. “Su əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun” söyləyən Prezident İlham Əliyev kimi, ölkəmizə səfər edən Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud yarışların yüksək səviyyədə hazırlanmasında göstərdiyi səylərə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Prezident İlham Əliyevlə görüşündə IV İslam Həmrəyliyi oyunlarının Azərbaycana uğur gətirəcəyinə əminliyini qeyd edən Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudi vurğuladı ki, Oyunlar nəcib əxlaq və əsl dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançısının düzgün və ideal simasını göstərməsi üçün əlverişli fürsətdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, Oyunların Azərbaycanda keçirilməsi, İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürüdür: “Eyni zamanda bu bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında da qeyd olundu ki, yarışların keçiriləcəyi bütün idman obyektləri Oyunların açılışına və keçirilməsinə tam hazırdır. Dünyada idman ölkəsi kimi tanınan respublikamızın idmançılarının birinci Avropa Oyunlarında 56, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri qazanması Azərbaycan dövlətinin potensialını, gənclərimizin istedad və bacarığının məntiqi nəticəsidir. Həmrəylik Oyunlarında 57 müsəlman ölkəsini təmsil edən idmançılar İslamın sülh, bərabərlik dini olduğunu həmrəylikləri ilə sübut edəcəklər. Yarışlarda 17 müxtəlif idman obyekti ilə yanaşı, 21 qeyri-yarış məkanından da istifadə olunacaq.  Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulur. 50-dən çox ölkədə bir milyarddan artıq tamaşaçı yarışları izləyəcək. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi də nəzərdə tutulur. Bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu yarışlarda idmanın atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair növləri üzrə mübarizə aparılacaq. IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək.

İdmançılar Atletlər Kəndində, yarışları işıqlandıracaq kütləvi informasiya vasitələrinin nümayəndələri isə Media Kəndində yerləşdiriləcəklər. İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 8 mindən artıq könüllü qonaqlarda ölkəmizlə bağlı xoş təəssürat yaradacaq, Azərbaycan xalqına məxsus qonaqpərvərliyimizi, bacarıq və potensiallarını bir daha dünya ictimaiyyətinə çatdıracaq.

“Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik. Dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik. Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı salmaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” sözləri ilə birlik və həmrəyliyimizin əbədi olacağını diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, bu Oyunlar da dünyanın idman tarixinə uğurları ilə imza atacaq. “Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var” söyləyən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar. Ötən illərin təcrübəsi də göstərir ki, uğurların qazanılmasında yarışların yüksək səviyyədə təşkilində Təşkilat Komitəsinin xidmətləri danılmazdır. Mədəniyyət, incəsənət, idman bayramı kimi bütün Azərbaycan xalqının, qitə ölkələrinin tarixində əlamətdar hadisə kimi iz salan  tədbirlərin yüksək səviyyədə təşkilində və mütəşəkkilliklə başa çatmasında səy və bacarığını əsirgəməyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı, səyi işə məsuliyyətlə yanaşma təcrübəsi bəhrəsini verir. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın əvvəlki illərdəki fəaliyyətini xüsusilə yüksək qiymətləndirən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var.

Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır.

İslam Həmrəyliyi Oyunlarının da çox önəmli beynəlxalq yarışma olacağını bildirən, “Azərbaycan İslam aləminin bir parçasıdır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, məqsəd Həmrəylik  Oyunlarının da ən yüksək səviyyədə keçirilməsinə nail olmaqdır.  Həmin günlərdə idmançılar, qonaqlar ölkəmizlə tanış olub, Azərbaycanın qədim tarixini öyrənəcək, Azərbaycanda özlərini rahat hiss edəcəklər. Növbəti - V İslam Həmrəyliyi Oyunlarının ünvanının Türkiyə olmasının da Azərbaycan üçün rəmzi mənası var. Estafetin Azərbaycandan Türkiyəyə verilməsi iki dost, qardaş ölkə arasındakı birlik və həmrəyliyin ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”