08 may 2017 23:23
932

Ulu Öndər və Azərbaycanda tolerant dəyərlərin inkişafı

Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və dinlərin birgəyaşayışının yüksək səviyyədə təmin olunduğu coğrafi məkan kimi tanınıb. Yaşadığı ictimai-siyasi quruluşdan asılı olmayaraq xalqımız hər zaman müxtəlif dinlərin daşıyıcılarına, fərqli etnik qruplara dözümlü yanaşmış, onların mənəvi dəyərlərinə hörmət göstərmişdir. Bu baxımdan, tolerantlığın və multikulturalizmin ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlməsi təsadüfi olmayıb, tarixi-ənənəvi köklərə bağlıdır.

Lakin ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı, bu sahəyə diqqət və qayğı ilə yanaşılması ənənələrinin yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər dinin mütləq şəkildə inkar edildiyi, ateist dünyagörüşünün hakim olduğu rejimin daxilində belə xalqımızın milli mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində tarixi addımlar atmışdı.

Bununla belə, əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda İslam dininə yeni siyasi yanaşmanın formalaşması və dövlət-din münasibətlərinin təkmilləşdirilməsi baxımından da ilk tədbirləri görkəmli dövlət xadimi Heydər Əliyev həyata keçirmişdir. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanda yaranmış ictimai-siyasi gərginlik şəraitində İslam dininin cəmiyyətdə yayılması prosesi əsasən xaotik şəkildə baş verir, daha çox müəyyən dağıdıcı cərəyanların və sektaların təbliği formasında təzahür edirdi. Belə bir şəraitdə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, dini siyasətin həyata keçirilməsində də yeni siyasi yanaşma ortaya qoyuldu.

Hakimiyyətə qayıdışının elə ilk aylarında Ümimmilli Lider İslam dininə, tolerant dəyərlərə münasibətini ortaya qoydu. Dövlətin dinə münasibətinin necə olacağını bəyan etdi. Bütün bunları nəzərə alaraq 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Peyğəmbərimizin mövludu münasibətilə keçirilən mərasimdəki çıxışında Ulu Öndər demişdir: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”.

Ulu Öndərin İslam dininə, onun ali dəyərlərinə yanaşması müqəddəs dini məkanlara münasibətində də özünü büruzə verirdi. 1994-cü ilin iyul ayında onun İslam dininin müqəddəs məkanları hesab edilən Məkkə və Mədinəyə ümrə səfərini reallaşdırması bunun bariz təzahürü idi. Ulu Öndər həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə əhəmiyyətli görüşlər keçirmiş, yeni müstəqilliyini qazanan Azərbaycanın İslam aləmində öz layiqli yerini tutmasının təməllərini qoymuşdur. Həmin görüşlərdə Ümummilli Liderin müsəlman ölkələrinin dövlət və din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hisslərindən biri olan, Şərqdə sivilizasiyanın inkişafında mühüm hadisə sayılan İslam dini və dinin əsasını təşkil edən, müsəlmanların müqəddəs kitabı olan Quran barədə çox qiymətli fikirlər söyləmişdir: “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.

Biz azərbaycanlılar- bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur- heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”.

Böyük dövlət xadiminin sonrakı fəaliyyəti göstərdi ki, o, bu illərdə verdiyi bəyanatların söz olaraq qalmasına imkan vermədi, bütün vədlərini həyatda reallaşdırdı və İslam dininin dövlət səviyyəsində təbliğini layiqincə həyata keçirdi. 

Məhz onun hakimiyyəti dövründə, 1996-cı ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanun əlavə və dəyişikliklər edilməklə təsdiq edildi. Bu qanunla dövlət və din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dini obyektlərə və müqəddəs hesab edilən dini abidələrə dövlət qayğısı və dəstəyi artırıldı. Dini siyasətin tənzimlənməsi məqsədilə 2001-ci il iyul ayının 1-də Ulu Öndərin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bütün bunlar Ümummilli Liderin İslam dininə, xalqımızın dini-mənəvi dəyərlərinə münasibətinin təzahürü idi. O, İslam dininin mütərəqqi xarakterini belə izah edirdi: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu, eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.

Ümummilli Lider təkcə İslam dini ilə bağlı deyil, digər dini konfessiyaların da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Məhz onun göstərişi ilə Azərbaycanda mövcud olan sinaqoqlar, kilsələr təmir və bərpa edilərək digər dünyəvi dinlərin daşıyıcılarının istifadəsinə verilib. Beləliklə, Ulu Öndər ölkəmizdə tolerant mühitin daha da sağlamlaşması və inkişafına böyük töhfələr verib. 2003-cü ildə Azərbaycanda səfərdə olan bütün katoliklərin dini lideri, Roma Papası İoann II Pavel Bakıdakı görüşlərinin birində yaradılmış yüksək şəraiti nəzərdə tutaraq demişdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.

Bu gün dünyanın multikultural və tolerantlıq məkanı hesab edilən Azərbaycanın bu səviyyəyə çatması Ulu Öndərin böyük uzaqgörənliyinin nəticəsidir.

Taleh Turqut, “İki sahil”