Artmaqda olan islamofobiya, Avropada multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili standartların xarakterik təzahürləri kimi amillər onsuz da gərgin olan dünya siyasətini daha da qloballaşdırır. Hazırda dünya siyasətçilərinin qeyd etdikləri kimi, sözün, dialoqların, diplomatik anlaşma termininin kəsərdən düşməsi təhlükələrə aparan silahların dili ilə danışmaq mexanizminin başlanğıcıdır. Daha doğrusu, regional münaqişələrin artması, islamofobiya, ksenofobiyanın güclənməsi böyük güclər arasındakı müharibə təhlükəsinin astanada olmasından xəbər verir. Dünya ictimaiyyəti qılınc, yoxsa qələm seçimi ilə üz-üzə dayanıb. Balaca dövlətləri yem edərək ərazi münaqişələrindən faydalanmaq istəyən supergüclər arasındakı rəqabət artdıqca qalib olmaq naminə güc amilinə üstünlük verənlərin dialoqları artıq silah üzərində qurulur. Təsir vasitəsi kimi ən müasir kimyəvi silahlar sınaqdan çıxarılır, canlıları bir anda yox etmək qüdrətinə malik nüvə təhlükəsini artıran amillər haqqında açıq danışılır. Başqa dövlətlərin daxili işlərinə müdaxilələr zamanı beynəlxalq hüquq normaları arxa plana keçirilir, siyasi mübarizəni hərbi müdaxilələrlə əvəzləməkdə israrlı olan tərəflər üçün insan amili, planetin gələcək taleyi ilə bağlı çalınan xəbərdarlıq, “sos” təbilinin akkordları dəhşətli hadisələrə qarşı əlbir olmaq çığırışını susdurur.
Belə bir zamanda “özlərini dünyada insan hüquqlarının qorunmasında səlahiyyətli hesab edən təşkilatlar” üzdə demokratiyanın carçısı imicini formalaşdırsalar da əslində demokrtik prinsipləri çoxdan unudublar. Maraqlarının əsiri olan dövlətlər, təşkilatlar arasında yaranan ikitirəlik daha böyük risk və təhlükələrin başlandığını göstərir. Qalib adı uğrunda mübarizənin oyunçuları Qərb qurbanlar isə Şərq ölkələri, müsəlman dövlətləridir
Dünyada baş verən hadisələri təhlil edərək münasibətini bildirən Çexiyanın nüfuzlu “Parlamentilistu.cz” xəbər portalında yazılır: “Siçovullar tütəyin ardınca getdiyi kimi, Qərbi Avropa da ABŞ-ın arxasınca gedir. Əfqanıstan, İraq, Liviya, Yəmən və Suriyada baş verən müharibələr ABŞ, Fransa və Böyük Britaniyanın səhvidir. Bu müharibələr Qərbin yürütdüyü siyasət nəticəsində baş verib. Müharibədə həlak olan insanlara görə də Qərb məsuliyyət daşıyır.”
Əslində isə davam edən daxili çəkişmələrdən zəifləyən elə bu qurumlardır. Son aylarda Türkiyəyə münasibətdə həqiqi simasını antidemokratik dəyərlərə daha çox üstünlük verdiyini ədalətsiz qətnamələri, çağırışları ilə bildirən AŞPA-nı, Avropa İttifaqını beynəlxalq münasibətlərin subyekti kimi zəiflədən amil İttifaqın daxilində fikir ayrılıqlarının çoxalması və millətçilik meyillərinin artmasıdır. Fransa, Yunanıstan və Böyük Britaniya kimi ölkələrdə baş verən hadisələr buna əyani sübutdur. Onlar öz nümunələrində qitənin bir sıra ölkələrində Avropa inteqrasiyasına marağın xeyli azalmasını təsdiqləyirlər. İttifaqdan çıxmağın, quruma üzvlük məsələlərinə yenidən baxılmasının tərəfdarı olan siyasi qüvvələrin artması və ayrılma prosesinin davamlı olacağını göstərən dövlətlərarası münasibətlərin gərginləşməsi narahatlıq yaradan amillərdəndir. Yunanıstanda hakimiyyətə gəlmiş “SİRİZA”” Partiyası lap əvvəldən İttifaqdan çıxacağı ilə hədələyərək Brüsseldən tələb edirdi ki, maliyyə siyasəti yumşaldılsın. Aİ-nin siyasətinə təsir göstərmək üçün indiki vəziyyətdə malik olduğundan daha çox səlahiyyət və imkan əldə qazanmaq niyyətində olan Böyük Britaniya qurumun tərkibindən çıxmaq üçün keçirdiyi referendumla istəyinə nail oldu.
Bu amillər isə Avropaya inteqrasiya siyasətində problem və boşluqların olduğunu sübut edir. Nöqsanların aradan qaldırılması üçün qəti addımlar atılmasını tələb edən “kiçiklər” bu istəyə hazır olmayan Brüsseldən güclü iqtisadi asılılıq nəticəsində daha da zəifləyirlər.
Belə ki, Avropa təsisatlarının xarici siyasətinin əsas hərəkətverici qüvvəsi olan üzv ölkələrin həmrəyliyi süquta uğramaqdadır. Konkret beynəlxalq məsələlərin həllində ən yaxın münasibətdə olan dövlətlərin belə maraqları heç də həmişə üst-üstə düşmür. Buna görə də Aİ-ni regional lider, böyük dövlət, yoxsa fövqəldövlət adlandırılması kimi müəmmalı sualı cavablandırmaq səlahiyyəti zamanın hökmünə verilib.
Avropa İttifaqına böyük dövlət kimi yanaşmağın tərəfdarları buna istinad edirdilər ki, Aİ üç böyük ölkədən - Böyük Britaniya, Almaniya və Fransadan ibarətdir və İttifaqı bu dövlətlər formalaşdırırdı. Qalan üzvlər isə “superdövlət” siyasətlərini bu üçlüyün maraqlarına uyğun tənzimləməli idilər. Bu yanaşmanın özü isə təşkilat daxilində dünya siyasətində tətbiq olunan ikili standartlar, manipulyasiya, başqalarına təsir vasitəsi kimi qəbul olunur. Artıq Böyük Britaniya bu “komandadan” ayrılıb. Yəni Avropa təsisatları əvvəlki gücdə deyil.
Referendum ərəfəsində Türkiyəyə eyni mənbədən idarə olunan qərəzli münasibət çox mətləblərə aydınlıq gətirdi. Dost ölkəyə qarşı kampaniya aparan və illərdən bəri iqtisadi böhranla mübarizə aparan Avropa ölkələri qüdrətli Türkiyəni yanlarında deyil, qarşılarında görmək istədiklərini qitədə məskunlaşan türk əsilli insanlara qarşı göstərdikləri ədalətsiz münasibətləri ilə də sərgilədilər.
Eyni vəziyyət dəfələrlə Azərbaycana qarşı da göstərilib. Respublikamızda keçirilən beynəlxalq humanitar, mədəniyyətlər və sivilizasiyalarası forumlar, idman tədbirləri ərəfəsində ölkəmizdə “siyasi məhbus” axtaranlar “insan hüquqlarının pozulması kimi” amillərə istinad edərək antiazərbaycan təbliğatlarını genişləndirir, ölkəmizdə formalaşdırdıqları “beşinci kolon”un xəyanətlərindən yararlanırlar.
Başqa bir amil. Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ da daxil olmaqla qəbul edib sərhədlərin toxunulmazlığını yolverilməz adlandıran BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, sənəd kimi kağız üzərində təşkilatın “icra mexanizminin” fəaliyyətə başlayacağı günü gözləyir. İllərin təcrübəsi göstərir ki, böyük güclərin istəyinə müvafiq olaraq qətnamələrin həllinə ikili yanaşmaların “ömrü” 48 saat, 48 il və 25 il olmaqla müxtəlif zamanlarla ölçülməsinə baxmayaraq Azərbaycana münasibətdə “ərazi bütövlüyünün toxunulmazlığı” səlahiyyətlərini yerinə yetirmək yada düşmür.
Bu məsələ ilə əlaqədar haqlı münasibətini “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən çoxdur ki, məsələ həllini tapmır. Nəyə görə? Ona görə ki, ikili standartlar var” sözləri ilə bildirən Prezident İlham Əliyev ikili standartlardan yaranan fəsadların daha ağır nəticəsini arqumentlərlə izah edir.
Guya beynəlxalq terrora qarşı mübarizə koalisiyasını yaradan Qərb dövlətləri əslində bu gün Suriya kimi başqa müsəlman ölkələrində də qırğınlar törədən terrorçu qruplarla əməkdaşlıq edir, onları silahlandırırlar. Ebola kimi virusların Afrikanın ən yoxsul ölkələrində yarandığını sübut etməyə çalışanlar daha təhlükəli “ikili standartlar virusu”nu “öz qazanlarında qaynadırlar.” Bu “virusu” yaradan isə “prinsipsiz siyasət”, başqa sözlə, ölkələrə ikili yanaşmadır. Çox təəssüf ki, Qərb rəsmiləri beynəlxalq aləmdə “ikili standartlar” sözünün işlənilməsindən ehtiyat edir bu termini “milli maraqlara zidd mövqe” ilə əvəzləyirlər. Əsasən müsəlman ölkələrinə, xüsusən Azərbaycanla, Türkiyəyə tətbiq olunan qərəzli hesabatların, bəyanatların qaynaqlandığı mənbə də ikili standartlar siyasətidir.
Məhz buna görədir ki, Azərbaycana qarşı aparılan təxribatların icra mexanizmi, qəbul olunan hesabatlar illərlə nəinki məzmunu, bir hərfi belə dəyişmədən yenidən bəyan edilir. Qətnamələrdə Dağlıq Qarabağın işğala məruz qalan deyil, “mübahisəli ərazi” kimi göstərilməsi işğalçıya dəstək, beynəlxalq hüquq normalarına etimadsızlıqdır.
Ermənistanın etnik siyasəti və torpaqlarımızın işğalı nəticəsində yaranan 1 milyon qaçqının hüquqlarını xatırlamayan “demokratlar” Azərbaycanda keçirilən mühüm tədbirlər zamanı mücərrəd “insan hüquqları”nı bəhanə gətirərək əsl həqiqətlərin aşkarlanmasından çəkinirlər. Yalanlarının, çirkablarının vicdanlarını ləkələməkdən belə qorxmurlar.
Xuraman İsmayılqızı, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır