04 may 2017 22:28
866

Azərbaycan mötəbər forumlara ev sahibliyi etməyə haqq qazanmış ölkədir

Dünyanın indiki siyasi-iqtisadi və hərbi böhranı dönəmində Prezident İlham Əliyev davamlı olaraq beynəlxalq aləmi sülhə və dinc-yanaşı yaşamağa səsləyən qlobal layihələrlə çıxış edir. Məhz bu xoş niyyətinin nəticəsidir ki, son 10 ildə Azərbaycanda 50-dək beynəlxalq sülh tədbirləri, mədəniyyətlər, sivilizasiyalararası dialoqlar, humanitar forumlar keçirilib. Bununla da  ölkəmizin başçısı dünyada geniş vüsət alan hərbi və siyasi münaqişələrin kökündə dayanan sivilizasiyalararası qarşıdurmaların danışıqlar yolu ilə, hərbsiz həllinin vacibliyini göstərmiş olur.

Bu, bir reallıqdır ki, xalqlar və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq həmişə ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən dini və milli azlıqların nümayəndələrinə xüsusi həssaslıqla yanaşmış, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirmişdir.

Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu Azərbaycan reallığında göstərərək böyük dövlətləri və siyasətçiləri dünyanın toqquşan maraqlarının deyil, qovuşan maraqlarının təminatçısı olmağa çalışmışdır.

Azərbaycan dövləti növbəti möhtəşəm beynəlxalq mədəni tədbirə ev sahibliyi etməkdədir. Belə ki, 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin yeni qlobal miqyaslı təşəbbüsüdür. Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.

Bu tədbirin ölkəmizdə keçirilməsini dəstəkləyən beynəlxalq təşkilatlar belə qənaətdədirlər ki, mədəniyyətlərarası dialoqların baş tutması üçün ən uyğun məkan məhz Azərbaycandır. Çünki Azərbaycan bu gün bir çox dinlərin və millətlərin tolerant mühitdə yaşadığı, multikulturalizm dəyərlərinin bərqərar olduğu ölkə kimi dünyaya gerçək nümunədir. Məhz belə bir ölkədə keçirilən beynəlxalq mədəniyyətlərarası dialoqların səmimiyyəti və bəşəriyyətə təsir imkanları geniş ola bilər.

Ekspertlər güman edirlər ki, Bakıda dördüncü dəfə təşkil edilən Forum öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevriləcəkdir. Eyni zamanda ölkəmizin təşəbbüsü ilə IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi planlaşdırılır. Məqsəd geosiyasi mühitdə bəşəriyyət üçün təhlükə yaradan məsələlərin həlli yönündə beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizmini daha işlək vəziyyətə gətirməkdir.

Diqqətçəkici məqamlardan biri də Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Həmçinin tədbirdə əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq.

Əslində, beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qarşıya qoyulan beynəlxalq əhəmiyyətli məsələlərin həlli üçün geniş imkanlar da mövcuddur. Çünki Forum öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və s. birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli  və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır. Yəni cəmiyyətlərdə nüfuzu və kəsəri olan siyasətçilərin, o cümlədən beynəlxalq təşkilat rəhbərlərinin bu Foruma qatılması onun əhəmiyyətinin böyük olduğunu sübüt edir.

Qeyd edək ki, Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Prezident İlham Əliyev Azərbaycanın mövcud mədəniyyətlərarası dialoq prosesindəki rolunu xüsusi vurğulamış və ölkəmizdəki tolerant düşüncə tərzini xalqın dünyagörüşü və milli adət-ənənələri ilə əlaqələndirmişdir: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir”.

Ən nəhayət, beynəlxalq mədəniyyətlərarası dialoqforumlarına ev sahibliyi edən Azərbaycan xalqı əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini qorumağı bacarmaqla, eyni zamanda, ümumbəşəri mütərəqqi dəyərlərə də sayğı və hörmətlə yanaşaraq ona tolerant münasibətini bildirir, dünya mədəniyyətinə öz töhfələrini verməklə müasirliyə və yeniliyə doğru irəliləyir.

Elçin Zaman, “İki sahil”