03 may 2017 23:47
740

Bəşəriyyəti narahat edən problemlər Bakıda müzakirə olunur

Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş, dərin elmi əsaslara söykənən uğurlu siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun  bu gün ölkəmizdə öz işinə başlaması bunun bariz nümunəsidir. Forumun tərəfdaşlarının UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlar da olması çox diqqətəlayiq haldır.

Xalqımızın çoxəsrlik tolerantlıq və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilmişdir. Daha əvvəl keçirilən forumların uğurlu nəticələri, ildən-ilə genişlənən, mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davaml inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə  inkişafını təmin etmək  və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə  öz töhfəsini verəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan hökumətinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi  ilə bağlı irəli sürdüyü təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq. Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə  yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və s. birləşdirir. Həmçinin müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli  və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır. Gündən-günə inkişaf edən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda hazırda bütün dünyanı narahat edən qlobal problemlərin müzakirə olunması respublikamızın planetimizin sülh və təhlükəsizliyinə, tərəqqisinə çox böyük töhfələr verdiyinin əyani sübutudur. Bu Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Burada mühüm məqamlardan biri də odur ki, Forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. Diqqəti cəlb edən məqam odur ki, ilk dəfə olaraq BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Təbii ki, dövlətimizin başçısı İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü ilə 2017-ci il 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi günlərdə biz jurnalistlərin üzərinə də böyük vəzifələr düşür. Belə ki, tədbirdə iştirak edən KİV təmsilçiləri yüksək fəallıq nümayiş etdirərək ölkəmizə gələn qonaqlardan respublikamızın bütün sahələr üzrə sürətli inkişafı, nümunəvi multikultural mühitin mövcud olması, sivilizasiyalararası dialoqun təmin olunmasında Azərbaycanın təşəbbüskar mövqeyi, Forumun qlobal əhəmiyyəti və bu kimi digər məsələlər haqqında müsahibələr təşkil etməli, rəy təkliflərini qələmə almalıdırlar. Medya mənsubları xüsusilə Forumun müsbət missiyası, ölkəmizin mütərəqqi imici və bu kimi mövzularda müzakirələrin aparılması üçün qonaqları analitik verilişlərə, xəbər və səhər proqramlarına dəvət edərək Azərbaycanın inkişaf, tərəqqi yolundakı gercəkliklərini, dünyanı narahat edən problemlərin həlli istiqmətində atdığı ciddi addımları, bu yolda irəli sürdüyü mühüm təşəbbüslərin qlobal əhəmiyyətini bütün dünyaya çatdırmalıdırlar.

Zahid Rza, “İki sahil”