03 may 2017 22:58
825

Qərbin ikili standartlarına qarşı Türkiyə qətiyyəti

Son illərdə dünyada baş verən hadisələrdən aydın olur ki, beynəlxalq münasibətlərdə artan gərginlik, hüquq normalarına etimadsızlıq, Qərb ilə Şərq arasındakı qarşıdurmalar, SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış ölkələrə fərqli münasibətlər bütünlükdə dünyada sülh və sabitliyin pozulmasına səbəb olur.

Siyasətçilər XXI əsri informasiya, sabitlik əsri adlandırsalar da hələ də davam edən münaqişələr, müharibələr, terror aktları, başqa dövlətlərin torpaqlarının işğalı ilə nəticələnən separatizm bərabərhüquqlu dialoq yolu ilə əməkdaşlığa kölgə salır.

Ötən illərin təcrübəsi də göstərdi ki, Qərb-Avropa işbirliyinin əsasını təşkil edən islamofobiya kimi təhlükəli meyillər qızışmaqdadır. Özlərinə yaxın bildikləri müsəlman ölkələrini belə məqamı gəldikdə əzib keçməkdən çəkinməyənlərin Mərakeşdə, Əlcəzairdə, Tunisdə, Misirdə... bir sözlə, Yaxın Şərqdə törətdikləri vətəndaş müharibələri, daxili çəkişmələr, dini təriqətlər arasındakı ixtilaflar nəticəsində bu ölkələrin varlığı belə təhlükə altına qoyuldu. “Qlobal lider” rolunda çıxış edənlərin təzyiq mexanizmi kimi ikili yanaşmanı “beynəlxalq standartlar hüququ” kimi qəbul etməsi ərazi münaqişələri, ölkədaxili çəkişmələr, dövlət çevrilişlərinə cəhdlərlə nəticələndi. Artıq belə bir fikir səslənir ki, güclü dövlətlərin təzyiq vasitəsi kimi istifadə etdiyi BMT belə öz funksiyasını icra etməkdə çətinlik çəkir. Bunu Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icrasında yaranan vəziyyət də təsdiqləyir. Həmin “güclülərin” bilərəkdən  müsəlman ölkələrində planlı şəkildə yaratdıqları qarşıdurmalar nəticəsində sayı artan miqrantlara qarşı ədalətsiz münasibət göstərən Avropa ölkələri də problemlərdən çıxış yolu axtarmaqda acizdirlər.

Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsindən öyrənmək istəməyən, islamofobiya və ksenofobiyadan təlaşa düşən avropalılar hələ də başqa dinlərə mənsub insanlara yuxarıdan aşağı baxmaqda davam edirlər. Şərqə, müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamofob və neomüstəmləkəçi meyillərin artması illərdən bəri qaçqın, köçkün problemini yaşayan müsəlman ölkələrini narahat edir.

ABŞ və Qərb dövlətlərinin İslam dünyasına qarşı düşmən münasibəti, demokratik standartların tətbiqi adı ilə Şərq ölkələrinin daxili işlərinə müdaxilə milyonlarla insanın fəlakəti ilə nəticələnir. Beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanan Qərb təşkilatlarının milli dəyərlərə, ölkələrin suverenliyinə zərbə olan, ikili standartlardan qaynaqlanan ədalətsiz mövqeyi AŞPA-nın Türkiyəyə qarşı münasibətində aydın göründü.

Bu gün Türkiyə ilə həmrəyliyini hər sahədə bildirən Azərbaycan 15 iyul hadisələrində olduğu kimi, Türkiyə ilə bağlı ayrı-seçkiliyə, tətbiq olunan ikili standartlara münasibətini bildirir. Çünki AŞPA illərdən bəri Azərbaycana qarşı da ədalətsiz mövqe sərgiləmiş, ölkəmiz ermənipərəst qüvvələrin təhriki ilə tətrib olunan “siyasi məhbus” məsələsində ikili standartlara məruz qalmışdır.

2016-ci ilin 15 iyulunda dövlət çevrilişinə cəhd zamanı və bu il aprelin 16-da keçirilən referendumda güclü Türkiyə naminə birləşən xalq belə dairələrə həmrəyliyi ilə dərs verdi. Dost ölkə rəsmilərinin haqlı olaraq verdiyi suallara cavab tapmayan Avropa 15 iyulda dövlət çevrilişinə cəhd hadisəsini anti demokratik hal adlandırmadı. Əksinə “fetöçülərlə”, terrorçularla həmrəyliyini hər məqamda bəlli etdi. Amma Türkiyədə keçirilən referendumu guya insan haqlarının pozulması kimi dəyərləndirən AŞPA öz prinsiplərinin əksinə olan biabırçı qətnamə qəbul etdi. Həmin AŞPA-da təmsil olunan dövlətlər ölkələrinə sığınacaq tapmaq üçün gələn qaçqınların bütün hüquqlarını tapdalayaraq  müsəlman miqrantlara “Stop” çağırışını həyata keçirərək qaçqınlara fiziki və cismani əzəb verməkdən zövq alırlar. Qardaş ölkədə davamlı olaraq törədilən teror aktlarını təbii qəbul edən Avropa dövlətləri Türkiyənin sərhədlərinin yaxınlığında -Suriyada baş verən hadisələrə susmaqla münasibət bildirirlər. Terrora qarşı mübarizəni gücləndirən Türkiyənin terrorçuların əsas sığınacaqları yerləşən Suriyada apardığı əməliyyatları başqa ölkənin daxili işlərinə müdaxilə adlandıran Avropa dövlətləri suriyalı qaçqın, azyaşlı Aylin Kürdinin dənizin dalğalarının kənara atdığı cəsədinə həqarətlə, rişxəndlə baxırdılar. Referendumun nəticələrini “Gülən camaatı”, terrorçu qruplar kimi Avropa dövlətləri də tanımadı. Referendum ərəfəsində Almaniyada, Hollandiyada, İsveçdə, Avstriyada türklərə qarşı polis vasitəsi ilə təzyiq göstərən, gözyaşardıcı qazdan istifadə edən, nümayişçi türkləri itin caynağına verən Avropa terrorçuların keçirdikləri aksiyanın təhlükəsizliyini qorudu, Türkiyə əleyhinə şuarlar səsləndirilməsinə imkan yaratdı. Dörd mindən artıq terrorçuya sığınacaq verən Almaniya müsəlman qaçqınların qarşısını tikanlı məftillər vasitəsi ilə aldı.

Avropa İttifaqı Türkiyə ilə illərdən bəri əməkdaşlıqla bağlı müzakirələr aparsa da son aylarda qonşu ölkədə baş verən terror hadisələrində də eyni ssenariləri hazırlayan Avropanın izi duyulur. Suriyadan gələn çoxmilyonlu qaçqın böhranını yaşayan, PKK-nın törətdiyi terror aktları ilə, Avropadan dəstək görən etnik separatizmlə baş-başa qalan Türkiyə hər cür təzyiqlərə tab gətirərək siyasi iradəsinin yenilməz olduğunu bildirir. Bəllidir ki, Qərbin məqsədi müsəlman ölkələrinin müstəqilliyinin, qüdrətlənməsinin, inkişafının qarşısını almaq, onları daxili çəkişmələrə sövq etməklə yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır. Beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanan Qərbin Azərbaycana, Türkiyəyə ögey münasibətinin əsasında da islam dünyasına rəqib baxışlar davamlı olub. Ancaq türk xalqının birliyi, həmrəyliyi 15 iyulda olduğu kimi, referendumda da bəlli oldu. Türkiyə artıq güclü, qüdrətli, dünya siyasətinə təsir imkanları yetərincə olan sivil, hüquqi dövlətdir. Azərbaycan və Türkiyə ilə təhdid yolu ilə danışmaq erası arxada qaldı. Dağılma prosesini yaşayan Avropa təsisatları daxillərində baş verən qopmaları pərdələmək üçün başqa dövlətlərə laxlayan gücünü göstərmək yolunu tutsa da əsil vəziyyət göz qabağındadır. Fransadakı prezident seçkilərində baş alıb gedən gərginliyi, polislə xalqın qarşıdurmasını, Ermənistanda keçirilən parlament seçkilərində baş verən kütləvi saxtakarlığı görməyən AŞPA Türkiyədə 51 faizdən artıq səslə nəticələnən “Əvət”i “insan hüquqlarının pozulması” kimi anlayırsa bunun bir adı var: qısqanclıq, paxıllıq və İslama qarşı dözümsüzlük.

Son zamanlar yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, o zaman avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya prosesi artan şovinizm və ksenofobiya nəticəsində məhv ola bilər. Bu gün Avropa ölkələrinin çoxsaylı rəsmi və qeyri-rəsmi nümayəndələri açıq etiraf edirlər ki, onlar Avropa İttifaqının, Şengen sazişinin, Avrozonanın mövcudluğunun əsaslarını şübhə altına alırlar. Əsl həqiqətdə isə beynəlxalq münasibətlər sistemində “Böyük dövlət”” və ya “Regional lider”” adı uğrunda mübarizə aparılır.

Bu siyasət isə ABŞ-ın maraqlarına uyğundur. ABŞ Avrasiya məkanında hər hansı bir dövlətin üstünlüyünə yol verməməyə çalışır. Keçmiş Yuqoslaviya məkanında baş verən hadisələr bunu təsdiqlədi. Bu diplomatiya ABŞ tərəfindən beynəlxalq normalara hörmətsizlik və təzyiq siyasətini açıq-aşkar nümayiş etdirən “qamçı və qoğal”” prinsipinə əsaslanırdı. Balkan böhranı ilə bağlı tarix sonra Ukrayna nümunəsində təkrarlandı. Başqa dövlətlərin siyasi maraqlarının qurbanı olan yerli əhali Aİ, ABŞ-dan hərbi, siyasi və ya iqtisadi dəstək almadı. Nəticədə daha bir gücsüz dövlət formalaşdı və kimlərinsə girovuna çevrildi. Bu “təcrübələrini” Türkiyədə tətbiq etmək istəsələr də niyyətlərinə çatmadıqları üçün əsası olmayan qətnamələrin qəbulu ilə üzləşdikləri biabırçılıqları ört-basdır etməyə çalşdılar. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, lazımsız kağız parçası olan belə qətnamələrlə türk xalqının birliyini sarsıtmaq olmaz.

Xuraman İsmayılqızı, “İki sahil”