28 aprel 2017 00:21
881

Daxili tələbatı yerli istehsal hesabına ödəmək əsas hədəflərdəndir

“Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev hədəflərin gerçəkləşməsində Regional İnkişaf proqramlarının əhəmiyyətini xüsusi qeyd edir. Ölkə Prezidenti 2004-cü ildə birinci proqramın qəbul edilməsinin tarixi hadisə olduğunu belə əsaslandırır:

“Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik.”

Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynayır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənir. Cənab İlham Əliyev ötən dövrdə əldə olunan sosial-iqtisadi göstəricələrə diqqət yönəldərək bildirir ki, görülən işlər, qazanılan uğurlar qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu əminlik də ifadə edilir ki, ölkəmizə daha çox valyuta gələcək, neftdən asılılıq azalacaq, iş yerləri yaradılacaq, sahibkarlıq sürətlə inkişaf edəcək: “Bax, budur, bizim əsas inkişaf konsepsiyamız... Biz artıq postneft dövründə yaşayırıq... Dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək.”

Neft gəlirlərindən səmərəli istifadənin nəticəsi mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsidir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasını şərtləndirən amillərdən biri məhz iqtisadi imkanların möcvudluğudur. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ünvanlı sosial yardım proqramı icra edilir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Həyata keçirilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə işsizlik və yoxsulluq problemləri öz müsbət həllini tapır. Hazırda yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial ədalət prinsipləri Azərbaycanda əsas rol oynayır, bazar iqtisadiyyatı prinsipləri inkişafımız üçün əsas alətdir. Dövlətimizin başçısının önə çəkdiyi reallıqlarımızdan biri də budur ki, Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin hər biri uğurlu sonluqla başa çatır. Vaxtilə BTC və BTƏ neft-qaz kəmərləri çoxlarına əfsanə kimi görünürdü. Amma bu gün Azərbaycan adları çəkilən, eyni zamanda onların davamı kimi gündəmə gətirilən layihələrin reallığa çevrilməsinə nail olmaqla təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir... Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik.”  

Əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, yaxın zamanlarda istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. “Dəmir İpək Yolu” adlandırılan bu layihə iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq.

 Bu reallıqlar fonunda qeyri-neft sektorunun inkişafının neft siyasətinin məntiqi davamı, ölkənin hərtərəfli inkişafı üçün əsas olduğu daha aydın görünür. Azərbaycanın dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxmasında da iqtisadiyyatın şaxələndirilməsi siyasəti əsaslı rol oynayır. Cənab İlham Əliyev bildirir: “Əlbəttə, bu gün də davam edən dünya iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.” Bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Qeyri-neft sektoru iqtisadiyyatın təxminən 65 faizini təmin edir. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Ölkə Prezidentinin vurğuladığı kimi, bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Amma bu gün dünyada şöhrət qazanan “Made in Azerbaijan” brendindən bəhs edirik.”

Bu uğurlara söykənərək qəbul olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda  davamlı inkişafa xidmət edən Strateji yol xəritələri qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gersəkləşdirilməsi üçün stimulverici amildir.

Yeganə Əliyeva, “İki sahil”