Dövlətlər, xalqlar arasında acı nəticələrini göstərməkdə olan və milli zəmində baş verən “fobiyalar” AŞPA-nın Türkiyəyə qarşı ədalətsiz münasibətində bir daha özünü göstərdi. AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədəki ədalətsiz və qərəzli qərarı bütünlükdə türk dünyasına, İslam aləminə qarşı yönələn ikili standartların nümunəsidir.
Ümumiyyətlə, Qərb təsisatlarının türk-müsəlman aləminə qarşı ikili standartlardan yanaşma siyasəti, islamofobiyadan istifadə hallarının davamlı olması, regional münaqişələr və müharibələrdən yaranan miqrantlara münasibətdən, terrora dəstək niyyətlərindən də bəlli olur. Məlum həqiqətdir ki, Şərq ölkələrində baş verənlər beynəlxalq münasibətlər sistemi üçün ən böyük təhlükə, ikili standartların qurbanına çevrilən insanların fəlakətidir.
Avropa İttifaqının, AŞPA-nın, ATƏT-in, Azərbaycan kimi digər türk dövlətlərinin müstəqilliyini, qüdrətlənməsini istəməyən dairələrin ölkəmizə qarşı zaman-zaman təzahür edən ədalətsiz münasibətləri də müsəlman ölkələrinin iqtisadi cəhətdən qüdrətlənməsindən yaranan təşviş, fobiyadır. Qlobal enerji layihələrinin reallaşmasında əsas tərəflərdən olan Türkiyə -Azərbaycan birliyinin möhkəmlənməsindən əndişələnən Avropa təsisatlarının iki qardaş ölkənin əleyhinə apardığı siyasətin nəticəsi olan bu kimi hallar başadüşüləndir.
Bütünlükdə region üçün əhəmiyyətli, qlobal enerji layihələrinin müəllifi, əsas tərəfdaşı, mühüm beynəlxalq forum və mədəniyyətlərarası dialoqların təşkili ilə seçilən hər iki ölkəyə qarşı təxribatların, qarayaxma kampaniyalarının mühüm hadisələr zamanı “çiçəklənməsinin” özü düşünülmüş, qərəzli kampaniyaların məqsəd və məramı olmaqla eyni mənbələrdən qaynaqlandığını da subut edir. Qısqanclıq yaradan digər amil isə Avropa və Asiyada iqtisadi tənəzzülün müşahidə olunduğu, dərin iqtisadi və maliyyə böhranının davam etdiyi indiki zamanda Azərbaycanın, Türkiyənin gözlənilən risklərdən daha az itki ilə çıxmalarıdır. AŞPA-nın qardaş ölkə ilə bağlı qərarı onu ifadə edir ki, Avropa təsisatlarında , o cümlədən AŞPA-da artan islomofob qüvvələrin müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yeni istiqamətlər üzrə davam edir. AŞPA-nın monitorqlərinin müxtəlif dairələrin mənafelərinə xidmət etməsi, qurumun Azərbaycana qarşı qərəzli münasibəti “ siyasi məhbus” məsələsində dəfələrlə müşahidə olunub. Leyla Yunus kimi xəyanətkarların saxta informasiyaları əsasında ölkəmizdə olmayan “ siyasi məhbus” siyahılarını tərtib etməklə ermənipərəst qüvvələrə xidmət edən və respublikamıza təzyiq vasitəsi kimi istifadə olunan Kristofor Ştrasser kimilərinin oyunları nəticəsiz qaldı. Qalib isə yenə də Azərbaycan demokratiyası oldu.
Azərbaycanın AŞPA-da təmsil olunduğu 16 ildə beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın separatçılıq siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan qurumun apardığı siyasətin əsas prinsipi işğalçıya bəraət qazandırmaqla Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək, zəbt olunmuş torpaqların Azərbaycandan qoparılması olmuşdur.
AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında “Türkiyədə demokratk təsisastların fəaliyyəti” adlı hesab layihəsinin müzakirəsi zamanı qardaş respublikanın ilk ölkə olaraq monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərarın qəbulu da demokratik yolla irəliləyən, regionda sabitliyin qorunmasına çalışan müsəlman ölkəsinə qarşı qərəzli münasibətin ifadəsidir.
Artıq tam mənası ilə demək olar ki, AŞPA demokratik prinsiplərə əsaslanan, əməkdaşlıq platforması deyil, qərəzli dairələrin mənafelərinə xidmət edən xəyanət məkanıdır. Bu baxımdan Azərbaycan xalqı Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin, islamofob dairələrin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməmiş və etməyəcəkdir. Türkiyədə keçirilən referendum ərəfəsində Almaniyada, Hollandiyada, Avstriyada və başqa Avropa ölkələrində qardaş ölkənin dövlət rəsmilərinə qarşı qeyri-səmimi rəftar AŞPA-da qəbul olunan qərəzli münasibətin başlanğıcı idi.
Azərbaycan Türkiyə ilə həmrəyliyini, strateji əməkdaşlığını dəfələrlə, əməli işi ilə subut edib. Bir müddət əvvəl Almaniyaya səfər edən Prezident İlham Əliyev dövlətimizin Türkiyə ilə əlaqələrinin möhkəmliyini qardaş ölkə ilə bağlı qərəzli qərar qəbul edən Bundestaqın parlamentarları ilə görüşməkdən imtina etməsi ilə bildirmişdi.
Onu da xatırladaq ki, I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan təxribat kampaniyasının davamı olan Xristian Demokrat və Xristian Sosial İttifaqları və Sosial Demokrat Partiyasının təşəbbüsü ilə Bundestaqda “ Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair tələblər” adlı qətnamənin qəbulu da ölkəmizin uğurlarına qısqanclıqdan yaranan qarayaxma kampaniyasının davamı idi.
Bu gün eyni münasibətin Türkiyəyə qarşı göstərilməsi müsəlman ölkələrinə və türk dünyasına qarşı qərəzli kampaniyaların səngimədiyini göstərir.
Azərbaycanla bağlı qərəzli qətnaməyə qarşı etirazını “Həmin Bundestaq Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu antiazərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Ona görə, Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik” sözləri ilə bildirən Prezident İlham Əliyev əlavə olaraq vurğulayır ki, Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası antiazərbaycan qətnaməsi qəbul edir: “Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər.””
Praqada keçirilən “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə Serj Sarkisyanın Türkiyənin əleyhinə səsləndirdiyi iddialara “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” sözləri ilə cavab verən Prezident İlham Əliyev qardaş ölkə ilə dostluğunun sarsılmazlığını qətiyyəti ilə bildirdi.
Çox təəssüf ki, İslam aləmi hazırda münaqişələr ocağına çevrilib. Qardaşlıq, bərabərlik dini olan İslama qarşı təhqir-böhtan kampaniyası aparılır. Avropada müsəlman miqratlara qarşı göstərilən təzyiqlərə, fiziki təsirlərə qarşı münasibətini “Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq” bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, belə qətnamələr konstruktiv deyil və haqlı mahiyyət daşımır. Maraqların çarpazlaşdığı bir zamanda belə Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən, qarşılıqlı münasibətlərin tarazlanmasına diplomatiyasının başlıca prinsipləri kimi sadiq qalan Azərbaycanın mövqeyi kimi, yeritdiyi siyasət də bəllidir. İslamofiyadan təşvişə düşən, antisemitizm, ksenofobiyanın çiçəkləndiyi, irqi ayrı-seçkiliyin şiddətləndiyi Avropa ölkələrində işsizlik səviyyəsinin 27 faizə yaxınlaşması, eyni zamanda insan hüquqlarının pozulması, yoxsulluq səviyyəsinin artması, nümayişlərin bütün ölkələri əhatə etməsi avropalı parlamentarları nədənsə narahat etmir. Amma, əksinə, bütün siyasi kampaniyaları saxtakarlıqla keçirən Ermənistana daim dəstək göstərilir. İqtisadi, inkişafı demirik, adi insan hüquqlarının qorunmadığı, miqrasiyanın, işsizliyin artdığı monoetnik dövlət olan Ermənistanın “sifarişli hesabatlarda” “demokratik ölkə” kimi göstərilməsi avropasayaq “ədalətin, humanizmin” iç üzü, demokratiyaya söyüş, təhqirdir. Belə ikili oyunları əks etdirən məqamlar isə istənilən qədərdir.
Birinci Avropa Oyunlarından 2 gün öncə AP-nin növbəti plenar sessiyasında “İdman, insan hüquqları və 2015 Bakı oyunları” adlı şifahi sual prosedurunun keçiriləcəyi barədə açıqlama heç də “ali məqsədlərdən” xəbər vermirdi. Azərbaycanın altı ay müddətinə AŞPA-nın Nazirlər Komitəsinə başçılığı ilə əlaqədar Strasburqda keçirilən iclasda məntiqli çıxışı, cavabları ilə hamını şoka salan Prezident İlham Əliyevin arqumentləri fobiyalardan qərəzli istifadə edənlərə sərt cavab oldu: “Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meyilləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyillər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir. Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik...Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq.”
Buna görə də Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Ölkəmiz region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, milli dövlətçiliyini daha da gücləndirməlidir.
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı tamamilə siyasi mahiyyət daşıyır. Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər.” AŞPA-nın Türkiyədə demokratik institutların fəaliyyətinə dair qəbul etdiyi qərara münasibətini bu sözləri ilə bildirən bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibəsində Avropa İttifaqına üzvlük məsələsində illərdən bəri müşahidə olunan qərəzli yanaşmaya da aydınlıq gətirib: “Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi hərəkət etməyib. Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar?! Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik.”
Avropa İttifaqında dağılma prosesinin baş verdiyini qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan Avropa təsisatlarına mesajlarını da bildirib: “Avropa İttifaqı bizə qarşı səmimi olmadığı üçün başqa çıxış yolları tapmağa məcburuq. Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir, iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər.”
Bəlli olan budur ki, qitə dövlətləri arasında “brexitlərə” meyillərin artdığı bir zamanda davam edən siyasi oyunlarda qalib gələn, referendumda həmrəylik nümayiş etdirən güclü, qüdrətli Türkiyə olacaq.
Xuraman İsmayılqızı, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır