Dövlətimizin başçısı İlham Əliyev bu reallığı hər zaman diqqətə çatdırır: “Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.”
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycana inamı artırmaqla yanaşı, investisiya axınını daha da sürətləndirdi. Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 200 milyard dollara yaxındır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası sərmayələrin həcminin artmasında stimulverici amil rolunu oynayır. Beynəlxalq Valyuta Fondunun bir neçə il bundan öncə irəli sürdüyü proqnoza əsasən, enerji layihələrinin uğurlu icrasından yaxın illərdə dövlət büdcəsinə 200-250 milyard dollar vəsait daxil olacaq. Bu gün dünya miqyasında perspektivi geniş təhlil olunan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəticəsində sərmayələrdə olacaq artım daha çox vurğulanır.
Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində də qeyd etmişdir ki, bugünkü tədbir sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi. Biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır.
Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan eyni zamanda iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq, investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyacaq.
2013-2023-cü illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyduğumuzu önə çəkən Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir. Dövlətimizin başçısı Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirmişdir: “Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbatı ödəməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir.”
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məqamların parametrləri reallığı əks etdirməklə, həlli yolları göstərilir. Qarşıya qoyulan hədəfə çatmaq üçün neft-qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcək, karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək, bu istiqamətdə aparılan işlər intensivləşdiriləcək. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar strukturu şəbəkəsi daha da təkmilləşdiriləcək, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət artırılacaq. Yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni istehsal obyektlərinin yaradılması istiqamətində daha səmərəli metodlar tətbiq olunacaq.
Statistikaya müraciət etsək görərik ki, ötən ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard dollardan çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard dollar dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard dollar məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları, yəni 72 faizi Azərbaycana aiddir. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib.
Bu uğurlarımız beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ən əsası bildirilir ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır. Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla maliyyə imkanlarını genişləndirməsidir. Dövlətimizin başçısı bildirir ki, imzalanan sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına yatırılan 200 milyard dollara yaxın sərmayənin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər.
Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. Bu baxımdan beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin, biznes forumların rolu xüsusi vurğulanır. Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu səbəbsiz yerə təqdir olunmur. Ölkəmizdə investisiyaların təşviqi mexanizminin işə salınması da qarşıya qoyulan məqsədə lazımi səviyyədə nail olmağa xidmət edir.
Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, iştirak etdiyi beynəlxalq tədbirlərin, eyni zamanda Azərbaycana edilən səfərlərin, ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdikləri mövzulara diqqət yetirsək, mövcud imkanlarımızın təqdimatına geniş şərait yaradıldığını inamla deyə bilərik. Ölkə Prezidentinin Fransaya səfəri zamanı iş adamları ilə keçirdiyi görüşü xatırlayaq. Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan bəhs edən cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, ölkəmizdə bu sahəyə investisiya yatırmaq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırdı. “Biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk” fikri ilə bu günün əsas çağırışını diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğulayır ki, gerçəkləşdirilən layihələr investisiya axınını sürətləndirir, növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir: “Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.”
Yeganə Əliyeva, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır